Azərbaycan qadının Zərifə zirvəsi

Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinin məzunu olan Akademik Zərifə Əziz qızı Əliyeva Azərbaycan tibb elminin görkəmli nümayəndələrindən biri olmuş, ölkəmizin oftalmologiya sahəsinin inkişafına böyük töhfələr vermişdir. Zərifə xanım Əliyeva Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda (Moskva) diplomdan sonrakı hazırlıq fəaliyyəti nəticəsində oftalmologiya ixtisası üzrə mütəxəssis kimi təkmilləşmişdir.

Akademik Z.Əliyeva fəlsəfə doktoru, M.Helmholts adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmlər doktoru dissertasiyalarını müdafiə etmiş, professor elmi adını almış, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. Akademik Zərifə Əliyeva həmçinin Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi, böyük elmi işçi, daha sonra Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafedrasının müdiri vəzifələrində də çalışmışdır.

Zərifə xanım Əliyeva uşaq evlərində tərbiyə alan kimsəsiz uşaqlar arasında yayılan traxoma xəstəliyinin qarşısını almaqda xüsusi xidmət göstərib. Böyük alim yalnız çalışdığı institutda fəaliyyət göstərməklə kifayətlənmirdi, o, respublikanın şəhər və rayonlarını bir-bir gəzərək, xəstəliyin yaranma səbəblərini araşdırır və xəstəlik ocaqlarında kompleks şəkildə müalicə-profilaktik tədbirləri həyata keçirirdi.

Akademik Zərifə Əliyevanın oftalmologiya sahəsində çoxşaxəli elmi fəaliyyətinin əsas istiqamətini traxoma xəstəliyinin klinikası, görmə orqanının fiziologiyası və peşə xəstəliklərinin təsiri nəticəsində baş verən göz patologiyalarının profilaktikası, diaqnostikası və müalicəsi, kimya sənayesi müəssisələrinin işçilərində görmə orqanının vəziyyəti, herpetik göz xəstəlikləri, ağır virus konyunktivitləri, gözün hidrodinamik sisteminin fizioloji-anatomik xarakteristikası, göz sulanmasının müasir cərrahiyyə üsulları ilə müalicəsi, şəkərli diabet zamanı göz xəstəlikləri, terapevtik oftalmologiya, iridodiaqnostikanın əsasları, qlaukoma problemləri və s. təşkil etmişdir.

Akademik Zərifə Əliyevanın birbaşa rəhbərliyi altında cavan alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Zərifə xanım tələbələrinə zəngin həyat təcrübəsini öyrətmiş, onlara diqqət və qayğı ilə yanaşmışdır. Böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə professor Z.Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir. Hazırda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Oftalmologiya Mərkəzi akademik Z.Əliyevanın adı-nı daşıyır. Eyni zamanda Bakı şəhərində mərkəzi küçələrdən birinə də alimin adı verilmişdir.

SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsinin sədr müavini, SSRİ Oftalmoloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin, “Oftalmologiya xəbərləri” jurnalının (Moskva) redaksiya heyətinin, respublika “Bilik” Cəmiyyəti İdarə heyətinin üzvü olan Zərifə xanım Əliyeva həmçinin SSRİ Tibb Elmləri Akademiyasının “Akademik M.Averbax” mükafatı ilə təltif olunan ilk qadın alim olmuş, Əməkdar elm xadimi fəxri adına layiq görülmüş, “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif olunmuşdur.

Zərifə xanım Əliyeva 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin, 1 ixtira, 12 səmərələşdirici təklifin müəllifi və həmmüəllifi olmuşdur. Akademik Z.Əliyeva onlarca elmlər doktoru və fəlsəfə doktorunun elmi rəhbəri və məsləhətçisi olmuşdur.

Azərbaycan aliminin apardığı tədqiqat işlərinin mövzuları üzrə və digər mövzularda qələmə aldığı çoxsaylı elmi əsərlər, monoqrafiya və kitablar hazırda da oftalmoloq həkimlər, tələbələr tərəfindən geniş istifadə olunur. Bu da o deməkdir ki, bu kitablar bütün dövrlər üçün yazılmış əsərlərdir və öz aktuallığını heç vaxt itirmir.

Zərifə xanım Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda çalışdığı dövrdə bir çox cərrahiyə əməliyyatları aparmış, xəstələrə məsləhətlər vermiş, gənc həkimlərin tərbiyəsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həllinə xeyli zəhmət sərf etmişdir. Onun çoxsaylı məqalələri, çıxışları məhz bu məsələyə həsr olunmuş, “Yüksək etimad” kitabı isə cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfə vermişdir.

Azərbaycanın tibb elminin inkişafında xüsusi xidmətlər göstərmiş görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 2023-cü ildə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə akademik Zərifə Əliyevanın 100 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər həyata keçirilmişdir.

Ulu Öndər Heydər Əliyevin Akademik Zərifə Əliyeva haqqında dediyi kimi, həqiqətən Zərifə xanım Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq sağlığında əfsanəviləşməyi bacarmış və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlmişdir.

Azərbaycan xalqı hər il 15 aprel tarixində Akademik Zərifə xanım Əliyevanın anım günü kimi onun xatirəsini böyük ehtiramla yad edir, bu məqsədlə ölkəmizdə alimin adına elmi-praktik konfranslar keçirilir. Allah Zərifə xanım Əliyevaya rəhmət eləsin.

Milli Məclisin deputatı

Pərvanə Vəliyeva