Azərbaycan-Qazaxıstan: çoxşaxəli strateji tərəfdaşlıq yeni perspektivlər vəd edir

Heydər Əsədov

Milli Məclisin deputatı

Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri ərəfəsində “Kazinform”a müsahibəsi iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəldiyini bir daha sübut edir. Ötən onilliklər ərzində hər iki dövlətin formalaşdırdığı qarşılıqlı etimad və hörmət mühiti xalqlarımızın tarixi qardaşlığı, ortaq türk kimliyi, mənəvi dəyərlər və oxşar mədəni ənənələr üzərində qurulub.

Siyasi əlaqələrin dərinləşməsində dövlət başçılarının şəxsi münasibətləri və qarşılıqlı səfərlərin intensivliyi mühüm rol oynayır. Bu, son üç il ərzində Azərbaycan liderinin Qazaxıstana yeddinci səfəridir. Həmin müddətdə Qazaxıstan Prezidentinin ölkəmizə altı səfəri baş tutub. Sözügedən göstəricilər qarşılıqlı etimadın institusional səviyyəyə keçdiyini və siyasi koordinasiyanın yüksək səviyyədə reallaşdırıldığını göstərir. Yaxın münasibətlər regional sabitliyin və balanslı siyasətin təminatçısına çevrilib. Hər iki dövlətin müstəqil qərarvermə modelinə əsaslanan çoxvektorlu strategiyası onların geosiyasi müstəqilliyini möhkəmləndirir, həmçinin qlobal proseslərdə fəal aktor statusunu qoruyur. “Kazinform”a müsahibəsində dövlətimizin başçısı vurğulayıb ki, biz ötən illər ərzində möhkəm hüquq-müqavilə bazası - təqribən 170 sənəd işləyib hazırlamışıq, siyasi, iqtisadi-ticari, investisiya, mədəni-humanitar və digər sahələrdə səmərəli əməkdaşlıq mexanizmləri yaratmışıq: “Bu il 20 illiyini qeyd etdiyimiz Azərbaycan ilə Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilənin əhəmiyyətini xüsusi qeyd etmək istərdim. Bu sənəd Azərbaycan-Qazaxıstan əməkdaşlığının müxtəlif sektorlarda inkişafının etibarlı təməlini qoyub və ötən illər ərzində ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlıq əhəmiyyətli dərəcədə genişlənib”.

Prezident İlham Əliyevin müsahibəsində iqtisadi əməkdaşlığın dinamikası da vurğulanıb. Rəqəmlər göstərir ki, iki ölkə arasında ticarət dövriyyəsi 2025-ci ilin yanvar-avqust aylarında 547 milyon dollara çatıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə üç dəfə artım deməkdir. Həmin nəticə, əsasən, nəqliyyat infrastrukturunun modernləşdirilməsi, gömrük mexanizmlərinin sadələşdirilməsi və Orta Dəhlizin imkanlarından səmərəli istifadənin göstəricisidir.

Azərbaycanın Qazaxıstan iqtisadiyyatına 225 milyon dollar, bu dost dövlətin isə ölkəmizə 136 milyon dollar investisiya yatırması tərəflər arasında qarşılıqlı iqtisadi marağın sabit və etibarlı xarakter daşıdığını sübut edir. Sərmayələr enerji, logistika, kənd təsərrüfatı, texnologiya və xidmət sektorlarında reallaşır ki, bu da regional bazarın dayanıqlı artımına töhfə verir. İqtisadi təhlil baxımından, yaxın əməkdaşlıq təkcə ticarət dövriyyəsinin yüksəlməsi deyil, həm də Qazaxıstanın enerji resursları ilə Azərbaycanın nəqliyyat və logistika potensialının sintezi deməkdir. Sözügedən faktor Xəzər hövzəsində yeni iqtisadi güc mərkəzi formalaşdırır və iki ölkənin iqtisadi siyasətlərini strateji baxımdan bir-birini tamamlayan istiqamətə yönəldir.

Prezident Əliyev müsahibəsində Orta Dəhliz çərçivəsində əməkdaşlıq məsələsinə də toxunub. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu artıq Azərbaycan və Qazaxıstan üçün sadəcə nəqliyyat xətti deyil, Avrasiya məkanında iqtisadi təhlükəsizlik və geoiqtisadi təsir vasitəsinə çevrilib. 2024-cü ildə həmin marşrutla tranzit daşımalarının həcmi 3,5 milyon tondan çox olub və əvvəlki illə müqayisədə 20 faiz artım qeydə alınıb. Bakı və Aktau limanları, eləcə də Kurık logistik qovşağı bu dəhlizin əsas komponentləri kimi çıxış edir. Genişmiqyaslı əməkdaşlıq Avropa və Asiya bazarları arasında yeni ticarət xəttinin formalaşmasına, həm də regionda rəqabətədavamlı nəqliyyat sisteminin qurulmasına imkan verir. Analitik müstəvidə baxdıqda, Orta Dəhliz Qərb və Şərq arasında sabit, səmərəli və təhlükəsiz ticarət arteriyası olmaqla yanaşı, Azərbaycan və Qazaxıstanın regional liderliyini möhkəmləndirir. Həmin marşrut gələcəkdə Mərkəzi Asiya–Qafqaz–Avropa istiqamətində siyasi-iqtisadi inteqrasiyanın əsas amillərindən biri olacaq.

Prezident İlham Əliyevin Füzuli şəhərində Qazaxıstan tərəfindən inşa edilən Kurmanqazı Uşaq İncəsənət Mərkəzi barədə fikirləri mədəni diplomatiyanın əhəmiyyətini bir daha önə çəkir. Bu təşəbbüs azad edilmiş ərazilərin bərpasına dəstəyin konkret ifadəsidir. Hazırda həmin mərkəzdə 100-ə yaxın uşağın təhsil alması gələcək nəsillərin mədəni inkişafına töhfə verir və Qazaxıstanın həmin prosesdə həmrəyliyini nümayiş etdirir. Belə layihələr türk dünyasında mədəni inteqrasiyanın dərinləşməsinə xidmət edir və xalqlar arasında mənəvi əlaqələri daha da gücləndirir. Mədəni əməkdaşlıq ictimai diplomatiyanın və postmünaqişə dövründə formalaşan yeni beynəlxalq münasibətlərin təzahürünə çevrilir.

Azərbaycan və Qazaxıstan Türk Dövlətləri Təşkilatında (TDT) aparıcı mövqeyə malikdir. Hər iki ölkə türkdilli dövlətlər arasında iqtisadi, mədəni və siyasi inteqrasiyanın dərinləşməsinə sistemli şəkildə töhfə verir. Türk dünyasının ortaq maraqları əsasında formalaşan bu əlaqələr geosiyasi reallıqlara uyğun olaraq regional sabitlik, iqtisadi rifah üçün yeni imkanlar yaradır. Həmin təşəbbüslər nəticəsində türk dövlətləri arasında enerji, nəqliyyat, təhsil və texnologiya sahələrində koordinasiyalı siyasət formalaşır. Bu baxımdan, Prezident İlham Əliyevin müsahibəsində verdiyi mesajlar TDT-nin gələcək fəaliyyətində prioritet istiqamətlərin müəyyənləşdirilməsinə yönəlmiş strateji yanaşmanı nümayiş etdirir. Azərbaycan–Qazaxıstan tandemi türk dünyasının siyasi dinamizmi və geosiyasi sabitliyinin əsas elementlərindən birinə çevrilib.

Qazaxıstan tərəfdaşlığı geosiyasi sabitliyin qorunması və Avrasiya məkanında qarşılıqlı əlaqələrin balanslaşdırılmasında mühüm rol oynayır. Enerji diplomatiyası, nəqliyyat-logistika inteqrasiyası, investisiya və mədəni sahələrdə artan əməkdaşlıq bu münasibətləri gələcəkdə daha dayanıqlı və çoxşaxəli modelə çevirəcək. Ortaq maraqlara əsaslanan həmin əlaqələr Türk dünyasının siyasi həmrəyliyini möhkəmləndirir və qlobal miqyasda daha koordinasiyalı fəaliyyət üçün əlverişli zəmin yaradır.