Azərbaycan-Vyetnam əlaqələri  genişləndiriləcək

Azərbaycan ilə Vyetnam arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanat iki ölkə arasında  əlaqələri daha yüksək pilləyə qaldıran bir sənəddir. Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın səfəri zamanı ölkələrimiz arasında bir çox istiqamətlər üzrə də sənədlər imzalandı.

Səfərlə əlaqədar mətbuata bəyanatında Prezident İlham Əliyev qeyd etdi ki, birgə səylər nəticəsində ticarət, iqtisadiyyat, mədəniyyət, təhsil, energetika, nəqliyyat və digər istiqamətlər üzrə çox ciddi əməkdaşlıq potensialı var. Ölkələrimiz yaxın gələcəkdə energetika sahəsində əməkdaşlığı daha da genişləndirəcək.

Ölkəmizin bərpaolunan enerji sahəsində çox böyük imkanları, potensialı var. İmzalanmış kontraktlar 5 il bundan sonra bizə 6500 meqavat gücündə yeni enerji, təmiz enerji güclərini qazandıracaq. Həmçinin Azərbaycan Vyetnamda bərpaolunan enerji növlərinə sərmayə yatırmaqda maraqlıdır. Azərbaycan və Vyetnamın müdafiə sənayesi sahəsində çox böyük perspektivləri var. Hər iki ölkədə sənayenin bu istiqaməti kifayət qədər inkişaf edib. Burada da səylərin birləşdirilməsi, birgə müəssisələrin yaradılması və qarşılıqlı əməkdaşlıq fayda gətirə bilər.

Mətbuata bəyanatında Prezident İlham Əliyev diqqətə çatdırdı ki, ölkələrimizin beynəlxalq təşkilatlardakı birgə fəaliyyəti çox ürəkaçandır. Vyetnam bir neçə il bundan əvvəl Azərbaycanı BMT Təhlükəsizlik Şurasında çox ciddi dəstəkləmişdir Eyni zamanda, ölkələrimiz Qoşulmama Hərəkatı çərçivəsində birgə fəaliyyət göstərir. Azərbaycan bu təsisata 4 il sədrlik etmişdir və çox gözəl bir iz buraxmışdır. Bu gün Qoşulmama Hərəkatının daha da sanballı təsisat kimi fəaliyyəti hər iki ölkənin marağındadır.

Azərbaycan və Veytnamın beynəlxalq hüququn aliliyi mövzusunda heç bir fikir ayrılığı yoxdur. Hər iki ölkə o qənaətdədir ki, bütün məsələlər ölkələrin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı əsasında - beynəlxalq hüquq çərçivəsində öz həllini tapmalıdır. Bütün mübahisəli məsələlər danışıqlar yolu ilə, sülh yolu ilə həll olunmalıdır.

Əlişah Rəcəbov,

YAP Ağdaş rayon təşkilatının sədri