Azərbaycançılığın yaşarılığının təntənəsi

 Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Daşkəsəndə rəsmi səfərində “AzerGold” QSC-nin “Çovdar” İnteqrəolunmuş Regional Emal sahəsində olarkən Azərbaycan televiziyasına müsahibəsində qeyd etdi ki, belə səfərlərdə regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası ilə bağlı verilən tapşırıqlar yerində yoxlanılır. Cənab Prezident Azərbaycanın dinamik iqtisadi inkişafından, onun istiqamətlərindən, iqtisadiyyatın səviyyəsində Daşkəsənin potensialından və s. söz açaraq dedi: “İkinci Qarabağ müharibəsində Suqovuşan qəsəbəsi də işğaldan azad edildi və Naftalandan Suqovuşan qəsəbəsinə məsafə o qədər də böyük deyil. Mənim tapşırığımla yeni yolun çəkilişi də təmin edilir və beləliklə, bu zona vahid bir turizm məkanı olacaq”. Vahid turizm məkanı həm turistlərin Azərbaycana cəlb edilməsində, həm də onların Vətən müharibəsində qazanılan Zəfər haqqında təəssüratlarının genişlənməsində, zənginləşməsində böyük əhəmiyyəti olacaq. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev müsahibədə Zəfərdən sonrakı vəziyyətlə bağlı fikirlərini də bildirdi. Bu fikirlər istər Ermənistana, istərsə də dünya dövlətlərinə Azərbaycanın xarici siyasətinin istiqamətləri haqqında əlavə bilgi verdi. Cənab Prezident müxbirin sualına aydınlıq gətirərək dedi: “Şarl Mişel İrəvanda olarkən sərhəd ərazilərini mübahisəli ərazilər adlandırdı. Sözün düzü, mən də bu ifadə ilə razı deyiləm. Çünki biz hesab edirik ki, bu, bizim ərazilərdir. Mən hesab edirəm ki, bu, Zəngəzur ərazisidir. Zəngəzur isə bizim dədə-baba torpağımızdır və biz öz ərazimizdəyik”. Müxbirin iyulun 20-də Rusiyaya işgüzar səfər, Rusiya Prezidenti Vladimir Putinlə görüş haqqında sualına cavabında Cənab Prezidentin “Necə ola bilər dəmir yolu açılsın ki, Ermənistan İranla, Rusiya ilə dəmir yoluna malik olsun, amma biz avtomobillə Naxçıvana gedə bilməyək?..” məntiqi sualı təkcə Ermənistana deyil, dünya dövlətlərinə ünvanlanıb. Real, düzgün, bəşəri cavab birdir və belə bir məntiqi suala alternativ cavab mövcud deyil. Yəni, Azərbaycanın xarici siyasəti Azərbaycanın həm nüfuzunun, həm də sabahlarının qarantıdır. Azərbaycan Respulikasının Prezidenti Cənab İlham Əliyevin hər çıxışı azərbaycançılığın yaşarılığının təntənəsidir.

Səbinə Xasayeva,

Milli Məclisin deputatı