Azərbaycanda 2024-cü ilin yekunları

2024-ci il Azərbaycan üçün hərtərəfli inkişaf ili kimi əlamətdar hadisələrlə yadda qaldı. Xüsusilə xarici siyasətimizdə nəticəyönümlü uğurlar dövlətimizin gücünə əlavə güc qatdı. Ölkəmiz üçün bu il ən çox nə ilə yadda qaldı deyə soruşulsa, təbii ki, bunun Azərbaycanın möhtəşəm ev sahibliyi ilə yadda qalan COP29 konfransı olması heç kimdə şübhə doğurmur. Həmçinin, bu ilin Yaşıl dünya naminə həmrəylik ili olması ilə əlaqədar sözün əsl mənasında ölkədə ilboyu bir “yaşıl strategiya” həyata keçirildi. BMT-in İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına ev sahibliyinin dünyanın 200-ə yaxın ölkəsi tərəfindən Azərbaycana həvalə olunması və uğurlu COP29 tədbirinin keçirilməsi beynəlxalq arenada qazandığımız növbəti uğur oldu. Bu, ölkə Prezidentinin apardığı mütərəqqi və uğurlu diplomatik siyasət nəticəsində baş verdi. COP29 çərçivəsində qəbul edilən tarixi nailiyyət Bakı Maliyyə Hədəfi, Paris Sazişi çərçivəsində təsis edilən İtki və Zərər Fondunun tam işlək vəziyyətə gətirilməsi, həmçinin karbon bazarlarına dair 6-cı maddə üzrə on illik müzakirələrə son qoydu. Yeni mexanizm vasitəsilə karbon maliyyə axınlarının illik 1 trilyon dollara çatması gözlənilir ki, bu da milli iqlim planlarının həyata keçirilməsi üçün əlavə maliyyə mənbələri yaradır. COP29 İqlim Konfransı Azərbaycanın qlobal səhnədə iqlim dəyişikliyi ilə mübarizədə lider ölkə kimi mövqeyini daha da möhkəmləndirdi. Bakı bu möhtəşəm tədbirə ev sahibliyi etməklə yalnız iqlim siyasətində liderlik göstərmədi, həm də qlobal ekoloji strategiyaların inkişafına mühüm töhfələr verdi. COP29 Azərbaycanın onminlərlə qonağı ola biləcək qlobal tədbirləri yüksək səviyyədə həyata keçirə biləcək potensialının olduğunu göstərdi. Bu, həm də Azərbaycanın qətiyyətini və diplomatların iqlim danışıqlarındakı qabiliyyətini dünyaya nümayiş etdirdi. Ölkə daxili uğurlara nəzər salsaq, “Böyük Qayıdış” Proqramının icrası, işğaldan azad olmuş ərazilərdə bərpa, quruculuq işləri uğurla davam etdirilməsini xüsusi qabarda bilərik. Bu günədək 167 min hektardan çox ərazi minadan təmizlənib. Dövlət başçısı bu il işğaldan azad olmuş ərazilərə ilk səfərini fevral ayında Xocalı şəhərinə edib. Burada Prezident Xocalı sakinləri ilə görüşüb və tarixi ədalətin bərpa olunmasından danışıb. Daha sonra may ayında Füzuli rayonunda Köndələnçay su anbarı kompleksinin, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun inşa edilmiş birinci tuneli, Şuşada şirin su hamamının açılışı olub. Məhz, 20 sentyabr, Dövlət Suverenliyi günündə Xankəndi şəhərində Qarabağ Universitetinin açılışında da cənab Prezident şəxsən iştirak edib, universitetin müəllim və tələbə heyəti ilə görüşüb. Bu il həm də Cəbrayılda ilk yaşayış kompleksi tamamlanıb və mənzillər təhvil verilib. Bu il, həmçinin, dövlətin "Yaşıl Enerji" strategiyası çərçivəsində Cəbrayıl və Zəngilanda böyük miqyaslı günəş və külək elektrik stansiyalarının tikintisi başa çatdırıldı. Xüsusən, Laçın və Kəlbəcər rayonlarında şəhərsalma və yenidənqurma işləri dövlətin diqqət mərkəzində oldu. Ölkəmiz BMT tərəfindən, səsvermə yolu ilə 2026-cı ildə Dünya Şəhərsalma forumuna və Dünya Ətraf Mühit gününə evsahibliyi etmək haqqı qazanmışdır. Bakıda 2026-cı ildə keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumunun (WUF13) minlərlə beynəlxalq iştirakçıya dayanıqlı və sağlam şəhərlərin inkişafı sahəsində Azərbaycanın nailiyyətləri ilə tanış olmaq üçün gözəl fürsət olacaq. 27 iyun 2024-cü il – Bu gün BMT-nin Ətraf Mühit Proqramının (UNEP) İcraçı direktoru xanım İnger Andersenin Bakıya rəsmi səfəri çərçivəsində UNEP və Azərbaycan Respublikası tərəfindən 2026-cı ildə ölkədə Ümumdünya Ətraf Mühit Gününün keçiriləcəyi elan edilmişdir. 5 iyun 2026-cı il tarixində Bakıda keçiriləcək Ümumdünya Ətraf Mühit Günü ətraf mühit ilə bağlı əməkdaşlığı və məqsədyönlü fəaliyyəti ehtiva edən ən böyük qlobal platformadır. 2024-cü il XXI əsrdə müstəmləkəçilik və müstəmləkəçiliyin yeni formaları ilə mübarizə aparan Bakı Təşəbbüs Qrupunun uğurlu advokasiya fəaliyyəti ilə də yadda qaldı. Belə ki, BTQ-nin fəaliyyətə başlamasından keçən 1 il 4 ay ərzində əməkdaşlıq etdiyi ərazilərin sayı 18-ə çatıb. 2024-cü ildə Qəmər Adaları da əhatə dairəsinə qoşulub. Bu il 17 beynəlxalq konfrans keçirilib və onların bəziləri BMT qərargahlarında, Nyu-Yorkda, Cenevrədə baş tutub. Həmçinin BMT-nin İnsan Hüquqları Komitəsindən Fransa hökumətinin Martinik və Yeni Kaledoniyada həyata keçirdiyi müstəmləkəçilik haqqında hesabat istənilmişdi. Bu, son 5 ildə Fransa hökuməti qarşısında ilk tələb idi. Qərbi Azərbaycan İcmasının fəallığı, həmçinin beynəlxalq fəaliyyətini xüsusilə qeyd etmək lazımdır. İcmanın fəaliyyətinin əsasını təşkil edən Qayıdış Konsepsiyasının uğurlu icrası, bu konsepsiyaya uyğun olaraq ölkə daxilində və xaricdə genişmiqyaslı işlərin görülməsi, tədbirlərin həyata keçirilməsi, Barselona, Vyana, Cenevrə, Nyu York, Polşa kimi şəhərlərdə, beynəlxalq tədbirlərdə iştirak, o cümlədən BMT, ATƏT kimi beynəlxalq təşkilatlarla mandatına uyğun əməkdaşlıq İcma üçün ilin əsas uğurlarından olmuşdur. Azərbaycanın şaxələndirilmiş diplomatik fəaliyyəti göstərir ki, ölkə yalnız regional layihələrlə kifayətlənməyərək, beynəlxalq arenada fərqli güc mərkəzləri arasında tarazlıq yaratmağa çalışır. BRİCS ölkələri ilə qurulan dialoq və əməkdaşlıq həm qlobal miqyasda təsirli inteqrasiyanın bir hissəsi kimi çıxış edir, həm də Azərbaycanın xarici siyasətinin müstəqil və balanslı xarakterini əks etdirir. Bu il Azərbaycanın Qahirədə keçirilən (D8) İqtisadi Əməkdaşlıq Təşkilatının Samitində bu təşkilatın üzvlüyünə qəbul edilməsi çox əlamətdar hadisədir. Dünya müsəlmanlarının 60%-ni, yəni 1,1 milyard insan olmaqla dünya əhalisinin 15%-ni birləşdirən 4 trilyon dollar ÜDM -ə malik bu təşkilata üzvlüyümüz Azərbaycana yeni imkanlar qazandıracaq. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə yaradılmış Parlament şəbəkəsi öz işini bu il də uğurla davam etdirib və hazırda da ona Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə xanım Qafarova rəhbərlik edir. Bu çərçivədə böyük miqyaslı beynəlxalq tədbirlər keçirilmişdir və Azərbaycan sədrliyi təşkilat daxilində parlament diplomatiyasının gücləndirilməsi və inkişafına dəstək olmaqda davam edir. Bu il ölkəmizdə həm prezident, həm də parlament seçkiləri keçirilmişdir. 2024-cü il fevralın 9-da keçirilmiş prezident seçkiləri Azərbaycan xalqının onun liderliyinə və ölkənin gələcək inkişafına olan etimadının bariz ifadəsi oldu. İlham Əliyev, xalqın böyük dəstəyi ilə yenidən prezident seçilərək Azərbaycanın siyasi sabitliyi və davamlı inkişafı üçün liderlik missiyasını davam etdirməyə hazır olduğunu nümayiş etdirdi. 1 sentyabr tarixində ölkə ərazisində keçirilmiş növbədənkənar parlament seçkiləri isə ilk dəfə müstəqil Azərbaycanın bütün suveren ərazilərində baş tutdu və VII Çağırış Parlament yeni tərkibdə fəaliyyətə başladı. Parlamentimizdə bir çox mütərəqqi qanun layihələri qəbul edildi. İlin sonlarına doğru qəbul edilən “Diplomatik Xidmət” haqqında Azərbaycan Respublikasının qanunu çağdaş dövrün tələblərinə uyğun hazırlanmışdır. Bu il qeyri-hökumət təşkilatlarının beynəlxalq sahədə uğurlarını da sadalamaq yerinə düşərdi. Hazırda QHT-lərimiz beynəlxalq mühitin imkanlarından istifadə edərək beynəlxalq tədbirlərdə təmsil olunur, beynəlxalq tədbirlər təşkil edir və keçirir, beynəlxalq tədbirlərdə müzakirə olunması üçün mövqe sənədləri və ya alternativ hesabatlar göndərirlər, beynəlxalq təşkilat, fond və Konvensiyalara müşahidəçi olur, beynəlxalq təşkilat yaradırlar. Cənubi Qafqaz regionunda təmiz ətraf mühitin mühafizəsi üzrə fəaliyyət göstərən və Ermənistanın qeyri-şəffaf dağ-mədən sənayesi ilə mübarizə istiqamətində “Environmental Protection First” Koalisiyasının beynəlxalq QHT-lərlə uğurlu advokasiya fəaliyyəti də davam edib. Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri ötən ay ölkəmizdə tarixi nailiyyətlərlə yadda qalan COP29 tədbiri zamanı xüsusi fəallıq nümayiş etdirmiş, həmçinin Konvensiyaya tərəf olan dövlətlərin kollektiv qərarına əsasən 4 Azərbaycan QHT-si Konvensiya yanında daimî əsaslarla müşahidəçi statusu əldə etmişdir. İlin əvvəlində Cənab Prezidentin mütərəqqi sərəncamı ilə 6 vətəndaş cəmiyyəti nümayəndəsinin COP29 Təşkilat Komitəsinin tərkibinə daxil edilməsi ölkə başçısının QHT-lərə yüksək etimadından və onların cəmiyyətdəki roluna verdiyi önəmdən irəli gəlir. Ən inkluziv COP-lardan 1-i kimi yadda qalan COP29-da iştirakçılıq sayına görə 2-ci yerdə QHT nümayəndələrinin olması COP29-un dünya QHT-ləri üçün əhəmiyyətini göstərdi. Ulu Öndərin “Azərbaycan dünyaya günəş kimi doğacaq” ifadəsini hazırda tam hiss edirik.

Pərvanə Vəliyeva

Milli Məclisin deputatı