Azərbaycan Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçib

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü ilə digər sahələrdə olduğu kimi, ölkənin enerji təminatının yaxşılaşdırılması istiqamətində də mühüm işlər görülür, elektrik enerjisi sahəsində infrastrukturun təkmilləşdirilməsi istiqamətində layihələr uğurla icra edilir. İqtisadi inkişaf sahəsində öz dəst-xətti olan Azərbaycanın regionda lider olduğunu göstərən daha bir məqam ölkəmizin elektrik enerjisi sferasında da əsas ixracatçı statusunu daşımağa başlamasıdır. Sürətli iqtisadi inkişaf tempinə görə dünya ölkələri sırasında liderliyini qoruyan Azərbaycan qlobal maliyyə böhranının təsirlərindən ən effektiv şəkildə müdafiə olunması baxımından da gözəl bir nümunənin əsasını qoyub.
Müstəqillik dövründə ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində qısa müddət ərzində böyük nailiyyətlər əldə olunub. Son illər ərzində əsaslı dəyişiklərə nail olunub. Müstəqilliyimizin ilk illərində ölkənin enerji gücü çatmırdı. Mövcud olan stansiyalar yararsız vəziyyətdə idi və yeni stansiyaların tikilməsinə vəsait yox idi, Azərbaycan elektrik enerjisini Rusiyadan idxal edirdi. Təbii qazla bağlı qıtlıq var idi, bölgələrdə, ümumiyyətlə, qaz yox idi və neft hasilatı kəskin düşmüşdü. Bu gün isə Azərbaycan dünya miqyasında bütün bu enerji komponentlərinin inkişafına görə qabaqcıl ölkələrdəndir.
Məlum olduğu kimi, Azərbaycan neçə illərdir elektrik enerjisinə olan tələbatını daxili istehsal hesabına təmin edir. Bununla yanaşı, bir sıra region ölkəsinə - Rusiya, Gürcüstan, Türkiyə və İrana elektrik enerjisi ixrac edir. O da məlumdur ki, Avropada enerjiyə olan tələbat sürətlə artır. Baxmayaraq ki, Avropa ölkələri müxtəlif alternativ enerji mənbələrindən geniş istifadə edirlər. Ancaq sənayenin inkişafı və digər faktorlar Avropanın enerjiyə olan tələbatını artırır. Bu da enerji daşıyıcılarının idxalını artırır. O baxımdan Avropanın enerji təhlükəsizliyində Azərbaycan strateji olaraq iştirak edəcək. Söhbət ondan gedir ki, təkcə neft və qaz Avropa bazarına ixrac edilməyəcək. Eyni zamanda, elektrik enerjisinin də ixracı istisna olunmur. Çünki ölkəmizdə yerli və xarici investorlar hesabına həyata keçirilən bir sıra layihələr istehsalın daha da artmasına gətirib çıxaracaq. Bu isə öz növbəsində daxili tələbatı ödəməklə yanaşı, daha çox elektrik enerjisi ixrac etməyə imkan verəcək
Son illər Azərbaycanda energetika sahəsində aparılan islahatlar hər bir investor üçün önəmli rol oynayır. Azərbaycanda xarici investisiyaların qorunması da ən yüksək səviyyədədir. Cənab Prezidentin dediyi kimi, xarici investorlar yaxşı bilirlər ki, bizim sözümüz imzamız qədər qiymətlidir və dəyərlidir.

İbrahim Kərimov,
YAP Sabirabad rayon təşkilatının əməkdaşı