Hazırda təkcə Avropanı deyil, həm də bütün dünyanı narahat edən əsas məsələ sülh və təhlükəsizliyin təmin edilməsidir. Eləcə də enerji resurslarının əlçatan olması da mühüm əhəmiyyət kəsb edən prioritetlərdən biridir. Azərbaycan hər iki aspektdə ən yaxşı nümunələrdən biridir. Prezident İlham Əliyevin “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda iştirak və çıxış etməsi bunun bariz nümunəsidir. Bu gözlənilən idi. Çünki, Azərbaycan öz ərazisində separatizmə son qoyan və regionda sülhün və təhlükəsizliyi təmin edən ölkədir. Prezident İlham Əliyev isə münaqişəni həll etməyi bacaran yeganə dövlət başçısıdır. “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxış edən cənab İlham Əliyev xatırladıb ki, “Bu gün enerji təchizatı onu aydın şəkildə nümayiş etdirir ki, enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz parçasıdır. Azərbaycandan İtaliyayadək uzanan, Cənub Qaz Dəhlizi adlanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır”. Bu fikirlər bizi yaxın keçmişə aparır. Vaxtilə Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizi təşəbbüsü ilə çıxış edəndə yol Ermənistandan yan keçdiyi üçün Qərb qəti şəkildə buna qarşı çıxmış və maliyyələşmədə iştirakdan imtina etmişdi. Azərbaycan bütün məsuliyyəti öz üzərinə götürdü və layihə uğurla başa çatdı. Bu gün BTQ Orta Dəhlizin əvəzsiz hissəsidir - Avropa üçün Asiya ilə strateji əhəmiyyətli ticarət marşrutudur. Cənub Qaz Dəhlizinin tikintisi təşəbbüsünə də əvvəlcə skeptik yanaşma var idi, hətta bir çox əks fikirlər bildirildi. Belə ki, o zaman bir çoxları onu təhdid kimi görür, bəziləri isə Bakının planlarının iddialılığına rişxənd edirdi. Bu gün nə görürük? Bu gün isə, biz görürük ki, Avropa İttifaqının yeddi ölkəsi Azərbaycan qazını Cənub Qaz Dəhlizi vasitəsilə alır, biz görürük ki, avropalılar Xəzərdən qazın onlara gəlməsi üçün necə fəal şəkildə borular çəkirlər, əlavələr və interkonnektorlar tikirlər və Avropa dövlət strukturlarının rəsmiləri Cənub Qaz Dəhlizinin genişləndirilməsi üçün perspektivlər barədə davamlı danışıqlar aparırlar. Həmçinin qeyd etmək lazımdır ki, bu danışıqlar dekarbonizasiya hərəkatı ilə paralel olaraq aparılır. Prezident İlham Əliyevin bildirdiyi kimi, “Marşrut boyu mövcud olan əlavələr və interkonnektorlar sayəsində bu kəmər geniş Avropa və Avrasiya coğrafiyasını əhatə edir. Burada da artım üçün güclü potensial var. Bu gün biz ən azı üç Avropa ölkəsi ilə qaz təchizatına dair danışıqlar aparırıq”.
Bu gün dünyanın yeni nizamı qurulur. Və bu prosesdə Azərbaycan da qlobal təşəbbüslərlə çıxış etməklə öz töhfəsini verməkdədir. Rəsmi Bakı öz təcrübəsini bölüşməyə hazırdır. Xüsusi ilə vurğulamaq lazımdır ki, Azərbaycan heç bir dəstək olmadan, bütün çətinliklərə və maneələrə baxmayaraq, öz ərazi bütövlüyünü və suverenliyin təmin etdi. Ölkə başçısı bunu öz çıxışlarında da bildirir ki: “Biz dünya miqyasında çox böyük layları tərpətdik. Bəlkə də təhlilçilər görürlər ki, bizim Zəfərimizin bəzi ölkələr üçün fəsadları onlara çox baha başa gəlib. Böyük layları tərpətdik biz. Elə bir Zəfər çaldıq ki, bu, lokal əhəmiyyətli məsələ deyil. Bu, bir növ beynəlxalq gündəliyin əsas məsələlərinin birinə çevrilibdir”. Forumda çıxış edən cənab İlham Əliyev bu məsələyə diqqət çəkərək 44 günlük Vətən Müharibəsinin və 1 günlük anti-terror əməliyyatın nəticəsini təkcə Qafqazda deyil, daha geniş regionda baş vermiş ən böyük geosiyasi dəyişiklik olduğunu bir daha vurğuladı və qeyd etdi ki: “Bu, bu gün ərazi bütövlüyünü və suverenliyini bərpa etmək istiqamətində uğura nail olmaqda çətinlik çəkən bir çox ölkə üçün yaxşı nümunədir. Azərbaycan öz nümunəsi ilə onu nümayiş etdirdi ki, beynəlxalq hüquq, güclü siyasi iradə, cəmiyyətin səfərbər olması və fiziki güc ciddi siyasi dəyişikliklə nəticələnə bilər”. Azərbaycan və Ermənistan arasında sülh danışıqları çərçivəsində baş verən hadisələri Forumun iştirakçılarının diqqətinə çatdıran Prezident İlham Əliyev bir daha vurğuladı ki, “Biz ümid edirik ki, sülh danışıqlarının başlanmasına dair Azərbaycanın təşəbbüsü sülh sazişinin imzalanması ilə nəticələnəcək. Bu isə təkcə Cənubi Qafqaz deyil, dünyanın bütün regionları üçün əhəmiyyətli olacaqdır. Bu, 30 il ərzində münaqişədə olmuş iki ölkənin birgə çalışaraq sülhə nail olmasının nümunəsi ola bilər. Baxmayaraq ki, burada işğaldan əziyyət çəkmiş və ərazisinin təqribən 20 faizinin tamamilə dağıdıldığı ölkə məhz Azərbaycandır”. Biz bir dövlət və xalq olaraq yaşadığımız faciələri, bizə qarşı həyata keçirilə etnik təmizləmə siyasətini heç bir zaman unutmayacağıq və unuda bilmərik. Lakin bununla yanaşı, biz dayana bilmərik, hazırkı geosiyasi proseslər fonunda öz yerimizi tutmalıyıq, daha böyük məqsədlər üçün inkişaf etməliyik, dünyamızın gələcəyi, insanların sülh və təhlükəsiz şəraitdə yaşaması naminə çalışmalı və töhfəmizi verməliyik. Və qeyd etmək lazımdır ki, Azərbaycan bu sahədə mühüm addımlar atır. Ölkəmiz qlobal arenada müxtəlif aktorlar arasında münasibətlərin qurulması üzərində fəal çalışır. Bir çox Avropa ölkəsi ilə fəal əməkdaşlıq edir. Avropa İttifaqının 10 üzvü rəsmi olaraq Azərbaycanın strateji tərəfdaşıdır. 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına 4 il sədrlik etməyimiz və bu müddət ərzində təşkilatın institutsional mexanizmlərinin yaranması və fəaliyyəti üzrə atılan addımlar, bütün dünyanı narahat edən məsələlərlə bağlı edilən təşəbbüslər, təklif olunan layihələr, müzakirə platformaları bir daha göstərir ki, Azərbaycan bu istiqamətdə yaxşı nəticələr əldə edə bilər. Prezident İlham Əliyevin dediyi kimi : “Yəni, beynəlxalq arenada qlobal aktor olmasaq belə, zənnimcə qlobal Cənub və qlobal Şimal arasında körpülərin qurulması mümkündür”. Və elə iki aydan sonra COP29-un ilk dəfə Cənubi Qafqazda, məhz Azərbaycanda keçirilməsi də buna əyani misaldır. Və bu gün Azərbaycan hamının ehtiyac duyduğu ölkədir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti ilə biz daim irəliləyir, bəzən keçilməz maneələri dəf edirik. Burada əsas məsələ gələcəyə hesablanmış, düzgün strategiyanın qurulmasıdır. Artıq Azərbaycan dünyanın ən güclü dövlətləri üçün real və bərabərhüquqlu tərəfdaşa çevrilmışdir. Azərbaycanı Avropanın gündəmindən çıxarmağa çalışan müəyyən dairələrin uzun illər ərzində göstərdiyi cəhdlərə baxmayaraq, ölkəmiz Avropa İttifaqı ölkələri ilə dostluq və tərəfdaşlıq münasibətlərinə təsir göstərmir. Təkcə Avropada deyil, dünyada ölkəmizin əsas rolu dərk edilir, ən mürəkkəb problemləri həll etmək, regionları birləşdirmək sahəsində Azərbaycanın rolu yüksək qiymətləndirilir. Bu etibarlılıq isə Prezident İlham Əliyevin nüfuzuna və sözünə əsaslanır. İlham Əliyev Azərbaycanı uğurlu, müstəqil və güclü dövlətə çevirən liderdir. Onun rəhbərliyi ilə ölkə əhəmiyyətli irəliləyişlərə nail olub və inkişaf etməkdə davam edir. Qarşıda çox mühüm layihələr, planlar var və ölkəmiz sülhə, təhlükəsizliyə, rifaha əhəmiyyət verən hər bir dövlətlə, təşkilatla əməkdaşlıq etməyə hazırdır.
VI çağırış Milli Məclisin deputatı,
professor Hicran Hüseynova