Azərbaycanın inkişaf modeli MDB üçün nümunədir

Azərbaycan Prezidenti İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının iclasında iştirakı Azərbaycanın ardıcıl, çoxvektorlu və müstəqil xarici siyasətini – maraqlar balansına, praqmatizmə və milli prioritetlərin aydın dərkinə əsaslanan siyasətini bir daha təsdiqləyir. Bu gün Bakı təkcə MDB çərçivəsində deyil, GUAM, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Birləşmiş Millətlər Təşkilat kimi təşkilatlarda, hətta Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində də tam hüquqlu və hörmətli tərəfdaşdır. Bu uğur təsadüfi deyil. Azərbaycan bütün ölkələr və birliklərlə qarşılıqlı fayda və hörmət prinsipi əsasında münasibətlər qurur. Məhz buna görə də beynəlxalq ictimaiyyət bu gün Azərbaycanın balanslaşdırılmış və proqnozlaşdırıla bilən siyasət yürüdən etibarlı tərəfdaş kimi əhəmiyyətini vurğulayırlar. Qlobal konfliktlər və qeyri-sabitlik dövründə Bakı öz milli maraqlarını qoruyaraq, həm Şərqə, həm də Qərbə dost olmağa qadir dövlətin nadir nümunəsi kimi seçilir.

Bütövlükdə Prezident İlham Əliyevin Düşənbədəki çıxışı sabitlik və məsuliyyətin manifesti kimi səsləndi. O, Azərbaycanın hər zaman MDB ölkələri arasında bərabərhüquqlu və konstruktiv münasibətlərin inkişaf etdirilməsi, o cümlədən formal şüarlara deyil, həqiqi qarşılıqlı maraqlara əsaslanan yeni əməkdaşlıq modelinin formalaşdırılmasının tərəfdarı olduğunu vurğulaydı.

Həqiqətən də, Bakı təkcə öz milli maraqlarını müdafiə etmək deyil, həm də inteqrasiya proseslərinin aparıcı qüvvəsi olmaq qabiliyyətini sübut etmişdir. Avropanın enerji təhlükəsizliyindən tutmuş Avrasiyanın nəqliyyat logistikasına qədər Azərbaycan faktoru hər yerdə mövcuddur. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Cənub Qaz Dəhlizi kimi strateji layihələr, Xəzər dənizini Qara dənizlə birləşdirən avtomobil yolları müxtəlif ölkələrin ərazisindən keçir.

Nəticə etibarı ilə istər Qərb, istərsə də Şərq dövlətlərinin Azərbaycana “sabitlik körpüsü” kimi baxması təsadüfi deyil. MDB çərçivəsində dəfələrlə böhran xətləri yaransa da, Bakı ardıcıl olaraq dialoq və praqmatizm mövqeyini qoruyub saxlamağı bacarıb. Əlbəttə ki, bu prezident İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, şəxsi nüfuzu sayəsində mümkün olmuşdur. Və belə bir yanaşma ardıcıl olaraq həm iqtisadi, həm də siyasi baxımdan öz nəticələrini verir.

Azərbaycan Prezidenti İlham Əliyevin Düşənbədəki çıxışında işğaldan azad edilmiş ərazilərdəki inkişaf mövzusu xüsusi yer tutub. Dövlətimizin başçısı Laçın şəhərinin 2024-cü ildə MDB-nin Mədəniyyət Paytaxtı seçilməsinə göstərdikləri dəstəyə görə MDB ölkələrinin rəhbərlərinə minnətdarlığını bildirdi. O, Laçında “MDB-nin mədəniyyət paytaxtı İli”nin açılış mərasimini xatırlayaraq, bildirdi ki: “Tədbirdə Azərbaycanın bu qədim torpağının tarixi, mədəni irsi haqqında məlumat verildi. Tədbirin qonaqları Laçının Ermənistanın 30 illik işğalından azad ediləndən sonra sürətli dirçəlişinin əyani şəkildə şahidi oldular”. Tamamilə dağıdılmış şəhər bir neçə il ərzində ən gözəl və yaşayış üçün rahat şəhərlərdən birinə çevrilən Laçın təkcə qələbənin deyil, həm də quruculuğun unikal simvoluna çevrilib.

Bundan əlavə, sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycanda keçirilən III MDB Oyunları təkcə idman tədbiri deyil, Azərbaycanın Birlikdəki rolunun tanınması və inamının simvolu oldu. Yarışlar qədim Gəncə şəhərində və ölkənin daha altı şəhərində: Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi və Şəkidə keçirilib. Müxtəlif ölkələrdən yüzlərlə idmançını və qonağı bir araya gətirən bu genişmiqyaslı tədbir təsdiq etdi ki, Azərbaycan bu gün təkcə regionun idman və mədəniyyət mərkəzi deyil, həm də MDB ölkələri arasında dostluğun, qarşılıqlı hörmətin və əməkdaşlığın möhkəmləndirilməsi platformasıdır.

Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan nəinki öz iqtisadiyyatını gücləndirir və sektorlarını şaxələndirir, həm də MDB ölkələri üçün yeni iqtisadi reallıq formalaşdırır. Ölkə Avrasiyanın əsas enerji və tranzit mərkəzinə çevrilərək regionda investisiya, ticarət və davamlı inkişaf üçün yeni imkanlar açır.

Birlik ölkələri Azərbaycanı inamlı inkişafını, eyni zamanda kiçik bir ölkənin iradəsi, strategiyası, dövlətin milli maraqlarını möhkəm, prinsipial və uğurla müdafiə etməyə qadir olduğu görür. Məhz buna görə də, Azərbaycan təkcə uğurlu dövlət deyil, həm də MDB ölkələri üçün güclü iqtisadiyyatı, davamlı suverenliyi, aydın xarici siyasət strategiyası, qlobal sistemdə artan nüfuzu və rolu ilə bir nümunədir.

Milli Məclisin Komitə sədri,

professor Hicran Hüseynova