Məlum olduğu kimi, Azərbaycan və Pakistan arasında çoxşaxəli münasibətlər mövcuddur. İki ölkə arasındakı yaxın və səmimi əlaqələr mədəni irs, qlobal və regional məsələlərlə bağlı sərgilədikləri birgə münasibət və beynəlxalq forumlarda əməkdaşlıqla xarakterizə olunur. Xatırladaq ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir.
Ümumiyyətlə, iki dövlət arasında münasibətlərin inkişafına Ümummilli Lider Heydər Əliyev böyük xidmətlər göstərib. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələrdə davam etdirilir.
Cari ilin 15 iyun tarixində Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana rəsmi səfəri mövcud münasibətlərin və tərəfdaşlığın möhkəmlənməsi və iki ölkə arasında hərbi-siyasi əlaqələrdə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Ölkə prezidentlərinin birgə bəyanatı zamanı bu mövzuya toxunan Ölkə başçısı cənab İlham Əliyev bildirmişdir: “Müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri genişlənməlidir. Birgə hərbi təlimlərin sayının artırılmasına ehtiyac var. Çünki dünyada vəziyyət dəyişir, qeyri-sabitlik nöqtələri artır, ona görə də güclü hərbi potensial müstəqilliyin və ərazi bütövlüyünün qarantıdır”.
Qeyd etmək lazımdır ki, Pakistan hər zaman Azərbaycanın haqq işini dəstəkləyib və bu günədək də Ermənistanla diplomatik əlaqələr qurmayıb, onu dövlət kimi tanımayıb. Birgə bəyanat zamanı Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif bir daha bu məqamın üzərində dayanaraq demişdir: “Pakistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Biz Azərbaycanın Qarabağ üzərində hüququnu hər zaman birmənalı şəkildə dəstəkləmişik”.
Ölkə başçısı cənab İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Pakistanın Azərbaycana davamlı dəstəyinə görə minnətdarlığını ifadə edərək Azərbaycan bütün məsələlərdə və Kəşmir məsələsində həmişə Pakistanı dəstəklədiyini qeyd etmişdir: “Azərbaycan Pakistanı Kəşmir məsələsində hər zaman dəstəkləyib. Bu dəstək davam edəcəkdir. Biz bütün beynəlxalq təşkilatlarda bu dəstəyi və həmrəyliyi nümayiş etdiririk. Qarşılıqlı dəstək bizim ölkələri və xalqları daha da yaxınlaşdırır”.
Göründüyü kimi, Azərbaycan-Pakistan münasibətləri dostluq və qardaşlıq prinsipləri üzərində qurulub. Azərbaycan da bütün məsələlərdə Pakistanın mövqeyini müdafiə edir. Hər iki dövlət bir çox beynəlxalq platformalarda eyni maraqlardan çıxış edərək öz fəaliyyətlərini koordinasiya edir, bir-birini müəyyən məsələlərdə qeyd-şərtsiz dəstəkləyirlər. İki dost dövlət müdafiə, enerji, infrastruktur layihələrinin icrası, informasiya texnologiyaları, səhiyyə və əczaçılıq, tekstil və farmakoloji preparatlar, xüsusilə bütün mümkün domenlərdə birgə müəssisələrin qurulması və digər sahələrdə əməkdaşlıq edirlər.
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana rəsmi səfəri bütün bu əməkdaşlıqların möhkəmlənməsinə daha bir töhfə olacaqdır.
Reyhan Ağayeva - Kimya və biologiya fakültəsinin dekanı, kimya üzrə fəlsəfə doktoru, dosent