Azərbaycan - Mərkəzi Asiya strateji hədəflər: birlik, dostluq, qarşılıqlı fayda verən əməkdaşlıq

44 günlük Vətən Müharibəsindən sonra Azərbaycan təkcə regionda deyil, həm də daha geniş coğrafiyada yeni reallıqların formalaşmasında mühüm rol oynayan bir aktora çevrilir. Son üç ildə baş verən geosiyasi proseslər fonunda ölkəmizin bütün dünyada nüfuzu daha da artmış, etibarlı tərəfdaşa, aparıcı regional və beynəlxalq gücə çevrilmişdir. Reallıq ondan ibarətdir ki, bu gün Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı da durmadan artır. Ötən müddət ərzində bir çox beynəlxalq layihələrin həyata keçirilməsi, mühüm tədbirlərin təşkili prosesində də Azərbaycana göstərilən maraq bunu bir daha təsdiq edir. 

Belə ki, Azərbaycanın müxtəlif beynəlxalq tədbirlərə - Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin sammitinə, Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısına, Ərəb Dövlətləri Liqasının 6-cı Zirvə toplantısının plenar iclasına Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə, Avropa Siyasi Birliyinin sammitinə xüsusi qonaq qismində dəvət olunması ölkənin artan beynəlxalq nüfuzunun əyani sübutudur. Azərbaycan Respublikasının Prezident İlham Əliyevin Tacikistanda keçirilən Mərkəzi Asiya dövlət başçılarının 5-ci Məşvərət Görüşünə fəxri qonaq qismində dəvət olunması da bu önəmli dəvətlər sırasında xüsusi yer tutur. İlk dəfədir ki, bu regiona daxil olmayan ölkənin rəhbəri belə bir mühüm görüşdə iştirak edirdi. Bu, Azərbaycan dövləti başçısının şəxsi nüfuzunun, ölkəmizin beynəlxalq aləmdə sülhün və təhlükəsizliyin təmin edilməsi, əməkdaşlığın genişləndirilməsi sahəsində verdiyi töhfələrin yüksək qiymətləndirilməsinin nəticəsidir. Bunu Məşvərət Görüşünün iştirakçılarının çıxışlaından aydın görə bilərik. Məsələn, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev çıxışında xüsusilə vurğuladı ki, Prezident İlham Əliyevin Mərkəzi Asiya dövlət başçılarının 5-ci Məşvərət Görüşündə iştirakı xalqlarımızın çoxəsrlik dostluq tellərinin və qarşılıqlı anlaşmanın hərtərəfli möhkəmləndirmək üçün səmimi istəyindən xəbər verir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev isə bildirdi ki, dövlətimizin başçısının bugünkü tədbirdə iştirakı Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında əməkdaşlığın yüksək səviyyəsinin təsdiqidir.

Bunlar sıradan, adi sözlər deyil. Bu, Azərbaycanın həyat keçirdiyi siyasətin real nəticəsi, onun təkcə Cənubi Qafqazda deyil, həm də Mərkəzi Asiyada getdikcə artan rolunun etirafı idi. Xüsusi ilə qeyd etmək lazımdır ki, Rusiya-Ukrayna müharibəsinin böyük təsiri fonunda dünyada baş verən mürəkkəb və dinamik geosiyasi hadisələr beynəlxalq sistemdə dəyişiklik etməyə məcbur edir, təhlükəsizlik riskləri getdikcə ön plana çıxır və bu dövlətlərarası münasibətlərdə siyasi əlaqələrin qarşılıqlı etimad çərçivəsində inkişaf etdirilməsini tələb edir. Azərbaycan uzun müddətdir ki, özünü etibarlı tərəfdaş kimi, müstəqil xarici siyasət yürüdən uğurlu, iqtisadi cəhətdən qüdrətli dövlət kimi təsdiqləmişdir. Məhz buna görə də həm Avropada, həm də Mərkəzi Asiya ölkələrində Azərbaycana maraq və hörmət var. Bu mənada birləşdirici halqa kimi Azərbaycanın böyük rolu vardır. Həmçinin, Prezident İlham Əliyev artıq bir sıra irimiqyaslı layihələrin təşəbbüskarı və icraçısı olan qlobal siyasi xadimdir ki, onların bəhrəsini həm ölkəmiz, həm də bu layihələrə qoşulan bütün dövlətlər görür. Elə Tacikistanın paytaxtında keçirilən görüşlərin gündəliyinə siyasi qarşılıqlı fəaliyyətin gücləndirilməsi, davamlı iqtisadi inkişafın təmin edilməsi, humanitar əlaqələrin dərinləşdirilməsi, regional və ekoloji təhlükəsizliyə çağırış və təhdidlərə birgə cavab verilməsi məqsədilə əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələləri, regional və beynəlxalq problemlər daxil edilmiş və bu məsələlərlə bağlı fikir mübadiləsi aparılmışdır. Göründüyü kimi, son dərəcə vacib məsələlər müzakirə olundu. Beşinci Yubiley Məşvərət Görüşünün yekunlarına əsasən bir sıra mühüm sənədlərin qəbul ediləcəyi gözlənilir ki, bunlardan da başlıcası Mərkəzi Asiya dövlət başçılarının Birgə Bəyanatı olacaqdır. Və bu baxımdan Azərbaycan Prezidentinin regiondan kənarda sammitdə iştirak edən ilk dövlət başçısı olması əlamətdardır.

Bu gün Azərbaycanın xarici siyasətində türk dünyası və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq xüsusi yer tutur. Dövlətimizin başçısı çıxışında Mərkəzi Asiya ölkələri ilə dostluq və əməkdaşlıq məsələsinə bir daha toxunaraq dedi: “30 ildən artıqdır ki, biz müstəqil dövlətlər kimi həm ikitərəfli, həm də çoxtərəfli formatda fəal qarşılıqlı fəaliyyət göstəririk. bir-birinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləmək, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdirmək”.

Son bir ildə Azərbaycan Prezidenti İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə ardıcıl səfərləri diqqətəlayiq hadisədir. Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycan bu regionun dövlətləri ilə sıx əlaqələr qurdu. Bu əlaqələrin daha da inkişaf etdirilməsi təkcə Azərbaycan və Mərkəzi Asiya ölkələri üçün deyil, bütün türk dünyası üçün vacibdir. Prezident İlham Əliyev vurğuladı ki, Mərkəzi Asiya və Azərbaycan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı artan, dünya siyasətində strateji əhəmiyyətə malik vahid tarixi-mədəni coğrafi regiondur. Bu isə Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələrin inkişafı gələcək üçün yaxşı perspektivlər vəd edir. Bu gün Avropanın enerji təhlükəsizliyinə ciddi töhfə verən Azərbaycan özünü etibarlı ölkə, mühüm tranzit ölkəsi və Şərqlə Qərb arasında, o cümlədən Mərkəzi Asiya ölkələri üçün etibarlı tərəfdaş kimi təsdiqləyib və bu, öz enerji təhlükəsizliyini əhəmiyyətli dərəcədə artırır. strateji əhəmiyyət kəsb edir. Şərqlə Qərb arasında mühüm tranzit ölkəyə çevrilmiş Avropanın etibarlı enerji təchizatçısı kimi Azərbaycanın əhəmiyyəti daha da artacaq.

Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarlarına gedən yolda etibarlı tranzit ölkədir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Tacikistanda Mərkəzi Asiya dövlət başçılarının 5-ci Məşvərət Görüşündə çıxışı zamanı bir daha iştirakçıların diqqətinə çatdırdı. Dövlət başçısı əks istiqamətdə tranzitin vacibliyini də qeyd edib: “Mərkəzi Asiyadakı qardaşlarımız bilirlər ki, Azərbaycanın bütün nəqliyyat və logistika infrastrukturu onların üzünə açıqdır”.

İlham Əliyev çıxışı zamanı onu da qeyd etdi ki, ikitərəfli əməkdaşlığın mühüm meyarlarından biri qarşılıqlı ticarət və investisiyaların artmasıdır. Dövlət başçısı bildirdi ki, bu iki sahədə göstəricilər sabit artım nümayiş etdirir: “Ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 3 dəfədən çox artıb. Bu ilin 7 ayı ərzində artım daha 50 faiz artıb. Artıq birgə investisiya fondları yaradılıb və növbəti 3 ildə 1 milyard dollardan çox qarşılıqlı investisiyaların həcmi razılaşdırılıb. Biz artıq sənaye kooperasiyası, maşınqayırma, avtomobil sənayesi, gəmiqayırma və kənd təsərrüfatı, yəni pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində bir çox layihələr həyata keçiririk. Mehmanxana biznesi və turizm sahəsində investisiya layihələri həyata keçirilməsinin ilkin mərhələsindədir. Azərbaycanda bu yaxınlarda yaradılmış Ələt Azad İqtisadi Zonasına Mərkəzi Asiyadan olan şirkətlərin marağını görürük”.

Prezident Əliyev Mərkəzi Asiya ölkələrinin rəhbərlərinin diqqətini çatdırdı ki, Azərbaycanın Şərq-Qərb marşrutu ilə yükdaşımalara artan tələbatını ödəmək üçün Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsinə xüsusi önəm verir: Gələn il bu yolda yük axınının 1 milyon tondan 5 milyon tona çatdırılacağını deyən Azərbaycan dövlət başçısı bununla paralel olaraq Bakı ticarət limanının imkanlarının da bugünkü 15 milyon tondan 25 milyon tona qədər genişləndiyini vurğulayıb. ton təşkil edir. İlham Əliyev çıxışı zamanı qeyd etdi ki, Ölkələrimiz arasında əməkdaşlığın yeni sahəsi fiber-optik infrastrukturun yaradılmasına yönəlmiş və üzərində fəal çalışdığımız “Rəqəmsal İpək Yolu” layihəsidir.

Ümumiyyətlə, ölkəmizin dünyada rolu ancaq artır və bunu hamı görür. Bu gün Azərbaycan təkcə regionda deyil, həm də dünyada hörmət və nüfuz sahibidir. Azərbaycan Prezident İlham Əliyevin siyasi iradəsi, müdrikliyi, uzaqgörənliyi sayəsində öz mühüm strateji hədəflərinə doğru addım-addım irəliləyir. Bu hədəflər isə birlikdən, dostluqdan, qarşılıqlı fayda verən əməkdaşlıqdan keçir.

 

Milli Məclisin Komitə sədri, professor Hicran Hüseynova