Bu gün Azərbaycan polisi yaranmasının 106-cı ildönümünü və peşə bayramını qeyd edir. 1918-il iyulun 2-də yaradılan Daxili İşlər Nazirliyi qısa müddət ərzində dövlətin möhkəmlənməsi, sabitliyin qorunmasında mühüm işlər həyata keçirdi.
Möhkəm nizam-intizama, yüksək peşəkarlığa malik polis sistemi məhz Ulu Öndər Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi 1970-1980-ci illərdə formalaşdırdıldı. Həmin dövr daxili işlər orqanlarında ciddi islahatlar həyata keçirildi və polisin fəaliyyət tarixində əsaslı dönüş mərhələsi oldu. 1988-ci ildə Ermənistanın
Azərbaycana qarşı hərbi təcavüzü başlayanda düşmənin qarşısına çıxan ilk nizami qüvvə milis dəstələri və Daxili Qoşunların şəxsi heyəti idi. Birinci Qarabağ müharibəsində 1700-ə yaxın polis əməkdaşı və hərbi qulluqçu şəhidlik zirvəsinə ucaldı, 1710 nəfər isə yaralandı. Göstərdikləri igidliyə görə 67 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına, 1143 nəfər orden və medallara layiq görüldü.
Ulu Öndərin 1998-ci ildə imzaladığı Fərmana əsasən iyulun 2-nin “Azərbaycan polisi günü” elan edilməsi onun daxili işlər orqanlarına verdiyi dəyərin təsdiqi idi.
Prezident İlham Əliyevin hakimiyyəti dövründə Daxili Qoşunların döyüş hazırlığının yüksəldildi, müasir silah və texnikalar alındı, şəxsi heyətin sosial müdafiəsi gücləndirildi.
Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərdə polis orqanları əməkdaşlarının və hərbi qulluqçularının böyük xidmətləri olub. Çətin döyüş tapşırıqlarını uğurla yerinə yetirən Daxili Qoşunların xüsusi təyinatlıları düşmənin yüzlərlə canlı qüvvəsini və döyüş texnikasını məhv edərək qəhrəmanlıq tarixi yazdılar. Vətən Müharibəsində Daxili Qoşunların şəxsi heyətindən 66 nəfər şəhid olub, 346 hərbi qulluqçu isə yaralanıb. Daxili Qoşunların əməkdaşlarından 1690 nəfər Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla müxtəlif orden və medallara, o cümlədən 4 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.
Xankəndi şəhəri və ona yaxın ərazilərdə yerləşmiş
Ermənistan ordusunun qalıqlarının basdırdığı minaların ötən il sentyabrın 19-da partlaması nəticəsində daha 6 nəfər, o cümlədən polis əməkdaşlarımız həlak olub. Həmin gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin başladığı lokal xarakterli antiterror tədbirləri zamanı qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsində polis əməkdaşları yüksək peşəkarlıq göstəriblər. Antiterror əməliyyatı zamanı DİN-in 20 əməkdaşı şəhidlik zirvəsinə yüksəlib.
Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə müvəqqəti komendantlıqların fəaliyyətinin təşkilinin DİN-ə həvalə edildi. Bu gün ölkəmizin bütün ərazilərində olduğu kimi Qarabağ və Şərqi Zəngəzurda üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələn daxili işlər orqanlarının əməkdaşları göstərilən etimadı doğrultmaq üçün 24 saat xidmət aparırlar.
Müzəffər Ali Baş Komandanın istənilən döyüş tapşırığını yerinə yetirməyə qadir olan Azərbaycan polisi ölkəmizdə sabitliyin, ictimai asayişin keşiyində qətiyyətlə dayanır. Azərbaycan polisi peşəkarlığına görə təkcə regionun deyil, bir sıra MDB və aparıcı Avropa ölkələrinin təhlükəsizlik orqanlarından öndədir.
Polislərimizin sayəsəində Azərbaycan və onun paytaxtı Bakı dünyanın ən təhlükəsiz məskəni hesab olunur.
İltizam Yusifov,
Milli Məclisin deputatı