Bu gün 107 illiyini qeyd etdiyimiz Azərbaycan Ordusu xalqımızın əzmini, dövlətimizin gücünü, torpağa bağlılığımızı və azadlıq ruhumuzu əks etdirən ən mühüm milli qüdrətin təcəssümüdür. Ordumuz bu illər ərzində çox çətin, lakin şərəfli bir inkişaf yolu keçmiş, 2020-ci ildə qazandığı Şanlı Qələbə ilə yalnız regionda deyil, bütün dünyada hərb tarixində mühüm iz qoymuşdur. Bu möhtəşəm Qələbəni bizə bəxş edən Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev başda olmaqla bütün zabit və əsgər heyətimizi təbrik edir, dövlətçiliyimizin qorunması naminə göstərdikləri fədakar və müqəddəs xidmətlərində uğurlar arzulayıram. Vətən uğrunda canını fəda etmiş şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm.
Tarix boyu Azərbaycan öz qəhrəman sərkərdələri və müdrik hərbi rəhbərləri ilə tanınıb. Girdman hökmdarı Cavanşir, azadlıq uğrunda döyüşən Babək, Şirvanşahların görkəmli nümayəndələri, Şəmsəddin Eldəniz, Qara Yusif, Uzun Həsən, Şah İsmayıl Xətai kimi dahilər xalqımızın hərbi istedadını və idarəçilik qabiliyyətini sübut edən canlı nümunələrdir. Yeni dövr tariximizdə də Bakıxanovlar, Şıxlinskilər, Cavadxanlar, Vəkilovlar, Cavanşirlər, Kəngərlilər kimi soy-kökünə, qeyrətinə sadiq ailələrdən çıxmış hərbçilər Azərbaycan adını qürurla ucaldıblar. Bu gün müasir Azərbaycan Ordusu, qalib dövlətin qalib ordusudur! Onun arxasında güclü dövlət, güclü xalq və dəmir iradə dayanır. Ordumuzun 107 illik tarixi, eyni zamanda Azərbaycanın dövlətçilik tarixinin, milli ruhunun və azadlıq əzminin təntənəsidir.
Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan edilməsindən sonra qarşıda dayanan əsas vəzifələrdən biri də müstəqil milli ordunun formalaşdırılması idi. 1918-ci ilin 26 iyun tarixində Milli Ordunun yaradılması Azərbaycan xalqının dövlətçilik iradəsinin, müstəqillik əzminin bariz ifadəsi oldu. Bu mühüm tarix bu gün ölkəmizdə Silahlı Qüvvələr Günü kimi qeyd olunur. Azərbaycanın ordu quruculuğu sahəsində əldə etdiyi böyük nailiyyətlər Ümummilli Lider Heydər Əliyevin adı ilə birbaşa bağlıdır. Sovet dövründə azərbaycanlı gənclər əsasən tikinti batalyonlarına göndərilir, döyüş hissələrindən uzaq tutulurdular. Bu siyasət azərbaycanlıların hərb sahəsində peşəkarlığının qarşısını almağa hesablanmışdı.
Lakin Ulu Öndər Heydər Əliyevin uzaqgörən və qətiyyətli siyasəti nəticəsində bu vəziyyət kökündən dəyişdi. 1970-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması, azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, həmçinin SSRİ-nin digər hərbi ali məktəblərinə qəbul olunması üçün şərait yaradılması hərbi kadr potensialımızın təməlini qoydu. Bu mühüm addımlar azərbaycanlı gənclərdə döyüş ruhunun, hərb sənətinə marağın artmasına səbəb oldu. Bu gün fəxrlə deyə bilərik ki, müstəqillik qazandıqdan sonra həmin məktəblərin yetirmələri müasir Azərbaycan Ordusunun formalaşmasında və ərazi bütövlüyümüzün qorunması uğrunda mübarizədə ön sıralarda dayanmışlar. Qarabağ döyüşlərində iştirak edən zabitlərimizin böyük əksəriyyəti – 70%-dən çoxu – məhz bu liseyin yetirmələridir. Bu, təsadüfi deyil. Çünki bu məktəb təkcə hərbi biliklərin deyil, həm də vətənə sədaqət, xalqına xidmət, əqidəyə sadiqlik kimi ali dəyərlərin aşılandığı bir ocaqdır.
1991-ci ildə Azərbaycan öz müstəqilliyini yenidən bərpa etsə də, ölkəmiz çox ağır və mürəkkəb bir dövrə qədəm qoydu. Hakimiyyətsizlik, siyasi çəkişmələr, idarəetmədə xaos, Silahlı Qüvvələrin iflic vəziyyəti, torpaqlarımızın işğalı və ən əsası – dövlətçiliyimizin itirilməsi təhlükəsi bu dövrün reallığı idi. Belə bir zamanda xalqın təkidli tələbi ilə 1993-cü ildə Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtdı və Azərbaycan Respublikasının Prezidenti seçildi. Məhz bu dönüş nöqtəsi ölkənin tarixində sabitliyin, inkişafın və milli dövlətçiliyin qorunub saxlanılmasının başlanğıcı oldu. Ulu Öndər Heydər Əliyev rəhbərliyə qayıtdıqdan sonra dövlətin bütün sahələrində olduğu kimi, ordu quruculuğu istiqamətində də dərin islahatlara başladı. Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin inkişafı üçün güclü təməl formalaşdı, nizami, intizamlı və mütəşəkkil bir ordu yaradıldı. Bu ordu dövlət müstəqilliyimizin və ərazi bütövlüyümüzün təminatçısına çevrildi. Birinci Qarabağ müharibəsi dövründə vətənpərvər və qəhrəman hərbçilərimiz olsa da, vahid komandanlıq sistemi, siyasi sabitlik və strateji yanaşma olmadığı üçün bu potensial tam reallaşa bilmədi. Lakin Ümummilli Liderin hakimiyyətə qayıdışı ilə Azərbaycan Ordusunda keyfiyyətcə yeni bir mərhələ başlandı. 1994-cü ildə Silahlı Qüvvələrimizin ildönümünə həsr olunmuş tədbirdə Ulu Öndərin dediyi kimi: “Bu gün biz cəsarətlə deyə bilərik ki, Azərbaycanın güclü Silahlı Qüvvələri var, Azərbaycanın qəhrəman Milli Ordusu var, Azərbaycanın dəyərli generalları, zabitləri var, Azərbaycanın mətin, qəhrəman, hazırlıq keçmiş əsgərləri var.” Heydər Əliyev hər zaman müasir və peşəkar ordu modelinin vacibliyini vurğulayırdı. 2001-ci ildə Azərbaycan Ali Hərbi Məktəbinin ilk buraxılışında etdiyi çıxışda Türkiyə Silahlı Qüvvələrini nümunə göstərərək deyirdi: “Azərbaycan əsgəri gərək hər şeydə türk əsgərinə bənzəməyə çalışsın.” Onun bu fikri, ordunun texniki və döyüş qabiliyyəti ilə deyil, Vətənə və millətə olan sədaqət ruhu ilə də güclü olmasının vacibliyini bir daha ortaya qoyurdu.Bu gün Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə – ərazi bütövlüyümüzün bərpası, məhz həmin uzaqgörən strategiyanın və milli ruhun təntənəsidir. Biz bu uğura, Ulu Öndərin qoyduğu möhkəm təməllər, Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi və rəşadətli əsgər və zabitlərimizin fədakarlığı sayəsində nail olduq. Tarixin sınaqlarından uğurla çıxmış Silahlı Qüvvələrimiz bu gün müasir çağırışlara cavab verə bilən, regionda sabitliyin və sülhün təminatçısı olan qüdrətli bir orduya çevrilmişdir.
Hazırda, Azərbaycan Ordusu sadəcə bölgənin deyil, beynəlxalq müstəvidə də tanınan və hörmətlə qarşılanan hərbi qüvvəyə çevrilib. Bu uğurun əsasında isə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin milli maraqlara əsaslanan prinsipial siyasəti və uzaqgörən qərarları dayanır. Məhz bu siyasətin nəticəsidir ki, qısa zaman ərzində Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusu statusunu qazanmışdır. Azərbaycan Respublikasının siyasi və iqtisadi sabitliyi, dinamik inkişafı hərbi sahədə həyata keçirilən islahatların ardıcıl və məqsədyönlü şəkildə davam etdirilməsinə əsaslı zəmin yaratmışdır. Ötən illər ərzində dövlət büdcəsinin prioritet istiqamətlərindən biri məhz müdafiə xərcləri olmuş, bu sahəyə ayrılan vəsaitin həcmi dəfələrlə artırılmışdır. Nəticədə ordumuzun maddi-texniki bazası gücləndirilmiş, müasir hərbi texnika və silahlarla təchiz olunması təmin edilmişdir. Ölkəmiz bir sıra xarici dövlətlərlə əməkdaşlıq çərçivəsində yüksək texnologiyalı silah və sursatlar əldə etmiş, eyni zamanda ölkə daxilində də hərbi sənaye sahəsinin inkişafına xüsusi önəm verilmişdir. Cənab Prezidentin Sərəncamı ilə 2005-ci ildə Müdafiə Sənayesi Nazirliyinin yaradılması bu istiqamətdə atılmış strateji addımlardan biri oldu. Bu gün Azərbaycan müasir hərbi təyinatlı məhsulların istehsalçısı kimi çıxış edir və bu sahədəki uğurlar beynəlxalq miqyasda da tanınır. Azərbaycanın öz hərbi məhsullarını istehsal etməsi Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin artırılmasına, eyni zamanda xarici asılılığın azalmasına mühüm töhfə vermişdir. Bu, ölkəmizin yalnız müdafiə qabiliyyətini artırmaqla kifayətlənmir, həm də regional və qlobal təhlükəsizlik mühitinə töhfə verən ciddi strateji üstünlükdür. Ümummilli Lider Heydər Əliyevin “Sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır” fikri bu gün də aktuallığını qoruyur. Cənab İlham Əliyev bu ideyanı praktik müstəviyə keçirərək müasir, çevik, peşəkar və yüksək mənəvi-psixoloji hazırlığa malik ordu formalaşdırmışdır. Vətən müharibəsi zamanı Azərbaycan əsgəri və zabiti göstərdikləri qəhrəmanlıq, peşəkarlıq və humanist davranışları ilə dünyanın hərb tarixində yeni bir nümunə yaratdı.Müstəqil dövlətin varlığı və onun davamlı inkişafı üçün güclü ordu mütləq şərtdir. Prezident, Ali Baş Komandan İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, sülhə nail olmaq üçün ilk yol hərbi güc, ikinci yol isə siyasi və iqtisadi təsir imkanlarıdır. Bu baxımdan, Azərbaycanın hərbi qüdrətinin artması yalnız milli təhlükəsizliyimizin deyil, eyni zamanda sülh və sabitliyin təminatı kimi çıxış edir.
44 günlük Vətən müharibəsi və 23 saat davam edən lokal xarakterli anti-terror əməliyyatı Azərbaycan Silahlı Qüvvələrinin gücünü, yüksək peşəkarlığını və döyüş hazırlığını bütün dünyaya bir daha nümayiş etdirdi. Ordumuz XXI əsrin müasir texnologiyalarına əsaslanan müharibəsini apararaq yeni döyüş strategiyaları ilə hərbi tarixə mühüm töhfələr verdi. Bu gün dünyanın aparıcı hərbi məktəblərində İkinci Qarabağ müharibəsində Azərbaycanın həyata keçirdiyi əməliyyatlar, əldə olunan qələbə, tətbiq olunan hərbi-taktiki yeniliklər dərindən öyrənilir. ABŞ, Böyük Britaniya, Almaniya və digər inkişaf etmiş ölkələr bu müharibənin müxtəlif aspektlərini təhlil edirlər. Rəşadətli ordumuz mürəkkəb relyef və çətin hava şəraitində yüksək hərbi bacarıq, müasir yanaşma və dəmir iradə nümayiş etdirərək düşmənin çoxsaylı istehkamlarını yararaq, işğal altında olan torpaqlarımızı qəhrəmanlıqla azad etdi. Vətən müharibəsinin uğurla başa çatdırılması ilə yanaşı, hərbi əməliyyatlar zamanı aşkara çıxan bəzi çatışmazlıqlar da Ali Baş Komandan cənab İlham Əliyevin birbaşa nəzarəti altında dərhal təhlil olunaraq, lazımi addımlar atıldı. Xüsusilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində keçirilmiş operativ müşavirələr müharibə zamanı çevik qərarların qəbulunda mühüm rol oynadı.Bu müharibə həm də hərbi texnika və silahlanmanın real döyüş şəraitində sınaqdan keçirildiyi önəmli mərhələ oldu. Cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi: “Bu döyüşlər bizim üçün böyük təcrübədir. Biz gördük ki, hərbi arsenalımızda olan bəzi silahlar bəzi hallarda müasir döyüşlərdə o qədər də lazım olmur. Əksinə, biz bu gün yüksək texnoloji mərhələyə qədəm qoymuşuq və əlbəttə ki, texnologiyalar, peşəkarlıq böyük dərəcədə hər bir ordunun uğurunu təmin edir.” Bütün bunlarla yanaşı, müharibənin ən böyük Qalibi – qəhrəman Azərbaycan əsgəri və zabitidir. Onlar Vətən uğrunda canlarından və sağlamlıqlarından keçərək, xalqımıza qələbə sevinci yaşatdılar. Bu gün də torpaqlarımızın müdafiəsində fədakarcasına xidmət edən hərbçilərimiz, qazilərimiz və şəhid ailələri dövlətimizin daim diqqət mərkəzindədir. Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva onların sosial rifahı, mənzil və tibbi təminatı, reabilitasiyası istiqamətində mühüm işlər görürlər. “YAŞAT” Fondu, Heydər Əliyev Fondu və digər ictimai qurumlar da bu işdə xüsusi rol oynayır.
Bizi bu Zəfərə aparan yol şəhidlərin qanı, qazilərin əzmi, Azərbaycan Ordusunun və xalqımızın birlik və bərabərliyi ilə mümkün oldu. Bu gün hər birimiz başa düşürük ki, işğaldan azad edilmiş torpaqlarda üçrəngli bayrağımızın dalğalanması, ərazi bütövlüyümüzün təmin olunması şəhidlərimizin və qazilərimizin bizə əmanətidir. Ali Baş Komandanı, Prezident İlham Əliyevin dediyi kimi: “Biz bundan sonra qürur hissi ilə yaşayacağıq - müzəffər xalq, güclü dövlət, yenilməz ordu və güclü iradə sahibi kimi”. Qalib xalqın vətəndaşı, qalib Ordunun əsgəri olmaq böyük şərəf və məsuliyyətdir!
Yaşasın Azərbaycan Ordusu!
Yaşasın Müstəqil Azərbaycan!
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova