Bu il Azərbaycan Milli Mətbuatının yaranmasının 150 illiyi qeyd olunur. 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin təşəbbüsü ilə “Əkinçi” qəzetinin nəşri ilə əsası qoyulan milli mətbuatımız, zamanla xalqımızın maariflənməsində, milli şüurun formalaşmasında, ictimai fikrin inkişafında əvəzsiz rol oynayıb. Mətbuat təkcə xəbər ötürücüsü deyil, həm də zamanın şahidi, cəmiyyətin aynasıdır.
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 150 illik yubiley dövlət səviyyəsində qeyd olunur. Yubiley münasibətilə mətbuat və informasiya sahəsində çalışan bir çox jurnalistlər təltif olunub, tədbirlər, konfranslar və forumlar təşkil edilib. Prezidentin Azərbaycan Milli Mətbuatının yubileyinə verdiyi dəyər, bu sahəyə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Dövlət başçısının mətbuatla bağlı çıxışlarında daim azad sözün, məsuliyyətli jurnalistikanın və milli maraqlara xidmət edən informasiya siyasətinin önəmi vurğulanır.
Prezident İlham Əliyev Şuşada keçirilən "Azərbaycan Milli Mətbuatının 150 illiyinə həsr olunmuş" Forumda qeyd edib ki, bu gün Azərbaycan mediası informasiya müharibəsində ön cəbhədə yer alır. Dövlətimiz müasir çağırışlara cavab verən, milli maraqları qoruyan, dezinformasiyalara qarşı dayanıqlı media qurumları yaratmaq istiqamətində mühüm addımlar atır. Bu, xüsusilə Vətən müharibəsi dövründə və postmüharibə mərhələsində daha da əhəmiyyətli olub.
Azərbaycan mətbuatı keçmişdən bu günə qədər bir çox sınaqlardan keçib – senzura, təzyiqlər, müharibələr, informasiya blokadaları... Amma heç bir dövr onun dirənişini sındıra bilməyib. Çünki bu mətbuat xalqın səsinə çevrilib, millətin ruhunu ifadə edib. Bu gün də sosial medianın, rəqəmsal platformaların artdığı bir zamanda klassik mətbuatın dəyəri hələ də qorunur və yaşamaqdadır.
Azərbaycan Milli Mətbuatının 150 illiyi sadəcə bir yubiley deyil, həm də hesabat və məsuliyyət günüdür. Bu gün medianın üzərinə düşən vəzifə daha da ağırdır – informasiya döyüşlərində həqiqətin səsini ucaltmaq, milli maraqlara xidmət etmək, etibarlı və şəffaf məlumatla cəmiyyəti maarifləndirmək.
Zaman dəyişsə də, mətbuatın missiyası dəyişmir: sözün gücü ilə həqiqəti demək, millətə xidmət etmək. Həsən bəy Zərdabidən başlayan bu yol, bu gün onlarla qəzetin, saytın, telekanalın, minlərlə jurnalistin çiynində şərəflə davam edir.
Mətbuatımızın bu şanlı yubileyi mübarək olsun!
Allahverdiyeva Leyla