Azərbaycan qlobal miqyasda ədalətin carçısına çevrilib

“Azərbaycanın regionda yaratdığı reallıqlar Mərkəzi Asiya ölkələrinin inkişafına öz müsbət təsirini göstərir. Mərkəzi Asiya dövlətlərinin Avropa ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün tranzit ölkə olaraq Azərbaycanı seçməsi iqtisadi amillərlə yanaşı, həm də siyasi,  təhlükəsizlik məsələləri ilə bağlıdır.  Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz  44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərə imza atdı, torpaqlarımız işğaldan azad edildi, ərazi bütövlüyümüz  bərpa olundu, regionda yeni reallıq yaradıldı.  Dövlətimizin başçısının qətiyyəti, siyasi iradəsi sayəsində bu gün Azərbaycan regionda  sülhün və təhlükəsizliyin qarantına çevrilib. İrəli sürdüyü təşəbbüslərlə, həyata keçirdiyi layihələrlə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına böyük töhfələr verir.

Bütün bunlar isə Mərkəzi Asiya ölkələrinin Azərbaycana diqqət və  marağını artırır, əlaqələrin inkişafında yeni istiqamətlərin müəyyənləşdirilməsinə yol açır.  Dövlət başçısı İlham Əliyev noyabrın 24-də Bakıda keçirilən  BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündəki çıxışında bu mühüm məqamı xüsusi qeyd etmişdir ki, Azərbaycanın güclü iqtisadiyyatı müstəqil xarici siyasət kursu həyata keçirməyə imkan yaradır. Son 20 ildə Azərbaycanın ümumi daxili məhsulu 4 dəfə artıb. Büdcə gəlirləri 30 dəfədən, xarici ticarət dövriyyəsi isə 10 dəfədən çox artıb. Azərbaycanın birbaşa xarici borcu hazırda ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. Valyuta ehtiyatları birbaşa xarici dövlət borcumuzu 10 dəfə üstələyir. Yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5,5 faizə düşüb. Ölkəmizdə əlverişli investisiya mühiti yaradılıb.  Son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub ki, bunun da 200 milyard ABŞ dollarına yaxını qeyri-enerji sektorunun payına düşür.  Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub, Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib.”

Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.

Əliabbas Salahzadə qeyd edib ki, Zirvə görüşü son 25 ildə SPECA-ya  üzv  ölkələrin hər birinin keçdiyi inkişaf yolunun təqdimatında əhəmiyyətli rol oynadı:  “Azərbaycanın təşəbbüsü ilə 25 ildə ilk dəfə olaraq Zirvə görüşünün keçirilməsi ölkəmizin  beynəlxalq münasibətlər sistemində artan rolunun, sözünün imzası qədər dəyərinin göstəricisidir. Azərbaycanın hər bir təşəbbüsü dostluğa, əməkdaşlığa yönəlib. Dövlət başçısı İlham Əliyev Zirvə görüşündəki çıxışında bu əminliyi də ifadə etdi ki, bu tərkibdə keçirilən Zirvə görüşü daha geniş iqtisadi əməkdaşlıq formatına yol açacaq. SPECA həftəsi ərzində Bakıda təşkil olunan iqtisadi forum ölkələrimiz arasındakı biznes əlaqələrinin inkişafına töhfə verəcək. Bakı Ekspo Mərkəzində təşkil edilmiş sərgi ölkələrimizdə gedən inkişafı əyani şəkildə göstərdi.  Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə çoxəsrlik tarixi və mədəni əlaqələr bağlayır. Azərbaycan və Mərkəzi Asiya strateji əhəmiyyəti artmaqda olan vahid tarixi-mədəni və geosiyasi məkandır.”

Millət vəkili onu da əlavə edib ki, keçirilən tədbirlərin əhatə etdiyi mövzudan asılı olmayaraq dövlət başçısı İlham Əliyev hər bir çıxışında  artıq tarixə qovuşmuş Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri  beynəlxalq ictimaiyyətin  diqqətinə çatdırır, Azərbaycanın daim ədalətin və beynəlxalq hüququn yanında olduğunu  əsaslı şəkildə qeyd edir: “Sözügedən Zirvə görüşü də bu baxımdan diqqətdə oldu.  Dövlət başçısı İlham Əliyev bir daha bildirdi ki, 2020-ci ilin noyabr ayında Azərbaycan xalqı öz tarixinin ən parlaq Qələbəsinə imza atdı. Azərbaycan 44 günlük Vətən müharibəsində Ermənistanı məğlub etdi və işğala son qoydu. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il kağız üzərində qalmış dörd qətnaməsinin icrasını özümüz təmin etdik. Ermənistan bundan sonra da öz öhdəliklərini yerinə yetirmədi. Azərbaycanın suveren ərazilərində Ermənistan silahlı qüvvələrinin 15 minə yaxın hərbi kontingenti qalmaqda idi. Onlar tərəfindən törədilmiş hərbi təxribatlar nəticəsində hərbçilərimiz həlak olmuşlar. Buna cavab olaraq və “boz zona”ya son qoyulması məqsədilə bu il sentyabrın 19-20-də  Qarabağda antiterror tədbirləri keçirdik. Cəmi bir gün ərzində 1992-ci ildə xalqımıza qarşı soyqırımının törədildiyi Xocalı şəhəri də daxil olmaqla, bütün ərazilərimiz üzərində suverenliyimiz tam bərpa edildi  və Azərbaycan ərazisində təcavüzkar separatizmə son qoyuldu.” 

Əliabbas Salahzadə vurğulayıb ki,  bu gün Azərbaycan regionda, həmçinin daha böyük coğrafiyada sabitləşdirici rol oynamaqla, qlobal miqyasda ədalətin carçısına, bəzi böyük dövlətlərin ədalətsiz davranışlarına və müstəmləkəçi siyasətlərinə qarşı çıxan xalqların azadlıq mübarizəsinə dəstək verən qüvvəyə çevrilib: “Dövlət başçısı İlham Əliyevin çağırışlarında bu mühüm məqam əsas yer tutur ki, ədalət və beynəlxalq hüquq əsasdır, onların tətbiqi üçün vahid mexanizm olmalıdır. Hazırkı dövrün əsas çağırışı regionda dayanıqlı sülhün, təhlükəsizliyin təmin edilməsi üçün Ermənistanla sülh müqaviləsinin imzalanmasıdır. Azərbaycan tarixi Zəfərindən sonra qarşı tərəfə sülh təklifini etsə də hələ də Ermənistanın  konkret addım atmadığı göz önündədir. Bəzi dünya güclərinin  ədaləti və beynəlxalq hüququ maraqlarının arxasında gizlətmələri vəziyyəti gərginləşdirir.  Azərbaycanın təşəbbüsü ilə keçirilən SPECA-nın Zirvə görüşündə imzalanan Bakı Bəyannaməsində qarşıdakı dövrün hədəfləri və onlara nail olmağın yolları açıqlanıb.”