Azərbaycan Silahlı Qüvvələrinin yaranma günü YAP Sabunçu rayon təşkilatında qeyd edilib

Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatında 26 İyun - Silahlı Qüvvələr günü münasibəti ilə tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, əziz xatirəsini ehtiramla yad ediblər. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə Milli Məclisin deputatı Əliabbas Salahzadə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon İdarəsinin rəisi Polad İbrahimov, müharibə iştirakçıları, qazilər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov bildirib ki, ölkəmizdə güclü, qüdrətli və yüksək döyüş hazırlığına malik ordunun yaradılması Ulu Öndərin adı ilə bağlıdır. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına, döyüş ruhunun yüksəldilməsinə böyük diqqət yetirildi.

Daha sonra çıxış edən deputat Əliabbas Salahzadə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon İdarəsinin rəisi Polad İbrahimov bildiriblər ki, müdrik rəhbər Heydər Əliyev ideyalarını uğurla davam etdirən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ordumuzun döyüş qabiliyyəti yüksəldi, maddi-texniki bazası möhkəmləndirildi. Müasir texnologiyalara yiyələnən, son nəsil silahlara sahib olan Azərbaycan Ordusu tarixi, əzəli torpaqlarımızı işğaldan azad etmək uğrunda beynəlxalq hüquq çərçivəsində legitim döyüşlər apardı və böyük zəfərimizi xalqımızın tarixinə qızıl hərflərlə yazdı. Azərbaycanın tarixinə Zəfər səhifəsini yazan Azərbaycan Ordusu dünya hərb tarixinə qalib Ordu kimi adını həkk etdirdi.

Tədbirin sonunda Vətən müharibəsində iştirak etmiş bir qrup hərbçiyə Prezidentin müvafiq sərəncamları ilə təltif olunduqları medallar təqdim edilib.