Müasir dünyanın əsas məsələlərindən biri də təbii ehtiyatlardan səmərəli istifadə etmək, ətraf mühiti və torpağı çirklənmədən qorumaqla ekosistemdə harmoniyanı saxlamaq və ekoloji təmiz məhsul istehsal etməkdən ibarətdir. Lakin dünya əhalisinin sayını və artım sürətini nəzərə alsaq, ərzaq məhsullarına artan tələbatın ödənilməsi üçün ekoloji təmiz məhsullarla kifayətlənmək xeyli çətin olur.
Buna baxmayaraq, kənd təsərrüfatı məhsulları üzərində genetik dəyişikliklərin aparılması da hazırda ciddi narahatlıq doğurur. Bu sahədə insan sağlamlığına təhlükə yaradan texnologiyalardan, kimyəvi preparatlardan istifadə olunması, gen modifikasiyalı sort və cinslərin yaradılması əhalinin etibarlı ərzaq təminatına təhlükə yaradır. Ona görə də hazırda bütün dünyada ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsalına xüsusi əhəmiyyət verilir, aqrar sahədə kimyəvi maddələrin istifadəsi məsələsinə nəzarət gücləndirilir, torpaqların çirklənməsinə təsir göstərən texnologiyaların tətbiqinin qarşısı alınır. Başqa sözlə, bu gün orqanik kənd təsərrüfatı məhsullarının - insan sağlamlığına və ətraf mühitə zərər verməyən və istehsalda heç bir kimyəvi maddədən istifadə edilməyən, istehsaldan istehlaka qədər hər mərhələsinə nəzarət olunan sertifikatlı əkinçilik istehsalının -formalaşdırılması diqqət mərkəzində saxlanılır.
Məlumdur ki, kənd təsərrüfatı məhsulları istehsalının artırılması üçün müxtəlif intensiv üsullardan bəzən həddən artıq istifadə edilir. Sözsüz ki, belə üsullar, yəni gübrə və minerallardan normadan çox istifadə edilməsi məhsulun keyfiyyətinə və insan sağlamlığına mənfi təsir göstərir. Ən qorxulusu isə geni dəyişdirilməklə (GMO) və hibridləşdirməklə məhsulların yetişdirilməsidir. Dünya alimləri arasında belə məhsulların insan üçün ziyanlı olub-olmaması barədə mübahisələr davam etsə də, bu növ qidaların zərərli olmasına inam daha çoxdur.
GMO-lu məhsulların heyvanlar üzərində aparılan təcrübəsi də onun zərərli olduğunu göstərib. Məsələn, geni dəyişdirilmiş pomidorla bəslənən siçanlarda mədə xorası xəstəliyi yaranıb. GMO-lu soya ilə bəslənən siçanlarda isə qaraciyər və mədəaltı vəzin funksiyalarında pozğunluqlar meydana çıxıb. Təbii ki, heyvanlarda fəsadlar yaradan bu məhsullar insan üçün də təhlükəlidir. Odur ki, dünyada orqanik məhsulların yetişdirilməsinə tələbatın gündən-günə artması anlaşılandır.
Beynəlxalq Orqanik Kənd Təsərrüfatı Federasiyası (İFOAM) və FİBL Araşdırma İnstitutunun hesabatlarına görə, dünyada 3 milyona yaxın istehsalçı 70 milyon hektaradək sahədə orqanik məhsullar yetişdirir. Ən çox orqanik məhsullar yetişdirilən ölkələr sırasında Avstraliya öndə gedir. Bu ölkədə təxminən 30 milyon hektar orqanik kənd təsərrüfatı məhsulları yetişdirilən sahə var. İkinci yerdə 4 milyon hektarla Argentina, üçüncü yerdə 2,5 milyon hektaradək sahə ilə ABŞ gəlir. Türkiyədə ümumi əkin sahələrində orqanik məhsul yetişdirilən ərazilərin payı təqribən 2 faizdir. Qardaş ölkədə orqanik məhsul bazarının dəyəri 600 milyon dollar səviyyəsindədir ki, həmin məhsulların da çox hissəsi ixrac edilir. Bununla belə dünya üzrə orqanik məhsul istehsalı ənənəvi kənd təsərrüfatı ilə müqayisədə cəmi bir faiz paya sahibdir.
Ölkəmizə gəldikdə, Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının əsası keçən əsrin 90-cı illərinin sonlarında qoyulmuşdur. 2008-ci ilin iyununda “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanun qəbul olunmuş, normativ hüquqi və informasiya-məlumat bazası formalaşdırılmışdır. 2019-cu ildə isə “Orqanik məhsul istehsalı haqqında” qanun layihəsi hazırlanmışdır. “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə də ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsalı qarşıya mühüm vəzifə kimi qoyulub. Yol xəritəsində qarşıya qoyulan vəzifələrin icrası vaxtında təmin olunarsa, ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsal edən fermerlərin sayının 50, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsal həcminin isə 200 faiz artacağı proqnozlaşdırılır.
“Azərbaycan Respublikasında ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair Milli Proqram”da ekoloji təmiz kənd təsərrüfatı məhsul istehsalı üçün iki şərt diqqətdə saxlanılmışdır. Bunlardan biri kənd təsərrüfatında kimyəvi maddələrin istifadəsinin milli və regional səviyyələrdə sxemlərinin yaradılması və buna nəzarətin gücləndirilməsi, digəri torpaqların çirklənməsinə və zəifləməsinə səbəb ola bilən texnologiyalardan istifadənin qarşısının alınmasıdır. Təəssüf hissi ilə demək lazımdır ki, hazırda torpaq sahələrimizin böyük bir hissəsi deqradasiyaya məruz qalmışdır. Üstəlik, ölkəmizin yeni torpaq etüd xəritələri də hazırlanmamışdır. Ölkəmizdə son dəfə torpaq sahələrinin etüd xəritələməsi ötən əsrin 50-ci illərində həyata keçirilmişdir. Bu müddət ərzində torpaq qatları kifayət qədər dəyişikliklərə məruz qalmışdır. Qeyd edək ki, torpaq sahəsinin etüd xəritələməsi qabaqcıl dövlətlər üçün ciddi əhəmiyyət kəsb edir. Hətta Avropa İttifaqına qəbul olunmaq üçün namizəd ölkələrdən icra edilməsi tələb olunan şərtlərdən biri də məhz etüd xəritələrin hazırlanmasıdır.
Ekoloji təmiz kənd təsərrüfatı istehsalı aqrar sahənin davamlı inkişaf üsulu olmaqla, bir sıra sosial, ekoloji və iqtisadi problemlərin səmərəli surətdə həll edilməsinə də imkan yaradır. Qeyd edilən məsələlər də ekoloji təmiz kənd təsərrüfatının inkişaf etdirilməsinin prioritet seçilməsini şərtləndirir. Bu prioritet üzrə ekoloji təmiz kənd təsərrüfatı istehsalında fəaliyyətin koordinasiyası sisteminin formalaşdırılması, ekoloji təmiz kənd təsərrüfatının təşkili üzrə pilot layihələrin hazırlanması və həyata keçirilməsi ilə bağlı tədbirlər görülməli, ekoloji təmiz kənd təsərrüfatı sisteminin inkişafına kömək edən sosial və iqtisadi təşviqetmə tədbirləri genişləndirilməlidir. Ənənəvi təsərrüfatdan orqanik təsərrüfata keçid prosesi fermerlər üçün riskli göründüyü üçün onlara məhz bu keçid mərhələsində dəstək verilməlidir.
Ölkəmizdə orqanik yetişdirilən fındıq, qoz, fıstıq, quru meyvələrə dünya bazarında böyük tələbat var. Bizim paxlalılar, tibbi aromatic bitkilər, pambıq və zeytun kimi məhsullar da orqanik istehsal məhsulları arasında yer alır. Bitki mənşəli istehsalla yanaşı, orqanik heyvan məhsulları istehsalına da son illər maraq artır. Ət, süd, pendir, qatıq, yumurta və bal orqanik bazarda artıq öz yerini alır. Böyürtkən, moruq, adaçayı, itburnu, kəklikotu kimi bitkilər də orqanik məhsul olaraq böyük potensiala malikdir. Çünki ölkəmizin meşə massivlərində yabanı şəkildə yetişən və tam orqanik məhsul sayılan bu cür meyvələrin sertifikatlaşdırılaraq dünya bazarlarına çıxarılması üçün problem yoxdur. Belə ki, ötən ilin iyun ayında Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Zaqatala-Balakən biosfer rezervatının yaradılması” layihəsinə start vermişdir. Zaqatala Dövlət Təbiət Qoruğunun bazasında yaradılacaq bu qurum həmin bölgədə ekoturizmin inkişafına və yerli əhalinin məşğulluğunun artırılmasına şərait yaradacaq, insanların flora və faunaya zərər vermədən təbiət gözəlliklərini seyr etməsi üçün hərəkət cığırları, müəyyən ərazilər müəyyənləşdiriləcək. Qoruqdan fərqli olaraq biosfer rezervatın ərazisinə ekoturistlərin girişi açıq olacaq. Biosfer rezervatın özəlliklərindən biri də odur ki, burada istehsal olunan orqanik məhsullar qoruğun loqosu ilə qablaşdırılacaq və ixrac olunan zaman gömrük rüsumundan azad ediləcək.
Ölkəmizdə orqanik məhsulların istehsalına marağın artması çərçivəsində biogübrələrin də istehsalına başlanılmışdır. Siyəzəndə istifadəyə verilmiş müəssisədə quş zilindən hazırlanan orqanik gübrə torpağın məhsuldarlığına və məhsulun keyfiyyətinə müsbət təsir göstərir. Üzvi gübrələrin istifadəsi yetişdirilən məhsulların ekoloji təmizliyinə zəmin yaradır və təbii şəkildə inkişafına kömək edir.
Geni dəyişdirilmiş məhsullara mənfi reaksiyanın artdığı indiki zamanda orqanik məhsul yetişdirilməsində sürətli inkişafın əhəmiyyəti danılmazdır. Bu baxımdan ölkəmizin işğaldan azad edilmiş ərazilərinin önəmi çoxdur. Qarabağ ərazisinin kənd təsərrüfatına yararlı 600 min hektara yaxın torpaq sahəsinin illər boyu istifadə edilməməsi bu ərazilərdə biogübrələrin tətbiqi və bunun ardınca orqanik məhsul istehsalı sahələrinin salınması üçün əlverişli mühit yaradır. Dövlət başçısının dəfələrlə vurğuladığı kimi, ixrac imkanlarımızın genişləndirilməsi və məhsullarımızın dünya bazarlarına çıxarılması üçün ideal vaxtdır. Azad edilmiş ərazilərimizin təbii iqlim, su, torpaq şəraiti buranın tamamilə orqanik bölgə elan edilməsini mümkün və labüd edir.
Emin ƏLİYEV,
“Ekoloji təmiz məhsul istehsalçıları və ixracatçıları” ictimai birliyinin sədri
Azərbaycan.-2021.-19 fevral