Azərbaycanın mövqeyinə dünyada etinazsız yanaşmaq mümkün deyil

Dünya çox narahat və mürəkkəb bir dönəmdən keçir. Planetimizin bugünkü mənzərəsinə nəzər salsaq, o qədər də xoş olmayan səhnələr görərik. İki ildən çoxdur davam edən pandemiya, zaman-zaman alovlanan münaqişə və müharibə ocaqları, iqlim dəyişikliyinin fəsadları, bir-birini əvəzləyən iqtisadi və humanitar böhranlar günümüzün nə qədər çətin, nə qədər təhlükəli bir zaman keçidində olduğunu əks etdirir.

Sadaladığımız bu və digər qlobal risk faktorları fonunda Azərbaycanın son illərdə qət etdiyi uğur yolu daha cazibədar, daha möhtəşəm təsir bağışlayır.

Azərbaycanda makroiqtisadi sabitliyin qorunması, iqtisadiyyatın diversifikasiyasının davam etdirilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, dünya iqtisadi sisteminə inteqrasiyanın sürətləndirilməsi, xarici iqtisadi əlaqələrin və beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi, xarici dövlətlərlə ikitərəfli əlaqələrin inkişafı müstəqil ölkəmizin daha da qüdrətlənməsində mühüm önəm daşıyır, respublikamızın dünyada nüfuzunu daha da artırır. Azərbaycanın bir sıra beynəlxalq təşkilatlarla, o cümlədən, Avropa İttifaqı ilə sıx əməkdaşlığında da bu məsələlər diqqətdə saxlanılır. Bu nüfuzlu təşkilata üzv ölkələr Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarıdır. Son 10 ildə Azərbaycanda əsas kapitala yönələn xarici investisiyaların yarıdan çoxu, qeyri-neft sektoruna birbaşa xarici investisiyaların isə 35,3 faizi məhz bu quruma üzv dövlətlərin payına düşür. Ölkəmizlə Avropa İttifaqı arasında ticarət əlaqələri Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi ilə tənzimlənib. Təsadüfi deyil ki, Avropa İttifaqı ticarət tərəfdaşlarımız arasında birinci sıradadır. Bu təşkilat Azərbaycanın ixracda 45,8 faiz, idxalda isə 27,89 faiz payla ən böyük ticarət tərəfdaşıdır. Qurumun Azərbaycana ixracı əsasən maşınqayırma və nəqliyyat avadanlıqları, Azərbaycanın Avropa İttifaqına ixracı isə əsasən neft və qaz məhsullarıdır.

Avropa İttifaqının Cənubi Qafqaz regionunda sülh və sabitlik yaradılmasına yönəlik təşəbbüsləri, bu kontekstdə Azərbaycanın mövqeyini və səylərini dəstəkləməsi məhz neft-qaz faktorundan qaynaqlanır. Digər tərəfdən, Azərbaycan artıq 10-15 il əvvəlki ölkə deyil ki, onun mənafelərinə etinasızlıq göstərilsin.

Kəskin enerji böhranı ilə üz-üzə qalmış Aİ Bakıya böyük ümidlə baxır. Hərçənd, hazırda Azərbaycandan Avropaya qaz ixracının həcmi o qədər də böyük deyil. Əvəzində böyük perspektivlər, Orta Asiya qazının Azərbaycan üzərindən nəqli imkanları var. Hətta mövcud boru kəmərlərinin buraxılış gücünü artırmağın vacibliyi, yenilərini çəkməyin mümkünlüyü barədə söhbətlər gedir. Yəni avropalı tərəfdaşlarımız Azərbaycanın strateji imkanlarını görür, öz siyasətlərində mövcud reallıqlara uyğun korrektələr edirlər.

Azərbaycan dünyaya öz haqlı və tarixi qələbəsinin nəticələrini qəbul etdirə bilib. Hazırda elə bir nüfuzlu qurum yoxdur ki, bu reallıqların əksinə olan mövqe ortaya qoysun. Bu, heç də asan iş kimi görünməməlidir. Dünyada hələ də güclü erməni lobbisinin və ikili standartların mövcudluğunu nəzərə alsaq, prosesin necə bir gərgin əmək və düşünlümüş siyasət nəticəsində başa gəldiyini anlamaq mümkündür. BMT, bu qurumdan sonra ən böyük təsisat olan Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT və Avropa İttifaqı, NATO kimi beynəlxalq güclər Azərbaycanın ərazi bütövlüyünü tanıyır və yeni reallıqları qəbul edir. Azərbaycan beynəlxalq müstəvidə qələbəsini rəsmiləşdirməyə nail olub və bunun nə qədər önəmli faktor olmasını hamı yaxşı dərk edir.

Əminə Ağazadə
Milli Məclisin deputatı