"Azərbaycan-Qazaxıstan münasibətləri dərin köklərə malikdir" - Deputat

"Azərbaycan türk dövlətləri ilə əlaqələrini ən yüksək şəviyyədə inkişaf etdirməkdə və vahid türk ailəsinə daha da yaxın olmaqda maraqlıdır və bu istiqamətdə siyasətini uğurla davam etdirir. Bu gün dünya ictimaiyyəti Azərbaycan-Qazaxıstan münasibətlərinin timsalında Türk dünyasının birliyinin şahidinə çevrilir". 

Bunu mətbuata açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib. 

Parlamentari bildirib ki, Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ərəfəsində “Kazinform”a eksklüziv müsahibəsində “Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr hazırda yüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimad ilə xarakterizə olunur.

Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycan Mərkəzi Asiya ölkələri, o cümlədən regionun türk dövlətləri ilə münasibətlərə mühüm əhəmiyyət verir. Son illərdə Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, həmin region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu isə təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu türk dövlətlərindən biri də Qazaxıstandır. Prezident İlham Əliyev oktyabrın 20-də Qazaxıstan Respublikasına  dövlət səfəri edib. Dövlətimizin başçısını Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev qarşılayıb. Bu səfəri münasibətlərin inkişafında yeni mərhələ kimi dəyərləndirə bilərik. Prezidentlərin keçiriləcək görüşləri, müzakirə olunacaq məsələlər iki ölkənin  ikitərəfli gündəliyinə bir daha aydınlıq gətirəcək. Azərbaycan-Qazaxıstan münasibətləri dərin köklərə malikdir. Azərbaycan və qazax xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıqlar iki ölkə arasında əlaqələrin əsasını təşkil edir.

Vüqar Rəhimzadənin sözlərinə görə, Azərbaycan-Qazaxıstan birliyi Türk dünyasının həmrəyliyinə böyük töhfədir. Onu da qeyd edək ki, Qazaxıstanın regionda sülhün, təhlükəsizliyin və iqtisadi əməkdaşlığın təşviq edilməsinə yönəlmiş fəaliyyəti, habelə Asiyada təhlükəsizliyin möhkəmlənməsi sahəsində “Asiyada Qarşılıqlı Əməkdaşlıq və Etimad Tədbirləri üzrə Müşavirə”nin yaradılması ilə bağlı təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biri Azərbaycan olub. Ölkələrimiz arasında geniş hüquq-müqavilə bazası formalaşıb. 

Millət vəkili diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin müsahibəsində səslənən fikirlər Azərbaycan-Qazaxıstan münasibətlərinin  möhkəm təmələ əsaslanaraq  yalnız bu gün üçün deyil, gələcək onilliklər üçün hədəfləndiyini nümayiş etdirir.