“Azərbaycanda bu sahədə görülən tədbirlər öz səmərəliliyini göstərir”

Aparılan araşdırlamar onu deməyə əsas verir ki, Pandemiyanın endemik xarakter alması üçün Ümumdünya Səhiyyə Təşkilatı peyvəndləmə prosesinin daha sürətlə getməsinin vacibliyini bəyan edir. Lakin son vəziyyətin təhlili bu xüsusda hələ də ciddi problemlərin olduğunu üzə çıxarır. Ümumdünya Səhiyyə Təşkilatı dünya əhalisinin 70 faizinin 2022-ci ilin ortalarına qədər peyvənd olunması strategiyasını müəyyən etsə də, bu hədəfə çatmaq mümkün görünmür. Əsas səbəb koronavirusla bağlı “peyvənd millətçiliyi”nin davam etməsidi.

Bəli, “Omicron” ştamı artıq dünya ölkələri üçün yeni bir problemə çevrilməkdədir. Belə ki, “Omicron” ştamı meydana çıxdıqdan sonra bu infeksiyaya yoluxanların sayında ciddi artım müşahidə edilir. Ötən müddət ərzində 325 milyona yaxın şəxs koronavirusa yoluxub, 5,5 milyondan artıq insan bu infeksiyadan həyatını itirib.

Onu da qeyd edək ki, virusa yoluxanların sayında qeydə alınan yeni rekordlar dünyanın bir çox ölkələrində səhiyyə sisteminin yüklənməsinə gətirib çıxarır. Azərbaycanda dünyanın bir çox ölkələri, o cümlədən Qərb dövlətləri ilə müqayisədə koronavirusla bağlı vəziyyət məqbul səviyyədədir. Ölkəmizdə hazırda 46 xəstəxana koronavirus xəstələrinin müalicəsi ilə məşğuldur. Aktiv daşıyıcılar olan xəstələr üçün ümumilikdə hazırda 10 min çarpayı ayrılıb və hazırda onlardan cəmi 10 faizi doludur;

Azərbaycanda bu sahədə görülən tədbirlər öz səmərəliliyini göstərir. Bundan irəli gəlir ki, Azərbaycan bu xəstəlikdən itkilərin az olduğu ölkələr siyahısındadır. Real vəziyyət göstərir ki, ölkəmizdə yoluxma sayı sürətlə artarsa, bunun öhdəsindən gəlmək üçün ölkədə bütün imkanlar mövcuddur. Hazırda xəstəxanalarda kifayət qədər çarpayı ehtiyatı var, reanimasiyalar ağır xəstələr üçün hər cür tibbi avadanlıqlarla təmin olunub. Aparılan hesablamalar göstərir ki, Azərbaycanda vaksinasiya prosesi də uğurla gedir və 8 yaşdan yuxarı olan əhalinin təxminən 65 faizi artıq peyvəndin hər iki dozasını alıb. Eyni zamanda, “buster” dozanı vurduranların sayı 1,7 milyonu keçir. Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 12 milyona yaxınlaşır. Yaranmış vəziyyətdə Azərbaycan dünyanın bir çox ölkələrində olduğu kimi pandemiya səbəbindən yenidən sərt qapanmalara ehtiyac görmür. Bununla belə ölkəmizdə peyvəndləmə prosesi yenə yüksək fəallıqla davam etdirilməlidir. Nəzərə alınmalıdır ki, yoluxuculuq qabiliyyəti yüksək olan “Omicron” ştamı artıq Azərbaycanda da qeydə alınıb. Belə olan halda, vətəndaşların daha məsuliyyətli davranması zəruri şərt kimi çıxış edir.

Ədil Ədilzadə

Yeni Həyat İqtisadi İnkişaf İctimai Birliyinin sədri