Azərbaycan və Aİ arasında əməkdaşlıq yüksək səviyyədədir

“Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər ölkəmizin əldə etdiyi müstəqillikdən sonra inkişaf etməyə başlamışdır. Bu gün tərəflər arasında bərabərhüquqlu tərəfdaşlıq əsasında qurulmuş münasibətlər xarici siyasətimizin prioritet istiqamətlərindəndir. Əlaqələrimizin inkişafını, davamlılığını təmin edən isə 2018-ci ildə paraflanmış “Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri” adlı sənəddir. Və sənəddə göstərilir ki, bir-birinin ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi və ölkələrin beynəlxalq sərhədlərinin toxunulmazlığı öhdəlik olaraq götürülüb”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında yeni sazişin imzalanması ilə bağlı tərəflər arasında danışıqlar davam edir: “Rəqəmlərə diqqət etsək, Azərbaycanın ən böyük ticarət tərəfdaşları arasında Avropa İttifaqının xüsusi yeri var. Avropa ölkələri ilə aparılan iqtisadi əlaqələrin həcmi Azərbaycanın ümumi ixracının 40 faizini təşkil edir. Siyasi məsələlərə gəlincə Avropa İttifaqının Ermənistan-Azərbaycan danışıqlarında yeni format olaraq ortaya qoyduğu işlər təqdirəlayiqdir. Bilirsiniz ki, ATƏT-in Minsk qrupu 28 il heç bir faydalı işlə məşğul ola, münaqişənin həlli ilə bağlı addımlar ata bilmədi. Haqlı olaraq Cənab Prezident İlham Əliyev də Minsk qrupunun tarixin arxivinə atıldığını qeyd edir və bütün görüşlərdə də bunu açıq şəkildə bildirir. Avropa İttifaqının münaqişənin həlli, iki ölkə arasında danışıqların məhsuldar aparılması üçün atdığı addımlar öz nəticələrini verməkdədir. Aİ Şurasının Prezidenti Şarl Mişel Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində səylər həyata keçirir. Onun iştirakı ilə Azərbaycan və Ermənistan liderləri 2021-ci ilin dekabr, 2022-ci ilin aprel və may aylarında 3 dəfə Brüsseldə görüşüblər”.

A.Hüseynov bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen arasında imzalanan memoranduma diqqət çəkərək bildirib ki, Azərbaycanla Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” enerji sahəsində əməkdaşlığı artıracaq: “Qeyd edildiyi kimi sabah Brüsseldə Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının iclası baş tutacaq və burada ikitərəfli münasibətlərin inkişafı müzakirə olunacaq. Məqsəd odur ki, mövcud olan güclü əməkdaşlıq daha da möhkəmlənsin. Azərbaycanın ən böyük ticarət tərəfdaşı olan Avropa İttifaqı ölkəmizə ən çox investisiya qoyan aktor kimi əlaqələri genişləndirsin. İqtisadiyyat və İnvestisiya Planı çərçivəsində 2 milyard avro Azərbaycana cəlb olunur. 25 min azərbaycanlı kiçik və orta sahibkara dəstək, Bakı Limanının dayanıqlı haba çevrilməsi istiqamətində işlər görülür ki, bu Avropa üçün vacibdir. Aİ Mərkəzi Asiya və onun hüdudlarından kənarda əlaqələr qurmaq üçün Azərbaycanla işləmək istəyir. Ona görə də Trans-Xəzər əlaqələnməsi ilə bağlı müzakirələr aparılır. Eyni zamanda, Avropa ortaq Aviasiya sahəsi ilə bağlı sazişi tamamlamaq istəyir. Bu da turizm, biznes və ticarətə təkan verəcək. Azərbaycanın öz potensialından tam istifadəsi üçün onun etimad mühiti yaratması vacibdir ki, burada da vətəndaş cəmiyyətinin fəal iştirakı, azad və müstəqil medianın təminatı əsas elementlərdir. Aİ inkişaf edən və stabil Cənubi Qafqazın yaradılmasına sadiqdir. Bu barədə çıxışında xanım Ursula Fon der Lyayen ətraflı danışıb. İnanırıq ki, Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq davamlı şəkildə dərinləşəcək və inkişaf edəcək”.