“Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri ikitərəfli əlaqələrin qurulması və yeni istiqamətlər üzrə inkişaf etdirilməsidir. Ölkəmizin bu sahədə qazandığı uğurlar göz qabağındadır. Azərbaycanın region və dünya siyasətində rolu getdikcə artır. Azərbaycan ikitərəfli əməkdaşlıqda qonşu dövlətlərlə əlaqələrin inkişafına xüsusi önəm verir. Bu gün Azərbaycan-Rusiya münasibətlərinin timsalında qonşu ölkələrlə əlaqələrin yüksələn xətlə, yeni prioritetlər üzrə inkişafını aydın şəkildə görürük. Rusiya Prezidenti Vladimir Putinin avqustun 18-də Azərbaycana dövlət səfəri ikitərəfli münasibətlər üçün müstəsna əhəmiyyətə malikdir. Qarşılıqlı səfərlər münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Prezident İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putinin keçirdikləri məhdud və geniş tərkibdə görüşlər, mətbuata birgə bəyanatları münasibətlərimizin dünəni, bu günü və gələcəyi barədə aydın təsəvvür yaratdı. Belə ki, cənab İlham Əliyev geniş tərkibdə görüşdə bildirdi ki, fikir mübadiləsi apardıq və ölkələrimiz - dostlar, qonşular və müttəfiqlər arasında münasibətlərin necə inkişaf etməsindən məmnunluq ifadə etdik. Bütün sahələrdə müsbət dinamika görürük. Qarşılıqlı fəaliyyət üçün çoxlu mövzular var və qarşılıqlı fəaliyyətimizin əhatə dairəsi ildən-ilə genişlənir. Bütün sahələrdə qarşılıqlı fəaliyyətimizi gücləndirmək əzmindəyik. Səfər ölkələrimizi və xalqlarımızı bir-birinə daha da yaxınlaşdırmaq istiamətində növbəti mühüm addım olacaq. Dövlətimizin başçısı bu mühüm məqamı da xüsusi qeyd etdi ki, səfər xüsusi xarakter daşıyır. Ən yüksək səviyyədə görüşlərimiz müntəzəm xarakter daşıyır. Amma dövlət səfərinin formatı və xarakteri xüsusi əhəmiyyətə malikdir. Dövlətlərarası münasibətlərin yüksək səviyyəsində olmasından xəbər verir.”
Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
Malik Həsənov qeyd edib ki, Azərbaycan-Rusiya əlaqələri dövlətlərin müstəqilliyi, ərazi bütövlüyü, bərabərhüquqluq və bir birinin daxili işlərinə müdaxilə etməmək prinsipləri əsasında qurulub və inkişaf edir: “Azərbaycanın xarici siyasətinin dəyişməz prinsipləri istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin yüksələn xətlə inkişafını, ölkəmizin yeni dostlar, tərəfdaşlar qazanmasını şərtləndirir. Azərbaycan bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında əlaqələr qurur, heç bir ölkənin daxili işinə müdaxilə etmir və öz daxili işinə müdaxiləni də yolverilməz hesab edir. Azərbaycan-Rusiya münasibətləri zəngin tarixə malikdir. Rusiya regionun böyük ölkələrindən biridir. Azərbaycanla tarixən sıx iqtisadi-ticarət, siyasi, humanitar əlaqələrə malikdir. Rusiya dünyanın aparıcı dövlətləri sırasına daxildir. BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biridir və çoxqütblü dünya nizamında öz yerini qoruyub saxlayır.”
Millət vəkili onu da əlavə edib ki, bütün sahələrdə əlaqələrimiz uğurla inkişaf edir: “2022-ci ilin fevralında imzalanmış qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamənin müddəaları uğurla həyata keçirilir. Ölkələrimiz müttəfiqlər, dostlar, yaxın tərəfdaşlar və qonşular kimi fəaliyyət göstərir. Ölkələr arasında əlaqələrin inkişafında iqtisadi amilin rolunu nəzərə alsaq, Azərbaycan və Rusiya Prezidentləri mətbuata bəyanatlarında diqqəti bu sahədə əlaqələrin inkişafına yönəldiblər. Keçən il və bu ilin 6 ayında əmtəə dövriyyəsinin artımı əməkdaşlığın böyük potensialından xəbər verir. Cənab İlham Əliyev bildirdi ki, ötən il 4 milyard dollar həddini adladıq və bunun son hədd olmadığı barədə fikir mübadiləsi apardıq. Dövlətlərarası münasibətlərimiz üçün də müstəsna əhəmiyyətə malik olan regional nəqliyyat dəhlizləri, nəqliyyat yolları, “Şimal-Cənub” layihəsinin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə edildi. Azərbaycanın ərazisində “Şimal-Cənub” dəhlizinin həm dəmir yolu, həm də avtomobil yolu seqmentləri tam şəkildə reallaşdırılıb və uğurla fəaliyyət göstərir. Hazırda bu dəhlizin ötürücülük qabiliyyətini yüksəltmək üçün onun dəmir yolu sahəsinin modernləşdirilməsi həyata keçirilir. İldə 15 milyon ton və daha çox- 30 milyon tonadək yüklərin daşınması imkanlarından bəhs edildi.”
Malik Həsənov vurğulayıb ki, hazırkı dövrün əsas çağırışlarından biri regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsidir: “Azərbaycanın tarixi Zəfəri regionda və dünya siyasətində yeni reallıqlar yaradıb. 30 illik işğal dövründə Azərbaycan hazırda tarixə qovuşan Qarabağ münaqişəsinin həllində BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən, keçmiş ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri kimi Rusiyanın mövqeyinə xüsusi önəm verirdi. 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatı üçüncü tərəf olaraq Rusiya Prezidenti Vladimir Putin imzaladı. Şanlı Qələbəmizdən dərhal sonra Azərbaycanın regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılması üçün işğalçı dövlətə sülh təklifi Rusiya tərəfindən dəstəkləndi və bu istiqamətdə keçirilən görüşlərin təşəbbüskarlarından birinə çevrildi. Dövlətimizin başçısı mətbuata bəyanatında bu məsələdən geniş bəhs edərək bildirdi ki, ötən ilin sentyabrından sonra regionda tamamilə yeni şərait yaranıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa edib. Təbii ki, yeni şərait Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün yeni imkanlar açır. Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır. Rusiya Prezidenti Vladimir Putin belə bir əminliyi ifadə etdi ki, Rusiya gələcəkdə də Azərbaycan-Ermənistan qarşılıqlı fəaliyyətinin normallaşdırılmasına və 2020-2022-ci illərdə Rusiya, Azərbaycan Prezidentləri və Ermənistanın baş naziri arasında əldə olunmuş məlum üçtərəfli razılaşmalar əsasında sülh sazişinin bağlanmasına hərtərəfli kömək edəcək. Həmçinin hələ Sovet İttifaqı vaxtından bizdə qalan müvafiq sənədləri nəzərə almaqla, sərhədlərin delimitasiyası və demarkasiyasına, transsərhəd marşrutlarının açılmasına, humanitar təmasların yaradılmasına kömək etməyə hazırıq. Cənubi Qafqazda sülh və sabitlik bu regionun bütün dövlətlərinin və xalqlarının köklü maraqlarına tam şəkildə cavab verməlidir.”
Millət vəkili bu ümumiləşdirməni aparıb ki, əlaqələrin inkişafında əsas faktor olan qarşılıqlı səfərlər çərçivəsində imzalanan sənədlər münasibətlərin yeni istiqamətlər üzrə inkişafında, mövcud əlaqələrin möhkəmləndirilməsində hüquqi bazadır: “Rusiya Prezidentinin dövlət səfəri çərçivəsində bir sıra mühüm sənədlər imzalandı. Azərbaycan və Rusiya Prezidentlərinin qəbul etdikləri Birgə Bəyanatda ikitərəfli əlaqələrin gələcək inkişafına xidmət edəcək yeni genişmiqyaslı vəzifələr qarşıya qoyuldu. Səfər çərçivəsində aparılan danışıqlar və əldə olunan razılaşmalar Rusiya-Azərbaycan strateji tərəfdaşlığının gələcək inkişafı barədə aydın təsəvvür yaradır.”