Azərbaycanın dövlət maraqları həmişə qorunur

İkinci Qarabağ müharibəsi başa çatdı. 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanat imzalandı – Azərbaycan qalib dövlət kimi, Ermənistan məğlub dövlət kimi. İşğalçı Ermənistan bəyanatın şərtlərini yerinə yetirimir, Rusiya üçtərəfli bəyanatı imzalayan tərəflərdən biri kimi buna ciddi münasibət bildirməlidir. Bildirmir. Niyə?..

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanla Ermənistan arasında müxtəlif formatlarda sülh danışıqlar aparılıb. Lakin uğurlu nəticələr əldə edilməyib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfərində başlıca məqsəd Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında qonaq qismində iştirak olsa da bu səfərdə Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin üçtərəfli görüşü də oldu. Bu görüş sülhyaratma missiyası idi...

Mayın 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında qonaq qismində iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin üçtərəfli görüşü olacağını da bildirdi, gerçəkləşən böyük iqtisadi layihələrdən danışaraq Azərbaycanın tam iqtisadi müstəqilliyə nail olduğunu xatırladaraq dedi: “Biz tam iqtisadi müstəqilliyə nail olmuşuq. Bu da bizim uğurla həyata keçirdiyimiz müstəqil xarici siyasət kursunu aparmaq imkanının mühüm amilidir. Təxminən dörd ildir Azərbaycan 120 dövləti birləşdirən Qoşulmama Hərəkatına uğurla sədrlik edir. Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra sayca ikinci beynəlxalq təsisatdır. Azərbaycan iqtisadiyyatı özü-özünü təmin edir və kənardan dəstəyə ehtiyacı yoxdur”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında yoxsulluğun səviyyəsinin təxminən 50 faizdən 5 faizə endiyini, Azərbaycanın valyuta ehtiyatlarının xarici borcu 10 dəfə üstələdiyini, Azərbaycan iqtisadiyyatının böyük hissəsinin qeyri-xammal sektorunda formalaşdığını və s. diqqətə çatdırdı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbycan gerçəkliklərinin tarixi mahiyyətinin dünyəviliyini, regionda dayanıqlı sülhün yaradılmasının zərurliyinin təkcə region üçün deyil, həm də bəşəriyyət üçün zəruri olduğunu xatırlatdı.

Üçtərəfli görüşdə Ermənistanın baş naziri Nikol Paşinyanın gerçəkliyi ermənilik mövqeyindən təqdim etməyə cəhdini ifadə edən “... bu Bəyanatda təkcə bir dəhliz haqqında deyilir və bu, Laçın dəhlizidir. O, Rusiya sülhməramlılarının nəzarəti altında olmalı idi, lakin təəssüf ki, Azərbaycan tərəfindən qanunsuz olaraq bloklanıb. Digər tərəfdən, Ermənistan Respublikasının regionda bütün nəqliyyat və iqtisadi kommunikasiyaların və Ermənistan Respublikasının ərazisindən keçən kommunikasiyaların blokadadan çıxarılmasına hazır olduğunu vurğulamaq istəyirəm. Biz bunu erməni yolayrıcı adlandırırıq. Biz regional kommunikasiyaların onların keçdiyi ölkələrin suverenliyi və yurisdiksiyası çərçivəsində açılmasına hazırıq” fikirlərini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məntiqli fikirlərlə neytralllaşdırdı, həm də 2020-ci il noyabrın 10-da başlanan üçtərəfli bəyanatın davamı kimi: “Azərbaycan heç bir dəhlizi bloklamayıb. Laçın-Xankəndi yoluna gəldikdə, o açıqdır. Sizin tanıdığınız Ermənistan və Azərbaycan sərhədində bütün beynəlxalq normalara uyğun olaraq nəzarət-buraxılış məntəqəsi qoyulub. Bu nəzarət-buraxılış məntəqəsi Rusiya sülhməramlı kontingentinin postundan 20 metr aralıda yerləşir. Bu gün həmin nəzarət-buraxılış məntəqəsindən erməni milliyyətindən olan Azərbaycan vətəndaşları Ermənistan tərəfinə sərbəst keçirlər. O cümlədən Qırmızı Xaçın xətti ilə daşınan pasiyentlər, həmçinin Xankəndi şəhərindən təcili yardım maşınları ilə bağlı heç bir maneə yoxdur. Hər hansı qərəzsiz insan, təbii ki, bunu görməlidir. Zənnimcə, kürsüdən əsası olmayan ittihamlar üçün istifadə etmək lazım deyil. Dediyim Zəngəzur dəhlizinə gəlincə, əgər mənim çıxışıma diqqətlə qulaq asılsa, orada deyilir ki, “Azərbaycan Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü irəli sürüb”. Hər hansı təşəbbüslə çıxış etmək bizim hüququmuzdur. Bizim doğru, legitim, ağlabatan hesab etdiklərimiz, yeri gəlmişkən, o cümlədən Rusiya Federasiyası, Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanması prosesinə cəlb olunmuş digərləri tərəfindən də dəstəklənir”.

Ermənistanın baş nazirinin “...vacib hesab edirik ki, həm Laçın dəhlizinə, həm də Dağlıq Qarabağa beynəlxalq missiya göndərilsin və bu missiya Dağlıq Qarabağda humanitar vəziyyəti dəyərləndirsin” fikirləri Azərbaycanın ərazi bütövlüyünü tanıması fikri arasında uyğunsuzluq deyilmi? Xankəndi Azərbaycanın ərazisidir, Ermənistan da bu ərazini Azərbaycanın ərazisi hesab edirsə, kənar dövlət olaraq burda nəzarət-buraxılış məntəqəsinin yaradılmasından niyə narhat olur? Ora göndərməyə niyyətli olduqlarını göndərə bilməyəcəyinə görəmi? Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Moskvaya işgüzar səfəri Azərbaycanın dövlət maraqlarının qorunması ilə bir daha tarixləşdi...

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı