"Artıq Azərbaycanda yeni sosial paketin icrasına start verilib. Cənab Prezident tərəfindən imzalanan sənədlər ölkəmizdə əhalinin sosial təminatının daha da gücləndirilməsinin prioritetliyini və dövlət başçısının siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayandığını bir daha təsdiq edir".
Sabahinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deputat Vüqar Bayramov deyib. O bildirib ki, 3 milyon vətəndaşımızı əhatə edəcək yeni sosial paket 1 milyon 100 min vətəndaşımızın pensiyalarında, minimum əməkhaqqı məbləğinin yüksəldilməsi nəticəsində 700 mindən çox vətəndaşımızın maaşlarında, eləcə də sosial müavinət və təqaüdlərdə artımları reallaşdıracaq.
Deputat qeyd edib ki, fevral ayından etibarən minimum pensiya məbləği 14.3 faiz artırılaraq 320 manata çatdırılıb: "Bu orta və median pensiya məbləğlərində artımlara xüsusi töhvə verəcək. Sosial paket yalnız maaş və pensiya deyil, eləcə də sosial müavinət və təqaüdlərdə də artımı özündə ehtiva edəcək. Növbəti mərhələdə sosial müavinət və artımlar ilə bağlı da qərarlar veriləcək. Cənab Prezident tərəfindən sosial müavinətlər və təqaüdlərin artırılması ilə bağlı Nazirlər Kabinetinə tapşırıq verilib. Nazirlər Kabineti tərəfindən artıq bu istiqamətdə təkliflərin hazırlanması həyata keçirilir. Təkliflərin hazırlanması, maliyyə əsaslandırılmasının aparılması başa çatdıqdan sonra bu istiqamətdə artımlar reallaşacaq".