2025-ci il oktyabrın 21-də Astanada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Azərbaycan–Qazaxıstan Ali Dövlətlərarası Şurasının ikinci iclası və mətbuata geniş bəyanat baş tutdu. Görüş iki qardaş ölkə arasında strateji əməkdaşlığın daha da dərinləşdirilməsi, siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin yeni səviyyəyə yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin çıxışında səslənən fikirlər, həm ikitərəfli münasibətlərin yüksək səviyyəsini, həm də gələcək əməkdaşlığın prioritet istiqamətlərini aydın şəkildə ortaya qoydu.
Prezident cənab İlham Əliyev çıxışında Qazaxıstan Respublikasında son illərdə müşahidə olunan inkişaf proseslərini xüsusi vurğuladı. Dövlət başçısı qeyd etdi ki, Prezident Kasım-Jomart Tokayevin müdrik və uzaqgörən rəhbərliyi altında Qazaxıstan müasir texnologiyaların tətbiqi, süni intellektin inkişafı və iqtisadi islahatların həyata keçirilməsi istiqamətində mühüm addımlar atır. Bu islahatlar nəticəsində Qazaxıstan regionda modernləşmə və innovasiya siyasətinin aparıcı nümunəsinə çevrilib. Azərbaycan Prezidenti, həmçinin, Qazaxıstana etdiyi mütəmadi səfərlər zamanı bu inkişafın real nəticələrini əyani şəkildə gördüyünü qeyd edərək, ölkənin regional sabitlik və tərəqqiyə verdiyi töhfələri yüksək qiymətləndirdi.
Azərbaycan və Qazaxıstan arasında münasibətlərin əsasında çoxəsrlik dostluq, mənəvi yaxınlıq və ortaq mədəni köklər dayanır. Prezident İlham Əliyev bəyanatında bildirdi ki, bu münasibətlər həmişə qarşılıqlı etimad və qardaşlıq prinsiplərinə əsaslanıb. Qazaxıstan, Azərbaycanın ən ağır dövrlərində belə, ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə dəyişməz dəstək göstərib. İşğal dövründə Qazaxıstan beynəlxalq platformalarda Azərbaycanın ədalətli mövqeyini dəstəkləyərək, beynəlxalq hüquq prinsiplərinə əsaslanan sülhün bərqərar olmasına çağırış edib.
Prezident İlham Əliyev çıxışında, həmçinin, iki ölkə arasında dostluğun və qardaşlığın bu gün də yeni məzmunla zənginləşdiyini vurğuladı. Dövlətlərarası münasibətlərin möhkəm təməli üzərində qurulmuş bu əməkdaşlıq sayəsində son üç ildə ondan çox qarşılıqlı səfərin həyata keçirilməsi, qarşılıqlı fəaliyyətin intensivliyini bir daha göstərir.
Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin paraflanması regionda yeni sabitlik dövrünün əsasını qoyub. Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə imzalanmış saziş Cənubi Qafqazda uzunmüddətli sülh və əməkdaşlıq üçün yeni imkanlar yaradıb. Qazaxıstanın bu prosesə verdiyi ilk və səmimi reaksiyası isə qardaş ölkənin regionda sülhə və əməkdaşlığa sadiqliyinin göstəricisidir.
Azərbaycan tərəfindən Ermənistanla ticarət və tranzit məhdudiyyətlərinin aradan qaldırılması, Qazaxıstanın Ermənistana göndərdiyi ilk taxıl yükü ilə baş tutan tranzit əməliyyatı bu sülhün praktik təzahürünə çevrilib. Prezident Əliyev bu hadisəni regionda əməkdaşlığın real göstəricisi kimi qiymətləndirib.
İki ölkə arasında iqtisadi-ticarət əlaqələri son illərdə dinamik şəkildə inkişaf edir. Hökumətlərarası Komissiyanın səmərəli fəaliyyəti nəticəsində əmtəə dövriyyəsi artmaqda, birgə investisiya layihələrinin həcmi genişlənməkdədir. Prezident cənab İlham Əliyev çıxışında Qazaxıstanla birgə yaradılmış Birgə İnvestisiya Fondunun fəaliyyətini xüsusi qeyd etdi. Artıq bir neçə layihənin icrası mərhələsində olması bu fondun potensialını təsdiqləyir. Energetika sahəsində əməkdaşlıq da prioritet istiqamətlərdəndir. Xəzərin dibi ilə elektrik kabelinin çəkilişi üzrə üçtərəfli saziş, eləcə də bərpaolunan enerji mənbələrinin inkişafına yönəlmiş təşəbbüslər regionun enerji təhlükəsizliyinə mühüm töhfə verəcək. Nəqliyyat-logistika sahəsində isə Zəngəzur dəhlizi və Orta Dəhliz layihələri xüsusi yer tutur. Prezident cənab İlham Əliyev qeyd etdi ki, Zəngəzur dəhlizinin açılması ilə Asiyadan Avropaya daşınan yüklərin həcmi artacaq, regionun tranzit potensialı daha da genişlənəcək. Bu, həm Azərbaycanın, həm də Qazaxıstanın iqtisadi maraqlarına xidmət edən mühüm təşəbbüsdür.
Azərbaycan və Qazaxıstan arasında humanitar əlaqələr xalqların yaxınlaşmasında mühüm rol oynayır. Ölkə başçısı çıxışında qeyd etdi ki, iki ölkə arasında Mədəniyyət Günlərinin mütəmadi keçirilməsi, eləcə də təhsil və gənclər mübadiləsinin gücləndirilməsi xalqlar arasında dostluq körpülərini daha da möhkəmləndirir.
Xüsusilə, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin təşəbbüsü ilə Füzulidə inşa edilən və onun iştirakı ilə açılışı həyata keçirilmiş Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi bu dostluğun simvoluna çevrilib. Prezident Əliyev vurğuladı ki, bu mərkəz yalnız təhsil və inkişaf ocağı deyil, həm də Azərbaycan və Qazaxıstan xalqları arasında qardaşlığın canlı rəmzidir.
Azərbaycan və Qazaxıstan beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərməkdə davam edirlər. İstər BMT, istər İslam Əməkdaşlıq Təşkilatı, istərsə də Türk Dövlətləri Təşkilatı çərçivəsində iki ölkə eyni dəyərlər və ortaq məqsədlər əsasında fəaliyyət göstərir. Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, gələn il Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının Sammitində və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsinin toplantısında Qazaxıstanın fəxri qonaq kimi iştirakı gözlənilir.
Bu, təkcə diplomatik yaxınlıq deyil, həm də regional əməkdaşlıqda vahid mövqedən çıxış etməyin bariz nümunəsidir. Azərbaycan və Qazaxıstanın ortaq səyləri sayəsində Avrasiya məkanında yeni enerji, logistika və iqtisadi əməkdaşlıq körpüləri formalaşır.
Prezident cənab İlham Əliyevin Astanadakı çıxışı və bəyanatı iki ölkə arasında münasibətlərin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini bir daha təsdiq etdi. Azərbaycanın və Qazaxıstanın birgə səyləri regionda sabitlik, inkişaf və inteqrasiya üçün mühüm töhfə verir. Cənab Prezidentin qeyd etdiyi kimi, bu münasibətləri birləşdirən amil təkcə siyasi və iqtisadi maraqlar deyil, həm də ortaq tarix, mənəvi dəyərlər və qardaşlıq bağlarıdır. Bu təməl üzərində qurulan əməkdaşlıq həm bu gün, həm də gələcək nəsillər üçün möhkəm və etibarlı tərəfdaşlıq nümunəsidir. Azərbaycan və Qazaxıstan arasında əlaqələrin dərinləşməsi təkcə iki dövlətin deyil, bütün Avrasiya regionunun rifahına xidmət edir.

Akif Rəfiyev,
Qarabağ müharibəsi veteranı, Ədliyyə general-mayoru, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Binəqədi rayon Ağsaqqallar Şurasının sədri