Azərbaycan Respublikasının xarici siyasət kursunda dünya dövlətləri ilə qarşılıqlı dostluq münasibətləri əhəmiyyətli yer tutur. Belə ki, dövlətimizin xarici siyasətinin prioritetlərindən birini də Türk dövlətləri ilə qurulan dostluq əlaqələrinin, iqtisadi, mədəni, siyasi əməkdaşlıqların inkişafı, Türk dünyasının nüfuzunun beynəlxalq arenada gücləndirilməsi, ölkərarası münasibətlərin ən yüksək səviyyəyə çatdırılmasının təmin edilməsi məsələləri təşkil edir. Bütün Mərkəzi Asiya dövlətləti ilə olduğu kimi Qazaxıstan Respublikası ilə də ölkəmizin qarşılıqlı dostluq münasibətləri dərin köklərə malikdir. Son iki ildə cənab Prezident İlham Əliyevin Qazaxıstana dörd dəfə, Qazaxıstan Prezidenti cənab Kasım-Jomart Tokayevin isə Azərbaycana üç dəfə səfəri bu birliyin, qardaşlığın ölkələrimiz arasındakı ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasının ən böyük göstəricisidir. Bu yaranan dostluq çərçivəsində Qazaxıstan Respublikasının Prezidenti Kasım- Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi cari ilin 4 iyul tarixində ölkənin paytaxtı Astana şəhərində keçirilən “ŞƏT plyus” formatındakı görüşə fəxri qonaq qismində dəvət etmişdir.
15 iyun 2001-ci il də yaradılan, əsas prinsipi mehriban qonşuluq və dostluq münasibətlərinin qurulması, qarşılıqlı etimadın güclənməsi, müxtəlif sahələrdə effektiv əməkdaşlığın təşviqi, regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün birgə səylərin dəstəklənməsi, ədalətli yeni beynəlxalq siyasi və iqtisadi quruluşun yaradılması olan Şanxay Əməkdaşlıq Təşkilatının “Dialoq üzrə tərəfdaş” ölkələrindən biri də Azərbaycan Respublikasıdır. Azərbaycan 16 sentyabr 2022 – ci ildə Özbəkistan Respublkasının paytaxtı Səmərqənddə keçirilən və cənab Prezidentin rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə ilk dəfə ŞƏT ölkələrinin Sammitinin Zirvə görüşünə dəvət olunmuşdur. Sammitin yekunu olaraq Səmərqənd Bəyannaməsi qəbul edilmişdir
Azərbaycan ilə üzv dövlətlər arasında inkişaf edən tərəfdaşlığın göstəricisi olaraq Dövlətimizin Prezidenti cənab İlham Əliyev bu il artıq ikinci dəfədir ki, Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısına dəvət olunur.
Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən “ŞƏT plyus” –un Zirvə toplantısında regional təhlükəsizlik, iqtisadi və siyasi əməkdaşlıq məsələlərini müzakirə etmək üçün üzv ölkələrin liderləri bir araya gəlmişdir. Sammitdə qlobal inkişafa mane olan siyasi, iqtisadi və humanitar problemlər də daxil olmaqla çoxsaylı məsələlərin həllində ŞƏT-in roluna diqqət yetirilmişdir.
Dövlət başçımız İlham Əliyev fəxri qonaq qismində dəvət olunduğu “ŞƏT plyus” formatı çərçivəsində çıxış etmişdir. Cənab Prezidentin çıxışı zamanı vurğuladığı ilk məsələ, Azərbaycan ilə Şanxay Əməşdaşlıq Təşkilatına üzv dövlər arasındakı əməkdaşlığın Şərq – Qərb və Şimal- Cənub
Nəqliyyat Dəhlizlərinin fəaliyyətində oynadığı böyük rol olmuşdur. Belə ki, Azərbaycanın coğrafi mövqeyi ilə yanaşı, nəqliyyat infrastrukturuna qoyulan böyük sərmayələri dövlətimizin Avrasiyanın nəqliyyat – logistika qovşaqlarından birinə çevrilməsinə imkan yaratmışdır.
Cənab Prezident çıxışına Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu haqqında məlumat verərə davam etmişdir. İlham Əliyev bu dəmir yolunun illik ötürücülük qabiliyyətinin dövlətimizin sərmayələri vasitəsiylə 1 milyon tondan 5 milyon tona qədər artdığını xatırlatmışdır. Tərəfdaşları ilə birgə Orta Dəhlizin rəqəmsallaşması üzrə işləyən Azərbaycan Ələt Beynəlxalq Dəniz Ticarət Limanının da illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tona qədər artırılmasını planlayır. Bununla da, Azərbaycanın səyləri nəticəsində Ələt limanı dünyanın ən böyük dəniz limanlarından birinə çevrilməkdədir.
Cənab Prezident çıxışında uzunluğu 7,200 kilometr olan Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişafında Azərbaycanın oynadığı mühüm roldan da bəhs etmişdir. Digər marşrutlarla müqayisədə əsas üstünlüyü tranzit məsafəsinin və tranzit vaxtının iki-üç dəfə az olması olan bu dəhlizin Azərbaycan seqmentinin dəmir yolu və avtomobil infrastukturu artıq hazırdır və uğurla fəaliyyət göstərməkdədir. Ölkəmizin Şimal- Cənub Nəqliyyat Dəhlizi çərçivəsindəki əsas planını dəmir yolu daşımalarının həcminin ildə 15 milyon qədər artırılması, sonradan zərurət yarandığı təqdirdə bu rəqəmin 30 milyon tona çatdırılması təşkil edir.
Prezident İlham Əliyev çıxışında 2023- cü ilin sentyabr ayında Azərbaycanın beynəlxalq hüquq və tarixi ədaləti bərpa edərək ölkəmizin beynəlxalq səviyyədə tanınmış əraziləri üzərindəki suverenliyini təmin etməsini xatırlatmışdır. Beləliklə Azərbaycan Ermənistanın 30 illik işğalına son qoymuş, BMT Təhlükəsizlik Şurasının bu müddət ərzində kağız üzərində qalmış 4 qətnaməsinin icrasını hərbi – siyasi vasitələrlə təmin etmişdir.
Cənab Prezidentin çıxışında yer verdiyi məsələlərdən biri də Azərbaycanın 2019- 2023- cü illərdə Qoşulmama Hərəkatına uğurlu sədirliyi olmuşdur. Azərbaycan 2011- ci ildən bəridir bu təşkilatın üzvüdür. Qoşulmama Hərəkatı özlərinin formal olaraq heç bir hərbi bloka tərəf olmadığını bildirmiş 120 dövlətin üzv olduğu və Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq təşkilatdır. Azərbaycan 4 illik sədrliyi müddətində hərəkatın institusional inkişafına töhfə verdi, üzv dövlətlərin dəstəyi ilə Hərəkatın Parlament Şəbəkəsi, Gənclər Təşkilatını təsis etdi , o cümlədən Qadın Platformasının əsasını qoydu.
Dövlət başçıcı çıxışında Azərbaycanın prioritetlərindən birinin də iqlim dəyişikliyinin mənfi təsirləri səbəbindən təhlükə ilə üzləşən inkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstəyin olduğunu vurğulamışdır. Belə ki, Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün xüsusi texniki yardım fondunun yaradılması təşəbbüsü ilə çıxış etmişdir.
Cənab Prezident çıxışında ölkəmizin cari ilin noyabrında, təxminən 200 ölkənin dəstəyi ilə ev sahibliyi edəcəyi COP29 tədbirini və bu tədbirin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasındakı körpü yaratmaq yolundakı əhəmiyyətini öz həmkarlarına xatırlatmışdır.
Prezident İlham Əliyev çıxışını COP29 a hazırlıq istiqamətində ŞƏT ilə işi davam etdirəcəyimizi və bu təşkilatın üzv dövlətlərinin liderlərinin rəsmi dəvət məktubu ilə noyabrda Bakıya dəvət edildiklərindən bəhs edərək tamamlamışdır.
Əminliklə qeyd edə bilərik ki, ölkəmiz bu mühüm qlobal konfransa ev sahibliyi etməklə beynəlxalq aləmdə nüfuzunu daha da artıracaq, ekoloji gündəliyə sadiqliyini bir daha nümayiş etdirəcək və bununla da dünya siyasətində fəal və konstruktiv mövqeyini yenidən sübuta yetirmiş olacaqdır.
Ziyafət Əsgərov
Milli Məclisin Müdafiə,təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri