Azərbaycan-Misir münasibətləri yeni inkişaf mərhələsinə yüksəlib

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Misir 1991-ci il dekabrın 26-da ölkəmizin müstəqilliyini tanıyıb və 1993-cü ildə qarşılıqlı diplomatik əlaqələrin yaradılması haqqında protokola əsasən Misirin Bakıda, 1994-cü ilin yanvarında isə Azərbaycanın Qahirədə səfirlikləri açılıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Misir hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən dövlətlərdən olmuşdur. İslam Konfransı Təşkilatı və digər beynəlxalq qurumlarda da Azərbaycan həmişə Misir nümayəndələrinin dəstəyini qazanmışdır.

1994-cü ilin sentyabrında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev BMT-nin Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransında iştirak etmək üçün Qahirəyə işgüzar səfər edib. Səfər çərçivəsində o, Misir Prezidenti Hüsnü Mübarəklə görüşüb. Görüş zamanı Azərbaycanla Misir arasında münasibətlərin möhkəmləndirilməsi və əməkdaşlığın yeni perspektivlərinin müəyyənləşdirilməsi istiqamətində çox mühüm məsələlər müzakirə edilib.

Ulu Öndər Heydər Əliyevin əlaqələri inkişaf etdirmək istiqamətində həyata keçirdiyi siyasətin nəticəsi olaraq 2005-ci il noyabrın 6-13-də Misirdə Azərbaycan və 2006-cı il noyabrın 20-28-də Azərbaycanda Misir mədəniyyət günləri keçirilib. Qeyd edək ki, Misir Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında əlaqələrin inkişafını da dəstəkləyir. Elə Ölkə Prezidenti cənab İlham Əliyevin həmin səfəri zamanı Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında əməkdaşlığın vəziyyəti, bu əlaqələrin genişləndirilməsi perspektivləri də müzakirə olunub, Liqaya üzv ölkələrin səfirləri ilə görüş keçirilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin iyunun 7-də Misir Ərəb Respublikasına rəsmi səfəri ölkələrimiz arasında münasibətlərin inkişafında yeni səhifə açdı. Bu səfərlə gələcəkdə yüksək səviyyədə olan əlaqələrin daha da inkişafının və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinin əsası qoyuldu. İkitərəfli münasibətlərin gündəliyində olan aktual məsələlərin müzakirəsi məqsədilə Azərbaycan və Misir prezidentlərinin görüşləri keçirildi. Səfər çərçivəsində imzalanan bir sıra sənədlər ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi üçün hüquqi bazanı daha da möhkəmləndirdi.

Görüş zamanı iki ölkə rəhbəri arasında keçirilən görüşlərdə yeni nəqliyyat dəhlizləri ilə əlaqədar fikir mübadiləsi də aparılaraq həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçdiyi, respublikamızın ərazisində bütün infrastrukturun yaradıldığı və beləliklə nəqliyyat-logistika sahəsində əməkdaşlıq üçün çox gözəl imkanlar açıldığı diqqətə çatdırıldı.

Ölkə prezidentlərinin görüşü zamanı ölkələrimiz arasında enerji, tikinti, sənaye, əczaçılıq, nəqliyyat və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu, hökumətlərarası komissiyanın növbəti iclasının Misirdə keçiriləcəyi bildirildi. Həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin imkanlarının artırılması, Misirin Türkiyənin Mersin limanı vasitəsilə bu xətdən istifadə edərək Mərkəzi Asiya ölkələri ilə iqtisadi-ticari əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olundu. Şimal-Cənub Nəqliyyat Dəhlizi və bu xüsusda əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.

Bütün bunlar onu deməyə əsas verir ki, hazırda Azərbaycan-Misir münasibətləri yeni inkişaf mərhələsinə yüksəlib və bu, hər iki xalqın milli maraqlarına cavab verir. İkitərəfli münasibətlərin inkişafı üçün böyük potensial var və qarşılıqlı səfərlər əməkdaşlığın sürətlə genişləndirilməsi baxımından mühüm imkanlar yaradır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Misirə indiki rəsmi səfəri də ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsini və bu istiqamətdə yeni uğurların əldə edilməsini şərtləndirir.

Riyad Rüstəmli - ADPU-nun rektor köməkçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru