Azərbaycanda səfərdə olan Türkiyənin Ədalət və İnkişaf Partiyasının nümayəndə heyəti Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

İyulun 26-da ölkəmizdə səfərdə olan Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası Sədrinin birinci müavini Numan Kurtulmuşun başçılıq etdiyi nümayəndə heyəti və Yeni Azərbaycan Partiyası Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Fəxri xiyabana gələrək, Azərbaycan xalqının Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarını ehtiramla yad edərək məzarı önünə əklil qoyub, gül dəstələri düzüblər.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi də yad edilib, məzarı üzərinə tər çiçəklər düzülüb.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və görkəmli həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri qoyulub.

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri düzərək, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulublar.

Qonaqlar, həmçinin 1918-ci ildə Bakının azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsini ziyarət ediblər. Abidənin önünə əklil və gül dəstələri qoyulub.

Nümayəndə heyətinin rəhbəri Numan Kurtulmuş “Türk şəhidliyi” abidəsinin xatirə kitabına ürək sözlərini yazıb.