"Azərbaycanın mövqeyi birmənalıdır"

Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəfələrlə Qarabağın statusunun tarixin zibilliyinə atılması barədə səsləndirdiyi bəyanatlara baxmayaraq hələ də bəzi Qərb ölkələrinin, xüsusən də ABŞ və fransalı diplomatlarının “status”la bağlı səsləndirdiyi fikirlər köhnə palan içi tökməyə bənzəyir. Bunu “Ölkə.Az”a açıqlamasında deputat İltizam Yusifov ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi “Qarabağ münaqişəsi”nin tənzimlənməsi və “statusu” barədə səsləndirərkən deyib.

Onun sözlərinə görə, qalib sərkərdə Ali Baş Komandan İlham Əliyev düşməni diz çökdürərək 10 noyabr 2020-ci il kaputulyasiya aktına vadar etdikdən sonra dəfələrlə bəyan edib ki, artıq Qarabağ adlı münaqişə yoxdur və bu tarixə qovuşub. “Status məsələsi isə gorbagor olub. İndi kimlərinsə yenidən ATƏT MQ həmsədrlərinin bölgədəki maraqlarını təmin etmək niyyəti ancaq və ancaq suyu bulandıraraq bulanıq suda balıq tutmağa bənzəyir. Bu yolla bölgədə gərinliyin davam etməsini istəyirlər. Çünki Cənubi Qafqazda davamlı sülhün və sabitliyin bərqərar olması həmin qüvvələrin marağında deyil. əgər onlar bölgədə sülhün, sabitliyin, təhlükəsizliyin təmin olunub, Cənubi Qafqazda inkişafda maraqlı olsaydılar 30 ilə yaxın fəaliyyət göstərən ATƏT MQ həmsədri kimi buna nail ola bilərdilər. Bunun üçün onlara yetərincə vaxt verildi. Ancaq onlar bunu etmək istəmədilər. Hansı ki, həmsədrlərin bunu etmək üçün işğalçı Ermənistana işğalçılıq siaysətindən geri çəkilməsi üçün yetərincə təsir mexanizmlərinə malik idilər. Lakin bunu etmədilər. Daha doğrusu istəmədilər. Bölgədə sülhün yaranması onların marağına xidmət etmir. Odur ki, indi də hər vasitə ilə bölgədə dayanıqlı sülhün təmin olunması istiqamətindəki səyləri əngəlləməklə məşğuldurlar. Başda ABŞ-ın Ermənistandakı səfiri olmaqla digərlərinin açıqlamaları və sərgilədikləri mövqe buna xidmət edir”- deputat qeyd edib.
Deputat əlavə edib ki, ancaq onların bu niyyətləri baş tutmayacaq: “Azərbaycan nə əvvəlki Azərbaycan deyil. Ona görə də “bulanıq suda balıq tutmaq” istəyənlərin niyyətləri gerçəkləşməyəcək. Azərbaycanın məsələ ilə bağlı konkret mövqeyi ortadadır. Əgər doğrudan da ABŞ və digər Qərb ölkələri Cənubi Qafqazda dayanıqlı sülhün, sabitliyin. İnkişafın təmin olunmasında maraqlıdırsa, o zaman İrəvana təzyiq edib tez bir zamanda Azərbaycanla sülh müqaviləsi imzalasına vadar etsinlər. Ancaq bu şəraitdə bölgədə sülh bərqərar və ermənilər də 30 illik mühasirədən çıxıb yeni inkişaf mərhələsinə qədəm qoya bilərlər. “Status”, “münaqişə hələ bitməyib” kimi ifadələr işlətmək sülhə deyil, bölgədə gərginliyin davam etməsinə, o cümlədən ermənilərin və Ermənistanın ziyanına işləyir.

Odur ki, ABŞ-ın Ermənistandakı səfirinin bu tipli açıqlamaları təəssüf doğrurur. Bu məsələlərlə bağlı Azərbaycanın mövqeyi birmənalıdır, Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, Azərbaycan BMT-nin müvafiq qətnamələrini icra edərək öz ərazilərini işğaldan azad edib. Artıq “Qarabağ münaqişəsi” anlayışı yoxdur.

ABŞ və digər ölkələrdən fərqli olaraq Azərbaycan üçün hazırda regionda davamlı sülhün etibarlı təminatlarının yaradılması, bu məqsədlə Ermənistanla dövlət sərhədlərinin demilitasiya və demarkasiyası, sülh sazişinin imzalanması, nəqliyyat-kommunikas¬¬iyaların açılması aktualdır.

Azərbaycan sülh gündəliyi irəli sürüb və Ermənistana, həmçinin beynəlxalq tərəfdaşlara bununla bağlı çağırış edib. Bu gündəliyin tərkib hissəsi kimi BMT tərəfindən tanınmış sərhədləri daxilində yerləşən Qarabağ bölgəsində yaşayan ermənilərin təhlükəsiz yaşayışına təminat veriməsi rəsmi Bakının qəti mövqeyidir. Azərbaycan bu günə qədər humanitar məqsədlərlə Qarabağdakı ermənilərin təchizatına əngəl olmamaqla bunu sübut edib. Azərbaycanın özünün ərazi bütövlüyü təmin olunmaqla və yurisdiksiyası daxilində Qarabağda yaşayan ermənilərə təhlükəsiz yaşamaq üçün hər cür təminatlar verməyə hazır olduğunu bəyan edib.

Digər tərəfdən isə ABŞ səfiri nəzərə almalıdır ki, Vaşinqton Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və onun “Dağlıq Qarabağ statusu” ifadəsini işlətməsi bu mövqeyə ziddir.

ABŞ səfiri yaxşı olardı ki, Ermənistanın təxribatçı hərəkətlərini, kommunikasiyaların açılmasını əngəllədiyini, minalanmış ərazilərin xəritələrini verməkdən imtina etdiyini, Azərbaycana qarşı ekloji təcavüz fəaliyyətlərini gündəliyə gətirsin. Bundan sonra Ermənistandakı ABŞ səfirliyinin obyektivliyi barədə danışmaq olar.

Bunlarla yanaşı qeyd etmək lazımdır ki, ABŞ səfirinin və digər beynəlxalq təşkilatların təmsilçilərinin bu cür açıqlamaları regionda davamlı sülhün əldə olunmasına yönəlmiş səylərə mane olur, revanişist qüvvələrə motivasiya verir. Ermənistanda fəaliyyət göstərən ABŞ diplomatları və onların digər həmkarları da bununla bağlı öz məsuliyyətlərini dərk etməlidirlər”.

Mürtəza
Ölkə.Az