“Azərbaycanın fəal iştirak etdiyi platformalarda formal heç nə yoxdur”

BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın Bakıda keçirilən Zirvə görüşü, həm tarixilik, həm də üzv dövlətlərin qarşılıqlı münasibətlərinin inkişaf perspektivləri baxımından mühüm əhəmiyyətə malikdir.

Bu sözləri Modern.az saytına açıqlamasında millət vəkili Azər Kərimli deyib. 

Millət vəkili Zirvə görüşündə Qazaxıstan, Qırğız Respublikası, Tacikistan və Özbəkistan prezidentləri və Türkmənistan Nazirlər Kabineti sədrinin müavini ilə yanaşı, Prezident İlham Əliyevin dəvəti ilə ölkəmizə gələn Gürcüstanın və Macarıstanın Baş nazirlərinin, eləcə də Körfəz Əməkdaşlıq Şurasının Baş katibinin iştirak etmələrini Azərbaycana və ölkəmizin ev sahibliyi etdiyi tədbirlərə verilən yüksək dəyər kimi qiymətləndirib: “Azərbaycanın Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təsisatlar çərçivəsindəki fəaliyyəti, eləcə də ölkəmizin təşəbbüsü və iştirakı ilə ikitərəfli, üçtərəfli əməkdaşlıq formatlarının qarşılıqlı əlaqələrin inkişafı, ortaq layihələrin həyata keçirilməsi üçün effektiv platformalara çevrilməsi dövlətimizlə bağlı, bəşəriyyətin təhlükəsiz gələcəyini qarşılıqlı faydalı əməkdaşlıqda görən ölkələr arasında dəyişməz bir rəy formalaşdırıb. Artıq hər kəs çox yaxşı bilir ki, Azərbaycanın fəal iştirak etdiyi əməkdaşlıq platformalarında formal heç nə yoxdur, əksinə dövlətlərin suveren hüquqlarına qarşılıqlı hörmət, sülhə, təhlükəsizliyə, əminamanlığa, sosial-iqtisadi rifaha xidmət edən real inkişaf perspektivləri var”. 

Azər Kərimli Zirvə görüşünün yekun bəyannaməsində yer alan istiqamətlərə də diqqət çəkib və qeyd edib ki, sözügedən sənəddə yer alan məqamlar SPECA-nın mühüm iqtisadi əməkdaşlıq platformasına çevriləcəyindən xəbər verir: “Bəyannəməni imzalayan dövlətlər çağırışlara ortaq cavabların verilməsi platforması kimi SPECA-nın rolunun gücləndiriləcəyini vurğulayıblar. Bu xüsusda ən önəmli məqamlardan biri, şübhəsiz ki, rəqəmsallaşma və tranzit marşrutlarının yaşıl transformasiyası, həmçinin ticarət və nəqliyyat prosedurlarının sadələşdirilməsi və energetika birləşmələri, o cümlədən Şərq-Qərb Transxəzər Orta Dəhlizi çərçivəsində yaşıl enerji daxil olmaqla, əməkdaşlıq sahəsində bilavasitə prioritet sahə və bu məqsədlə Transxəzər beynəlxalq nəqliyyat marşrutu üzrə Multimodal Məlumat və Sənədlərin Rəqəmsallaşdırılması üzrə Yol Xəritəsinin qəbul edilməsinin qərara alınmasıdır. SPECA proqramının iştirakçısı olan dövlətlər, bu bəyannamə ilə, həm də Şərq-Qərb Transxəzər Orta Dəhlizi ilə bağlı müxtəlif iddialarla çıxış edən dairələrə öz mesajlarını çatdırıblar və iqtisadi əməkdaşlıq üçün nəzərdə tutulan layihələrin geosiyasi maraqların girovuna çevrilməyəcəyini bildiriblər”.