Məlum olduğu kimi, aprel ayının 7-də Slovakiya Baş naziri Robert Fitsonun ölkəmizə rəsmi səfər etmişdir. Səfər çərçivəsində iki ölkənin liderlərinin əvvəlcə təkbətək, sonra geniş tərkibdə görüşü keçirmişdir. Görüş zamanı ikitərəfli münasibətlərin dinamikasından məmnunluq ifadə olunmuş, aktual məsələlərin müzakirəsi aparılmışdır. Səfər zamanı strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanmışdır. Bu hadisə Azərbaycan-Slovakiya əlaqələrinin yeni mərhələyə qədəm qoymasından xəbər verir. İkitərəfli münasibətlərin genişlənməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 mart 2004 cü ildə Slovakiya Respublikasına səfəri böyük rol oynayıb. İlham Əliyev mətbuata bəyanatında bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifənin açıldığını və iki ölkənin müştərək yolunun çox uğurlu olacağına əminliyini ifadə etdi. Dövlətimizin başçısı səfər çərçivəsində strateji tərəfdaşlıq haqqında imzalanan Birgə Bəyannamənin çox ciddi siyasi sənəd olduğunu bildirib. “Azərbaycan – Slovakiya əlaqələrini ən yüksək səviyyəyə qaldıran Strateji tərəfdaşlıq Bəyannaməsində əks olunan maddələr bizim niyyətimizi əks etdirir”. Ölkə başçısı çıxışında ölkəmizin enerji diplomatiyasının uğurlarından bəhs edib. Azərbaycanın hazırda 8 ölkəyə öz təbii qazını ixrac etdiyini və 9-cu ölkənin məhz Slovakiya olacağına ümidvar olduğunu bildirib. Keçən ilin aprel ayında “Həmrəylik Halqası” adlanan sənəd imzalandığını xatırladan Cənab Prezident tezliklə Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün yaxşı imkanlar yaradıldığını vurğulayıb. Prezient İlham Əliyev bəyanatında bildirib ki, Azərbaycan öz təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir. Avropaya təchizat 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetrə qədər qalxacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. 2027-ci ilin sonuna qədər təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi məsələsi gündəlikdədir. Dövlət başçısının bəyanatında diqqət çəkdiyi məqamlardan biri də Ağdamın Qərvənd kəndinin yenidən qurulmasında Slovakiya şirkətlərinin iştirak edəcəyi oldu. Cənab Prezident bildirib ki, işğaldan azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən “Ağıllı şəhər”, “Ağıllı kənd” konsepsiyası əsasında slovakiyalı mütəxəssislər tərəfindən görüləcək işlər, oraya qayıdacaq insanları sevindirəcək. Prezident İlham Əliyev bütün bunların böyük rəmzi məna daşıdığını, eyni zamanda əlaqələrimizin səmimiliyinin göstəricisi olduğunu bildirib. Bundan başqa Azərbaycanda Slovakiya şirkətləri fəaliyyət göstərir və bu şirkətlər Azərbaycanda yol tikintisi, müxtəlif layihələrin həyata keçirilməsi ilə məşğuldurlar. Slovakiya Azərbaycanla enerji, kənd təsərrüfatı, elektrik stansiyaları, ətraf mühitin qorunması və inşaat sahəsində əməkdaşlıq etməkdə daha çox maraqlıdır. Slovakiya Baş naziri Robert Fitsonun ölkəmizə rəsmi səfəri, səfər çərçivəsində imzalanan Anlaşma Memorandumu, siyasi və iqtisadi məsləhətləşmələrin aparılması, enerji sahəsindəki əməkdaşlıq Azərbaycan-Slovakiya əlaqələrində yeni mərhələnin başlanmasının bariz nümunəsidir.
Nəsib Məhəməliyev
Milli Məclisin deputatı