Azərbaycan Universitetinin tələbəsi “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı”nın qalibi olub

Azərbaycan Universitetinin Sosial işin təşkili ixtisasının I kurs tələbəsi Aygün Şükürova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin və Təhsilin İnkişafı Fondunun əməkdaşlığı ilə həyata keçirilən “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində “Hənifə Məlikova-Zərdabi adına qızların təhsilinə dəstək”  təqaüd proqramının 2025-ci il üzrə qalibi olub. Təqaüd proqramının təqdimat mərasimində proqrama seçilən 93 tələbə qıza, o cümlədən Azərbaycan Universitetinin tələbəsinə müvafiq sertifikat təqdim olunub. Aygün Şükürovaya sertifikatını Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru Yusif Qasımov təqdim edib. 

Təqdimat mərasimi layihəyə yeni qoşulan qızlarla tanışlıq, eləcə də proqram və fəaliyyət istiqamətləri barədə məlumatlandırmaq məqsədilə təşkil olunub. Mərasimdə dövlət qurumlarının, özəl sektorun, ali təhsil müəssisələrinin və tərəfdaş təşkilatların nümayəndələri iştirak ediblər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova mərasimdə çıxış edərək, layihənin qadınların təhsili və inkişafı istiqamətində atılan mühüm addımlardan biri olduğunu bildirib. Elm və təhsil naziri Emin Əmrullayev çıxışında qeyd edib ki, qızların təhsilinə dəstək verilməsi yalnız fərdi inkişaf üçün deyil, həm də bütövlükdə cəmiyyətin tərəqqisi üçün böyük əhəmiyyət kəsb edir. 

Təqaüdçülərin təltif edilməsi ilə davam edən mərasim bədii hissə ilə yekunlaşıb.

Qeyd edək ki, “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı” 2021-ci ildən etibarən həyata keçirilir və proqram çərçivəsində indiyədək 250-dən çox qız tələbənin təhsil və peşəkar inkişafına dəstək göstərilib.