“Azərbaycan və Qazaxıstan münasibətlərin  yüksələn xətlə inkişafında maraqlıdır”

Azərbaycan bütün tərəfdaşlarla, o cümlədən Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə münasibətləri inkişaf etdirir. Qazaxıstan da bu mənada ən önəmli strateji müttəfiqlərdən biridir. Prezident İlham Əliyevin Qazaxıstan mətbuatına müsahibəsində də Bakı ilə Astana arasında münasibətlərin yüksək səviyyəyə çatdığı vurğulanır. Ölkələrimiz artıq 20 ildir ki, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalayıb.  İki ölkənin bu vaxta qədər imzaladığş 170 əməkdaşlıq sənədi siyasi, iqtisadi-ticari, investisiya, mədəni-humanitar və digər sahələrdə səmərəli əməkdaşlıq mexanizmlərinin yaranmasına səbəb olub.

Eyni zamanda Ali Dövlətlərarası Şura iki ölkə arasındakı münasibətləri daha da inkişaf etdirir. Bu Şura iki ölkə arasında münasibətlərin ən üst səviyyəsini xarakterizə edir.

Dövlət başçılarının qarşılıqlı səfərləri isə ikitərəfli münasibətlərdə yeni səhifə açır. Liderlər təmasları strateji tərəfdaşlığı, müttəfiqliyi möhkəmləndirmək üçün çox faydalı hesab edir.

Bakı və Astana çoxtərəfli formatlarda, xüsusilə beynəlxalq və regional təşkilatlar çərçivəsində də bir-birini dəstəkləyir.

Azərbaycan və Qazaxıstan hər zaman regionda təhlükəsizlik sistemi ilə bağlı olan məsələləri diqqətdə saxlayır.

Dünyada məhz nəqliyyat-logistika imkanlarına çıxış uğrunda mübarizənin kəskinləşdiyi bir vaxtda ölkələrimizin beynəlxalq nəqliyyat dəhlizlərindəki rolu bu sahədə yeni perspektivlər açır. Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi Avropa ilə Asiya arasında etibarlı və effektiv ticarət bağlantısı kimi dəyərləndirilir. Ötən il dövlət başçılarının iştirakı ilə Qazaxıstandan keçməklə Çin Xalq Respublikasından Azərbaycana qədər yol qət edən konteyner qatarının rəmzi qarşılanması mərasimi də baş tutdu. Bu isə TransXəzər nəqliyyat dəhlizinin artıq reallığa çevrilməsi deməkdir. Prezident İlham Əliyevin də söylədiyi kimi, bu layihə böyük dərəcədə regional əməkdaşlığın səviyyəsini müəyyən etməsinin rəmzlərindən biridir, çünki qonşularla yaxşı münasibət olmadan tranzit ölkə olmaq mümkün deyil. Bu mənada Bakı ilə Astana regional əməkdaşlığa, qonşularla münasibətlərin möhkəmləndirilməsinə sadiqliyini nümayiş etdirir.

2024-cü ildə tranzit həcmlərinin mərhələli şəkildə artırılması və tariflərin aşağı salınması haqqında saziş imzalanıb.

Aktau və Ələt limanları vasitəsilə daşımaların səmərəliliyini artırmaq üçün isə  infrastrukturun modernləşdirilməsi, qatarların və s. yenilənməsi üzrə həyata keçirilən tədbirlər Orta Dəhlizin Avropa ilə Asiya arasında əsas tranzit marşrutu kimi mövqeyinin möhkəmlənməsinə imkan verəcək.
Yaşıl energetikanın inkişafı da ikitərəfli gündəlikdə mühüm yer tutur. Təsadüfi deyil ki, 2024-cü ildə Azərbaycan, Qazaxıstan və Özbəkistan enerji sistemlərinin birləşdirilməsinə və bərpaolunan enerji mənbələrinin təşviqinə yönəlmiş bir sıra strateji sazişlər və memorandumlar imzalayıb.

Azərbaycan və Qazaxıstan münasibətlərin  bundan sonra da yüksələn xətlə inkişafında maraqlıdır. Bu isə öz növbəsində Xəzəryanı ölkələrin və Türk dünyasının inkişafına zəmin yaradır. Prezident İlham Əliyev müsahibəsində onu da vurğulayıb ki, Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycan ilə Qazaxıstan arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində aparıcı rola malikdir, siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və humanitar əməkdaşlığın inkişafı üçün hərəkətverici platforma rolunu oynayır.