Azərbaycanda vətəndaş amili dövlət siyasətinin əsasında duran əsas göstəricidir

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına verdiyi müsahibəsində iqtisadi artım templərinin qorunub saxlanması, hər il ölkəmizdə əhalinin sosial rifah halının, maddi güzəranının daha da yaxşılaşdırılması, gücləndirilməsi ilə bağlı icra olunan əhatəli layihələr və cari il üçün Azərbaycan hökuməti tərəfindən iqtisadi, sosial layihələrlə bağlı hazırlanmış planlar, bu istiqamətdə müəyyən edilmiş dövlət strategiyası barədə təqdim etdiyi açıqlamalar böyük əhəmiyyət kəsb etmiş oldu”. Bu sözləri Azərbaycan Respublikası Milli Məclisinin deputatı, professor Aqiyə Naxçıvanlı deyib.

Milli Məclisin deputatı Prezident İlham Əliyevin müsahibəsində sosial-iqtisadi məsələlərlə bağlı məqamların geniş əhatə olunduğunu qeyd edərək bildirib ki, bu yanaşma ölkəmizdə məhz vətəndaş amilinin dövlət siyasətinin əsasında duran əsas göstərici olduğunu bir daha sübut edir: “Bu gün Azərbaycanda Prezident İlham Əliyev tərəfindən aparılan siyasət imkan verir ki, sosial sahə daim diqqət mərkəzində olsun və köklü iqtisadi islahatlar insanların rifah halına mənfi təsir göstərməsin. Prinsip etibarilə bu siyasətin təməlində insan amili olduğu üçün daim sosial sahəyə xüsusi diqqət göstərilir. Həm maaşların, pensiyaların, təqaüdlərin qaldırılması, həm də sosial obyektlərin yaradılması, şəhid ailələrinə, keçmiş məcburi köçkünlərə diqqətin göstərilməsi kimi sosial paket imkan verir ki, ölkədə iqtisadi islahatlar uğurla həyata keçirilsin. Dövlətimizin başçısı tərəfindən ötən il qəbul edilmiş qərarların məqsədində də məhz bu amil dayanır. Bu qərarlar dünyada gedən qlobal bahalaşma prosesi fonunda Azərbaycanda da bəzi ərzaq məhsullarının, o cümlədən çörəyin qiymət artımından vətəndaşlarımızın əziyyət çəkməməsi məqsədinə sərrast hesablanıb. Nəzərə almaq lazımdır ki,  çörəyin qiymətinin qalxması qaçılmaz idi. Dünyada taxılın, buğdanın qiyməti kəskin şəkildə artıb. O cümlədən Azərbaycanın əsas buğda təchizatçısı olan Rusiyada həm qiymətlər, həm də ixrac rüsumları artmışdır və artmaqda davam edir. Bunu nəzərə alaraq ölkəmizdə çox geniş sosial paket həyata keçirildi. Minimum əməkhaqqı 20 faiz, minimum pensiya 20 faiz, təqaüdlər, sosial müavinətlər artırıldı. Bütövlükdə bu, ölkənin büdcəsinə 1,5 milyard manat vəsaitə başa gəldi və əhatə dairəsi 2 milyon insandan çoxdur. Təbii ki, bu artan maaşlar çörəyin qiymətinin qalxmasının təzminatı kimi qiymətləndirilə bilər və bu addım birinci dəfə deyil atılır. Məsələn, son 10 il ərzində minimum əməkhaqqı həddi bir neçə dəfə qaldırılıb. Lakin Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu gün ölkəmizdə insanların sosial rifahının yaxşılaşdırılması üçün kompleks tədbirlər həyata keçirilir. Maaşların və təqaüdlərin artırılması da bu tədbirlərin sadəcə bir hissəsidir. Diqqətəlayiq haldır ki, ötən il vergi orqanları tərəfindən proqnozdan artıq toplanmış 1,4 milyard manat vəsait dərhal 1,5 milyard manatlıq sosial paketin təmin edilməsinə yönəldilmişdi. Bu, bir daha dövlətimizin sosial sahəyə nə qədər böyük önəm verdiyindən xəbər verir.”

A.Naxçıvanlı vurğulayıb ki, Prezident İlham Əliyevin öz müsahibəsində ölkəmizdə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı ifadə etdiyi fikirlər bu gün Azərbaycan cəmiyyətində ən çox müzakirə olunan və bəzən mübahisələrə səbəb olan məsələyə dair bir çox suallara aydınlıq gətirmiş oldu: “Məlumdur ki, bu gün Azərbaycan cəmiyyətində ölkəmizdə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı mütəmadi olaraq müəyyən suallar yaranır. Xüsusən bəzi xarici ölkə təmsilçilərinin Qarabağa qeyri-qanuni səfərləri cəmiyyətdə haqlı qıcıq və narahatlıq doğurur. Təbii ki, bu baxımdan Prezident İlham Əliyevin bu məsələ ilə bağlı verdiyi açıqlamalar böyük əhəmiyyət kəsb edir. İlk növbədə ictimai rəyin bu və ya digər hadisə ilə bağlı formalaşması prosesinin düzgün yönləndirilməsi son dərəcə vacib məqamdır. O cümlədən, sülhməramlıların fəaliyyətini qiymətləndirmək üçün dövlət başçımızın dediyi kimi, biz əlbəttə ki, daha geniş prizmadan yanaşmalıyıq və onların müsbət funksiyalarını da qeyd etməliyik. Heç şübhəsiz sülhməramlı qüvvələr hazırda  önəmli funksiyanı yerinə yetirirlər. Eyni zamanda, onlar Kəlbəcər, Laçın rayonlarına bizim həm hərbçilərimizin, həm də yüklərin göndərilməsini və daşınmasını müşayiət edirlər və möhtərəm Prezidentimiz də qeyd etdi ki, onların ümumi fəaliyyətinə müsbət yanaşır. Həmçinin nəzərə almaq lazımdır ki, keçən il Azərbaycan-Rusiya əlaqələrində yeni bir element yarandı. Əlbəttə, bu əlaqələr həmişə çox müsbət olub. Amma keçən il bu əlaqələr daha da dinamik oldu, təmaslar çoxaldı. O cümlədən prezidentlər səviyyəsində və digər səviyyələrdə. Sülhməramlıların yerləşdirilməsi ikitərəfli əlaqələrə problem də yarada bilərdi, ya da ki, ikitərəfli əlaqələri gücləndirə bilərdi. Lakin sülhməramlı missiyanın Azərbaycan tərəfdaşları ilə münasibətləri ikitərəfli əlaqələrə müsbət təsir göstərdi. Ona görə bunu bütün Azərbaycan vətəndaşları da bilməlidirlər.

Xüsusiə qeyd olunmalıdır ki, Prezident İlham Əliyevin Valeri Pekresin son qanunsuz səfəri ilə bağlı verdiyi açıqlama da mühüm əhəmiyyət kəsb edir. İlk növbədə dövlətimizin başçısı bildirdi ki, hər dəfə belə qanunsuz səfərlər baş verdikdə rəsmi qaydada Rusiya tərəfinə irad bildirilir. O cümlədən Valeri Pekresin son qanunsuz səfəri ilə bağlı da eyni addımlar atılmışdır. Əlbəttə ki, bu, təşkil edilmiş səfər idi. Səfər zamanı Pekresin yanında Fransanın keçmiş xarici işlər naziri, avrokomissar Barnye və bir deputat olmuşdur. Məqsəd isə Fransada növbəti prezident seçkilərində erməni icmasının dəstəyini qazanmaq olub. Ən maraqlısı da budur ki, Ermənistan rəhbərliyi Pekresin bu səfərini təşkil etməklə Fransanın hazırkı prezidenti Makrona qarşı əsil nankorluq nümayiş etdirmiş olublar. Bu da bir daha xəyanətkar erməni xislətinin növbəti təzahürü olub. Əlbəttə ki, bu da onların öz işidir”.

 A.Naxçıvanlı Azərbaycanın getdikcə artan beynəlxalq nüfuzunun və bu əsasla yeni dünya düzənləməsində fəal iştirak edə biləcək ölkələr sırasında yer almasının önəmli faktor olduğunu vurğulayaraq deyib: “Əlbəttə ki, Prezident İlham Əliyevin öz müsahibəsində toxunduğu ən vacib məqamlardan biri də Azərbaycanın dünya birliyində sahib olduğu və getdikcə möhkəmlənən mövqeyi, artan nüfuzu barədə idi. Dövlətimizin başçısı birmənalı şəkildə bildirdi ki, bu gün Azərbaycan beynəlxalq aləmin məsuliyyətli üzvü kimi və Qoşulmama Hərəkatının sədri kimi, əlbəttə, bundan sonra da beynəlxalq hüququn aliliyini müdafiə edəcək. Ölkəmiz dünya təsisatlarının - BMT və İkinci Dünya müharibəsindən sonra yaradılmış digər təsisatların fəaliyyətində fəal iştirak edəcək və bu imkanlardan bu gün daha rahat istifadə edəcək. Azərbaycan artıq Qarabağ problemi kimi ağır yükü çiynindən atdı və bundan sonra yeni dünya düzənində də təşəbbüs göstərən ölkələrdən biri olacaq”.