ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunun xüsusi əhəmiyyəti var. İlk növbədə dünyanın tanınmış siyasətçiləri, nüfuzlu beynəlxalq institutların, beynəlxalq beyin mərkəzlərinin nümayəndələri, siyasi icmalçıları, konfliktoloqları 30 ilə yaxın davam edən Erməni işğalının bariz nümunələrini, onların törətdikləri humanitar, ekoloji terroru və eyni zamanda, Azərbaycanın qısa müddət ərzində Qarabağ və Şərqi Zəngəzurda apardığı quruculuq işlərini, öz tarixi və doğma ata-bab yurduna dönən vətəndaşlarımız üçün yaradılmış imkanları şəxsən, əyani surətdə görürlər. Əlbəttə ki, müqayisə göz qarşısındadır. Bu çox mühüm təbliğat formasıdır. Digər tərəfdən, isə ölkə başçısının gərgin iş rejiminə baxmayaraq, saatlarla Ermənistanın işğalçılıq siyasəti, Azərbaycanın münaqişənin həlli yolunda apardığı haqlı və ədalətli mübarizə, hazırda yaratdığı reallıq, bu reallığın qəbul edilməsi, Ermənistanın havadarlarının Azərbaycana etdikləri təzyiq, dövlətimizin beynəlxalq arenadakı nüfuzu, dünyanın yeni nizamı, Azərbaycanın geosiyasi proseslər fonunda nümayiş etdirdiyi mövqe və digər mühüm suallara verdiyi çox ətraflı və əsaslandırılmış cavablar hər kəsin maraq dairəsindədir. Və bunu da qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin fikirləri həm daxili, həm də beynəlxalq auditoriya üçün vacibdir.
Bu gün Azərbaycanın gündəmində olan əsas məsələ Bakı ilə İrəvan arasında hərtərəfli sülh müqaviləsi bağlamaq yolu ilə Ermənistan-Azərbaycan münaqişəsinin məntiqi yekunlaşmasıdır. Azərbaycan bir vaxtlar itirdiyi əraziləri artıq geri qaytarmış, onlar üzərində suverenliyini bərpa etmişdir. Qalır sülh müqaviləsinin imzalanması. Gələcək sazişin mətninin razılaşdırılması prosesi Bakının istədiyi qədər dinamik olmasa da, irəli gedir. Bu, Ermənistan cəmiyyətində hələ də 2020-ci ilin 44 günlük müharibəsinin və bu ilin sentyabrında Azərbaycanın Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirlərinin nəticələrini qəbul etməkdən imtina edən nüfuzlu qrupların olması ilə izah olunur. Eyni zamanda, Cənubi Qafqazda ədalətli sülh yaratmaq istəməyən ayrı-ayrı dövlətlər tərəfindən də İrəvana düzgün olmayan yollar təklif edilir. Azərbaycan Ermənistana sülh əlini uzatdığı bir vaxtda, bu dövlətlər və bəzi beynəlxalq təşkilatların funksionerləri İkinci Qarabağ müharibəsindən sonra regionda formalaşmış obyektiv reallığa məhəl qoymadan erməni cəmiyyətindəki revanşist qüvvələrin maraqlarından çıxış edirlər.
Prezident İlham Əliyev sülh prosesi ətrafında gedən proseslərin maraqlı təfərrüatlarından danışarkən, eyni zamanda, Azərbaycanın bu prosesə münasibətini açıqladı. Forumda çıxış edən dövlət başçısı bildirib ki, Ermənistanda bir daha revanşizm cəhdlərinin olmayacağına dair Azərbaycanın möhkəm təminatlara ehtiyacı var: “Çünki biz Ermənistanda nə baş verdiyini bilirik. Biz həmçinin bilirik ki, Ermənistanın bəzi Avropa paytaxtlarında çoxlu pis “məsləhətçiləri” var”. “Biz istərdik ki, iki ölkə arasında ümumiyyətlə müharibə olmasın. Bunun üçün də təminatlar olmalıdır”. O, qeyd edib ki, beynəlxalq ekspertlər də iki ölkə arasında imzalanacaq sülh sazişini ətraflı öyrənməlidir. Azərbaycan 30 ildən artıqdır ki, işğal altında olmasına, ərazilərimizin tamamilə dağıdılması, etnik təmizləmə və çoxlu əzab-əziyyətlərə baxmayaraq, vasitəçilərlə deyil, birbaşa Ermənistana uzatdı. Bu çox vacib məsələdir. Qalib dövlət özü sülh üçün müraciət edir. Təkcə bu faktın özü Azərbaycanın regionda sülh və təhlükəsizliyin təmin olunmasında nə qədər maraqlı olmasını təsdiqıləyir.
Azərbaycan lideri bəyan edib ki, Qarabağ münaqişəsinin həllindən sonra respublika bir sıra beynəlxalq problemlərlə üzləşib ki, bunun da kökündə Bakının tərəfdaş hesab etdiyi bəzi ölkələrlə müəyyən anlaşılmazlıq dayanıb. “Biz öz mövqeyimizi onlara çatdırırıq və beynəlxalq hüququn bütün ölkələrə eyni tətbiq olmasının vacibliyini vurğulayırıq. Bu, seçici olmamalıdır, onun həyata keçirilməsi hamı üçün məcburidir”, - deyən İlham Əliyev Azərbaycanın BMT Nizamnaməsi ilə ona verdiyi özünümüdafiə hüququndan istifadə edərək bütün məsələləri həll etdiyini, bölgədə sülhü hərbi yolla bərqərar etdiyini vurğulayıb. deməkdir. “Təəssüflər olsun ki, biz tərəfdaş hesab etdiyimiz bəzi ölkələr tərəfindən anlaşılmazlıq görürük və biz mövqeyimizi izah etməyə çalışırıq. Həm də izah edirik ki, beynəlxalq hüququn normaları hər kəs üçün mütləqdir və selektiv yanaşmaya yol vermək olmaz. Azərbaycan etdiyini BMT Nizamnaməsinin özünümüdafiə ilə bağlı 51-ci maddəsinə uyğun olaraq edib. Bu, beynəlxalq hüquqa əsasən olunub və istənilən ölkə kimi Azərbaycanın da suveren hüququ var ki, ərazisinə tam nəzarət etsin”.
Dövlət başçısı Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrelin aşkar qərəzli mövqeyi ilə bağlı da danışıb: “ Bununla belə, deyərdim ki, cənab Borrelin son bəyanatı tamamilə faydasızdır. Onun Qarabağı tərk etmiş 150 min erməni ilə bağlı dünənki açıqlaması yalandır. Təəssüf edirəm ki, belə bir təcrübəli avropalı diplomat yalan danışır. Hətta ermənilərin özləri Qarabağı tərk edənlərin 150 min yox, 100 min olduğunu deyirdilər. Əgər cənab Borrel bir ay ərzində belə davam etsə, 200 min olacağını söyləyəcək. Bu, onun gördüyü yuxulardan asılı olacaq. Amma yenə də nəinki rəqəmlərlə olan bu manipulyasiya, heç bizim etmədiyimiz bir şeylə bağlı Azərbaycana qarşı ittihamlar da qətiyyən yolverilməzdir. Xüsusən də qəribədir ki, onun ölkəsi bizim Xarici İşlər Nazirliyinin də artıq elan etdiyi kimi, separatizmdən əziyyət çəkib. Bəs o, separatçıları necə müdafiə edə bilər? Bu, çox qəribədi”. Təəssüf ki, belə insanlar var. Deyərdim ki, Avropada liderlər arasında cənab Borrel, xanım Metsola kimi populist insanlar var. Ancaq Azərbaycanın Avropa üçün əhəmiyyətini unudurlar. Onlar unudurlar ki, Rusiyadan tədarükün kəsilməsinə görə keçən il Avropa İttifaqı Azərbaycandan Avropa üçün daha çox qazla kömək göstərməsini necə xahiş edib və ölkə başçı buna necə cavab verdi? Onlar unudurlar ki, əgər Mərkəzi Asiyada fəal olmaq istəyirlərsə, Azərbaycandan necə yan keçə bilərlər? Cənab Prezidentin dediyi kimi: “Orta Asiya ölkələri ilə İran vasitəsilə əlaqə quracaqlar, yoxsa Rusiya vasitəsilə? Yoxsa qanadları var? Ona görə də bu bəyanatları verməzdən əvvəl bu barədə düşünməlidirlər”. Bu cür məsuliyyətsiz və avantürist açıqlamalar Avropanın özünə daha çox zərər vurur.
Azərbaycan lideri fransalı həmkarı Emmanuel Makronun qərəzli, qəti şəkildə ermənipərəst mövqeyinə də toxunub: “Təəssüflər olsun ki, bir həftə sonra Fransa Prezidenti televiziyaya verdiyi müsahibələrindən birində Azərbaycanın ünvanına və bizim gördüyümüz işlər barəsində müəmmalı və qəbuledilməz sözlərdən, ifadələrdən istifadə etdi. Biz nə etmişik ki? Beləliklə, özünü prosesdən ayırdı. Bizim mövqeyimiz tam aydındır - əgər siz neytrallığınızı itirirsinizsə, artıq vasitəçi ola bilməzsiniz, bu şansı əldən buraxırsınız. Biz ölkələrə tərəf tutmamaq üçün təsir edə bilmərik. Bunun müxtəlif səbəbləri var. Bu halda artıq vasitəçi olmaq şansı əldən buraxıldı. Biz rəsmən bəyan etdik, artıq münasib hesab etmirik ki, Fransanın hər hansı bir nümayəndəsi Ermənistanla Azərbaycan arasında normallaşma prosesində iştirak etsin. Buna görə, bu məxsusi səbəbə görə mən Qranadaya getmədim. Lakin Qranadadan əvvəl Kişineu var idi. Kişineuda Almaniya Kansleri Olaf Şolts da iştirak edirdi. Mən xatırlayıram, o dedi ki, “bizə ehtiyacınız olarsa, müraciət edin”. Əslində, bu, çox müdrik yanaşmadır. Kimsə istəmədiyi halda sən özünü necə vasitəçi olmağa məcbur etdirə bilərsən?”
Eyni zamanda, dövlət başçısı “məqsədimiz Ermənistanın ərazisini işğal etmək deyil” deyərək, bir daha Azərbaycanı günahlandırmağa çalışan dairələrin təxribatçı ideyalarını dağıtdı: “Əgər biz bunu etmək istəsəydik, edərdik. Mən sizə əmin, açıq və bütün nöqteyi-nəzərindən söyləyə bilərəm ki, bu, böyük problem deyil. Bir gün ərzində onlar Qarabağda təslim oldular və bayrağımız Xankəndidə ucaldı. Bir sözlə, biz yenidən həmin tədbirləri görmək istəmirik və fakt ondan ibarətdir ki, əgər biz bu addımı atmırıqsa, demək, mən dediklərim düzdür. Lakin, eyni zamanda, biz istəyirik ki, gələcəkdə Azərbaycana potensial risk yaranmasın”- deyən Azərbaycan Prezidenti, eyni zamanda, Ermənistanın mehriban qonşu olmaq qabiliyyətini nümayiş etdirəcəyi təqdirdə öz suverenliyini qoruyub saxlaya biləcəyini bəyan edib. “Ermənistan mehriban qonşu olmağa və bu işə yardım göstərmək niyyətini nümayiş etdirəcəkmi? Yenə də bu, açıq məsələdir. Hesab edirəm ki, əgər onlar strateji düşünsələr, Ermənistanın suverenliyini qoruyub saxlamağın yeganə yolu budur. Çünki hazırda Ermənistan hakimiyyətində baş verənlərə Bakıdan nəzər saldıqda orada bir qütbdən digərinə xaotik keçidin olduğunu müşahidə edirik. Onlar başqa qütbün onlar üçün bir növ qurtuluşa səbəb olacağını düşünürlər. Əsla! Bu, başqa bir böyük qardaşdan savayı heç nə deyil. Mən isə açığı, bu böyük qardaşın əvvəlkindən daha yaxşı olacağına şübhə edirəm. O, həm çox uzaqda yerləşir, regiona bir o qədər də bağlı deyil, həm də istənilən nöqteyi-nəzərdən baxıldıqda öz siyasi, bəlkə də şəxsi iddialı məqsədlərini güdür. Beləliklə, Ermənistan baş verən inteqrasiya prosesinin bir hissəsi olmaq istəyirsə, bunda niyyəti olduğunu nümayiş etdirməlidir”.
Beləliklə, Azərbaycan prezidentinin Ermənistanla sülh prosesindən gözləntiləri səsləndirilib. Sülh regionda düşmənçiliyi əvəz etməlidir və yaxşı olardı ki, Ermənistan da bunu tez bir zamanda reallaşdırsın.
Milli Məclisin Komitə sədri,professor Hicran Hüseynova