Azərbaycanın enerji siyasətində yeni mərhələ

Prezident İlham Əliyev: “8 Noyabr” Elektrik Stansiyası ölkəmizin ən böyük elektrik stansiyasıdır”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü il iyunun 24-də Mingəçevir şəhərinə səfəri çərçivəsində bir sıra önəmli tədbirlər baş tutub. Prezident İlham Əliyev Mingəçevirdə yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyasının ərazisində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib. Bu, Azərbaycanın müasir tarixində və enerji sahəsində Heydər Əliyevin rolunun önəmini bir daha xatırladan simvolik bir addımdır. Dövlət başçısı yeni istifadəyə verilmiş “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimində iştirak edib və layihəyə cəlb olunmuş yerli və xarici qonaqlarla görüşüb. Görüş zamanı stansiyanın strateji əhəmiyyəti vurğulanıb. İtaliya və Çin şirkətlərinin iştirakı layihənin beynəlxalq əməkdaşlıq baxımından əhəmiyyətini artırdığı qeyd olunub. Layihənin qısa müddətdə və uğurla tamamlanması xüsusi məmnunluqla qeyd edilib. Bu tədbirlər ölkənin enerji təhlükəsizliyi, dayanıqlı inkişafı və beynəlxalq tərəfdaşlıq siyasətinin bir hissəsi kimi dəyərləndirilə bilər. “8 Noyabr” Elektrik Stansiyası isə adından da göründüyü kimi, Vətən müharibəsində əldə edilən Qələbənin rəmzi olaraq həm də milli qürur layihəsi statusu daşıyır.
Prezident İlham Əliyev Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimində çıxış edərək bildirib ki, ümumilikdə ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək bu stansiyanın yaradılması və qısa müddət ərzində bütün işlərin başa çatması ölkəmizin gücünü, potensialını, energetiklərimizin təcrübəsini, peşəkarlığını göstərir: “8 Noyabr” Elektrik Stansiyası ölkəmizin ən böyük elektrik stansiyasıdır. 1880 meqavat gücündə bu stansiya bizim enerji potensialımızı təbii olaraq daha da gücləndirəcək, enerji sisteminin səmərəliliyini artıracaq və beləliklə, Mingəçevirin nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi olan statusunu daha da gücləndirəcək. Hazırda bizim elektrik enerjisinin 40 faizindən çoxu Mingəçevirdə istehsal olunur və əlbəttə ki, görülmüş bütün bu işlər bir daha Azərbaycanın doğru yolda olduğunu göstərir”. Mingəçevirdə yerləşən “8 Noyabr” Elektrik Stansiyasının açılışı Azərbaycan enerji sisteminin inkişafında mühüm mərhələdir. Bu stansiyanın istifadəyə verilməsi təkcə texniki layihənin tamamlanması deyil, eyni zamanda ölkəmizin sənaye və iqtisadi potensialının, eləcə də milli energetika strategiyasının parlaq təzahürüdür. Stansiyanın tikintisi qısa müddət ərzində, yüksək keyfiyyətlə başa çatdırılıb. Bu, ölkəmizin gücünü, dövlətimizin iradəsini, layihəyə cəlb olunmuş mütəxəssislərin – mühəndislərin, energetiklərin və işçilərin peşəkarlığını bir daha nümayiş etdirir. Eyni zamanda, layihədə iştirak edən xarici tərəfdaşlarla – İtaliya və Çin şirkətləri ilə qurulan səmərəli əməkdaşlıq, Azərbaycanın beynəlxalq etibarlılığının və investisiya cəlbediciliyinin göstəricisidir.
“8 Noyabr” Elektrik Stansiyası Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunmasında, yeni sənaye layihələrinin elektriklə təmin edilməsində və ixrac potensialının artırılmasında xüsusi rol oynayacaq. Onun adı isə təsadüfi seçilməyib – bu stansiya 2020-ci il Vətən müharibəsində əldə edilmiş tarixi Zəfərin – Qələbə Gününün rəmzi kimi, həm də milli qürur və birlik simvolu kimi tarixə düşür.
Ümumiyyətlə, Mingəçevirdə “Azərbaycan” İstilik Elektrik Stansiyasının tikilməsi Azərbaycanın enerji tarixində çox mühüm yer tutur. Qeyd etmək lazımdır ki, Azərbaycanın enerji sisteminin inkişafında Ulu Öndər Heydər Əliyevin xüsusi rolu danılmazdır. Məhz onun təşəbbüsü və birbaşa rəhbərliyi ilə 1974-cü ildə Mingəçevirdə ölkənin enerji təminatında mühüm rol oynayan “Azərbaycan” İstilik Elektrik Stansiyasının təməli qoyulmuşdur. Elə cənab Prezident çıxışında bu faktı çıxışında xüsusi xatırladıb: “Mingəçevir 1970-ci illərdə Azərbaycan energetika sektorunun mərkəzi rolunu oynamışdır. Ulu Öndərin iştirakı ilə stansiyanın birinci bloku 1981-ci ildə istismara verilmişdir. Ondan sonra digər bloklar da istismara verilərək artıq o zaman hələ sovet dövründə bu stansiya Qafqazın önəmli energetika mərkəzlərindən birinə çevrilmişdir. Təbii olaraq müstəqilliyin ilk illərində bizdə enerji qıtlığı yaranmışdır. Orta və yaşlı nəslin nümayəndələri o illəri yaxşı xatırlayırlar ki, o vaxt hətta axşam saat 12-də televiziya verilişləri də dayandırılırdı. Çünki energetika sistemimiz lazım olan həcmdə elektrik enerjisini istehsal edə bilmirdi. Həm yanacaq nöqteyi-nəzərindən çətinliklər var idi, həm də enerji sistemimiz tam köhnəlmişdi. Yalnız Ulu Öndərin təşəbbüsü ilə yaradılmış Mingəçevir stansiyası hesabına müəyyən dərəcədə fasilələrlə olsa belə, insanlara və müəssisələrə elektrik enerjisi verilirdi. Mingəçevirin tarixi energetika mərkəzi kimi zəngindir və burada formalaşmış güclü kadr potensialı, əlbəttə ki, bu gün də bizə əldə edilmiş uğurlara nail olmaq üçün imkan yaradır”. Bu mühüm addım, o dövrdə təkcə enerji istehsalını artırmaq deyil, həm də ölkənin sənaye potensialını möhkəmləndirmək baxımından strateji əhəmiyyət daşıyırdı.
Heydər Əliyev hələ ötən əsrin 70-ci illərində gələcəyə yönəlik baxışı, texnoloji inkişafı qabaqlayan təşəbbüsləri ilə Azərbaycanın uzunmüddətli enerji təhlükəsizliyinin təməlini qoymuşdur. “Azərbaycan” İES həm güc mərkəzi, həm də kadr hazırlığı baxımından məktəb rolunu oynadı – uzun illər ərzində buradan yetişən minlərlə mühəndis, texnik və energetik ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərdi.
2024-cü ildə Mingəçevirdə istifadəyə verilən “8 Noyabr” Elektrik Stansiyası isə məhz həmin böyük enerji ənənələrinin, o cümlədən Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji xəttin müasir mərhələdə davamıdır. Yeni stansiya texnoloji baxımdan nə qədər müasir olsa da, onun ideya əsaslarında Ulu Öndərin inkişaf modelinə sədaqət dayanır.
Prezident İlham Əliyev tərəfindən bu siyasətin ardıcıl şəkildə davam etdirilməsi nəticəsində Azərbaycanın enerji sektoru bu gün regionun ən etibarlı və güclü sistemlərindən birinə çevrilmişdir. Bu, təkcə daxili tələbatı qarşılamır, eyni zamanda regional enerji təhlükəsizliyinə də ciddi töhfə verir. Bu əlamətdar hadisə münasibətilə bütün energetikləri və Azərbaycan xalqını təbrik etmək yerinə düşərdi. Bu gün ölkəmiz bir daha sübut edir ki, güclü dövlət olmaq üçün iradə, planlı strategiya və fədakar əməyə əsaslanan inkişaf yolu seçilib və bu yol uğurla davam etdirilir.

 



Nurullayeva Zenfira İslam qızı
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi