Azərbaycanın yeniyetmə istedadı Zərrin Şükür konsert verdi

Kanal 20 TV xəbər verir ki, İyun ayının 3-də yaşı 100 ildən çox olan dahi bəstəkarımız Üzeyir Hacibəylinin adını daşıyan Bakı Musiqi Akademiyasının Böyük zalı musiqi sevərləri qarşılayıb. Bakı Musiqi Akademiyası nəzdində 40 ildən artıq uğurla fəaliyyət göstərən, Orta ixtisas musiqi məktəb-studiyasının fortepiano ixtisası üzrə təhsil alan, 7-ci sinif şagirdi, Beynəlxalq müsabiqələr laureatı Zərrin Şükür milli musiqi tarixində bir ilkə imza atıb. "Mədəniyyətin Təbliği və Sosial Təşəbbüslər" İctimai Birliyinin informasiya dəstəyi ilə onun “Qaranquş” adlı ilk fortepiano pyesləri albomunun müəllif təqdimat-konserti keçirilib.
Bu albom Zərrinin ilk bəstəkarlıq işi olduğu üçün simvolik olaraq “Qaranquş” adlandırılıb. Alboma müxtəlif xarakterli 12 pyes daxildir. Albomda yer alan bütün pyeslər “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası qanununa uyğun olaraq qeydiyyatdan keçmiş və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən müstəsna müəlliflik hüquqlarının sahibi kimi Zərrin Şükür qeyd edilmişdir.

Gənc istedadın musiqiyə marağı özünü erkən yaşlarından biruzə vermişdir. 3 yaşından fortepiano ifaçılığı ilə məşğul olan Zərrin ilk dəfə 4
yaşında solo ifa ilə yanaşı violin alətini müşaət edir. Bu ifa ilə o gələcəkdə gözəl musiqiçi olacağı barədə ilk ismarıcını vermiş olur.
Qatıldığı Respublika və Beynəlxalq müsabiqələrdə özünə məxsus ifası, musiqi duyumu, proqramı ilə fərqlənən Zərrin sərhədlərimizdən
kənarda yaşayan musiqiçilərin diqqətini cəlb edir. Brüsselli bəstəkar Didier van Damme öz məşhur “Avropa üçün Adajio” əsərinin iki fortepianoya işlənmiş nüsxəsini məxsusi olaraq Zərrinin ifa etməsi üçün ona göndərir. Müasirimiz olan neoklassik üslubda bəstələdiyi musiqilərlə dinləyici rəğbəti qazanmış Alman bəstəkarı Stefan Benniking “Zita Möcüzələr diyarında” albomunun Zərrinin ifasında çox bəyənərək onun əsərlərini Azərbaycanda ilk ifaçısı kimi tanıyır və bu barədə öz rəsmi saytında məlumat verir. 10 yaşınadək Zərrin bir neçə beynəlxalq müsabiqələrin laureatı olmuşdur. O, dünyanın nüfuzlu musiqi akademiyalarında fortepiano ifaçılığını tədris edən professor-müəllim heyətindən istər layihələr çərçivəsində, istərsə də fərdi şəkildə mütəmadi olaraq ustad dərslər almış və hazırda da almaqda davam edir. Pandimeya dövründə Azərbaycan mədəniyyətinin sosial media üzərində təbliğinə yönlənərək dahi bəstəkarımız Ü.Hacıbəylinin ev muzeyindən onun “Leyli və Məcnun” “Arşın mal alan” əsərləri haqqında “The love legend of the East - Leyli and Majnun“, “The cloth peddler” başlıqları ilə ingilis dilində geniş, əhatəli və maraqlı şəkildə videoçarxlar hazırlayır.
Zərrin bəstələdiyi əsərləri bir yerə toplamaq qərarına gəldiyi ərəfədə onun qarşısına “Üzeyir Hacıbəyliyə ithaf” beynəlxalq bəstəkarlıq müsabiqəsi haqqında məlumat çıxır. O, özünü sınamaq qərarına gəlir. Bu müsabiqədə münsiflər heyətində Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Dr. Firəngiz Əlizadə (sədr), Manhattan Musiqi Məktəbinin Bəstəkarlıq şöbəsinin müdiri Reyko Fütinq, Stony Brook Universiteti, Qadın Bəstəkarlar Cəmiyyətinin həmtəsisçisi və direktoru Nilufər Nurbəxş təmsil olunublar. Təşkilat komitəsinə rəhbərliyi Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin prezidenti, Azərbaycanın əməkdar artisti, professor, Dr.Nərgiz Əliyarova həyata keçirir.



Müsabiqədə “Ən gənc bəstəkar” adına layiq görülən Zərrin Şükür Qala konsertdə çıxış edərək müsabiqənin şərtlərinə uyğun olaraq Ü.Hacıbəylinin “Arşın mal alan” operettasının musiqisi əsasında bəstələdiyi 3 hissəli “Kişik Suita” əsərindən 2-ci hissəni ifa edir.
Bu gün isə o “Qaranquş” adlı fortepiano pyeslərindən ibarət albomunun təqdimat tədbirində gənc bəstəkar kimi iştirak edir.
Bu gün öz yaradıcılıq yolunda inamla addımlayan Zərrin daha bir mərhələ keçərək fortepiano əsərlərindən ibarət albomunu təqdim etdi. Zərrin haqqında onun təhsil aldığı məktəb-studiyanın tədris işləri üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevda Məmmədova, elmi-metodiki işlər üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən İbrahimova, müəllimləri – dosent Arzu Məmmədova, Nərminə Əliverdizadə, Nuranə Zeynalova, Rəna Məmmədova, tanınmış pianoçu Səidə Tağı-zadə və Türk Dünyası Bakı Atatürk Liseyinin müəllimi Məleykə Adıgözəlova çıxış edərək Zərrinin istər pianoçu, istərsə də bəstəkar kimi qeyri-adi fitri istedada
malik olduğunu qeyd etdilər.



Ətraflı

Tədbiri giriş sözü ilə Orta ixtisas musiqi məktəb-studiyasının direktor müavini sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevda xanım
Məmmədova açaraq məktəbin tarixindən bəhs edərək qeyd etdiki, bu gün dünyanın bir çox reytinqli ali musiqi təhsil muəssisələrində,
konservatoriyalarında bu məktəbin yetirmələri təhsil alır. Məktəb fəaliyyəti dövründə bir çoxyeniliklərə imza atmışdır. Bu səbəbdən bu gün bir ilkə imza atmağımız heç də təsədüfü deyildir. O, Zərrinin musiqiçi kimi istedadının Allah vergisi olduğunu, məktəbin əsas məqsədi də belə istedadlı uşaqları üzə çıxarmaq, gənclərin potesialını tam şəkildə aşkarlamasında onlara profesional dəstək vermək olduğunu bildirib. Zərrin Şükürün müəllifi olduğu “Qaranquş” fortepiano pyesləri albomunun elmi məsləhətçisi Bakı Musiqi Akademiyasının Bəstəkarlıq kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Arzu Məmmədova çıxış edərək bildirdi ki, bu albom Zərrinin uşaq fantasiyasının təcəssümüdür. Olduqca gözəl haldır ki, Zərrin bəstəkar kimi ilk təcrübələrini həmyaşıdları ilə bölüşmək qərarını verib. Alboma daxil olan kiçik miniatürlərdə rəngarəng əhval-ruhiyyə və fərqli personajların təqdim edildiyini qeyd edən Arzu xanım öz yetirməsi ilə qürur duyduğunu vurğuladı.
Keçirilən tədbirdə qardaş Türkiyə Cümhuriyyətindən qonaqlarla yanaşı, Türk Dünyası Bakı Atatürk Liseyinin müəllim kollektivindən nümayəndələr də iştirak edirdi ki, bu da təsadüfi deyildir. Çünki Zərrin adı çəkilən liseydə təhsil alır. Liseyin müəllimi Məleykə Adıgözəlova Türk
Dünyası Bakı Atatürk Liseyinin şagirdləri Zərrin ilə qürur duyduğunu Bildirərək ona daha böyük yaradıcılıq uğurları arzulayıb. Orta ixtisas musiqi məktəb-studiyasının direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən İbrahimova çıxış edərək albomun tərtibat üslubundan söz açıb. O, kitabın xüsusi tərtibatını yüksək qiymətləndirərək, hər bir pyesə profesional rəssam İlqar Rəsulzadənin çəkmiş olduğu rəsmlərin albomu gələcəkdə ifa edən ifaçılarda estetik zövqün formalaşması baxımından əvəzsiz olduğunu deyib. Bundan əlavə rəsmlərin Zərrinin daxili aləmini və pyeslərin ruhunu ehtiva etməsini bu albomu digərlərindən fərqləndirən əsas amil olduğunu bildirib.




İnternet üzərindən sosial platformalarda Azərbaycan musiqi mədəniyyəti inciləri sayılan Ü.Hacibəylinin “Leyli və Məcnun” operası və
“Arşın mal alan” operettası haqqında Zərrinin ingilis dilində hazırladığı videoçarxların mədəniyyətimiz, musiqimizin təbliğində kiçik də olsa
rolunun olduğunu qeyd edən Aytən İbrahimova Zərrinin 2017-ci ildə təqdim etdiyi “Dahilərin musiqisi körpə barmaqlarında” və “İfaçı ikinci
müəllifdir” adlı sərbəst işləri haqqıda danışdı. Silsilə şəkilində nəşr edilən 3 hissəli “Dahilərin musiqisi körpə barmaqlarında” adlı sərbəst işin üz qabığının bayrağımızın rənglərində olması və Azərbaycan musiqisini tanıtmaq məqsədi ilə gördüyü işlər Zərrinin yüksək vətənpərvərlik ruhuna malik olmasının bariz nümunəsidir. Tədbirdə Azərbaycan fortepiano ifaçılığı məktəbinin layiqli davamçısı, milli fortepiano ifaçılığı ənənələrini dünyada geniş tanıdan və təbliğ edən, gənc musiqiçilərin inkişafı üçün mühüm əhəmiyyəti olan “Simurq” layihəsinin rəhbəri Səidə Tağızadə, Orta ixtisas musiqi məktəb-studiyasının digər müəllimləri Rəna Məmmədova, Nuranə Zeynalova və gənc bəstəkarın fortepiano ixtisası üzrə müəllimi Nərminə Əliverdi-zadə çıxış edərək Zərrin Şükürün təhsil aldığı müddət ərzində iştirak etdiyi müsabiqələrdən, qatıldığı layihələrdən, dünyanın aparıcı konservatoriyalarında çalışan xarici professorlardan aldığı ustad dərslərindən, ona tədris etdikləri müddət ərzində iş əsnasında topladıqları təcrübə nəticəsində artıq nəşr edilmiş “Dostum fortepiano” (2017) metodik vəsaitdən, “Birgə çalaq” (2018) dərs vəsaiti və ztempo.com saytı üzərindən yayımlanan İ.S.Baxın üç səsli invensiyaları, Mendelsonun sözsüz mahnılarından ibarət birinci dəftəri və K.Debüssinin “Uşaq güşəsi” albomunun Zərrin tərəfindən tam şəkildə ifa olunması və musiqili təhlilinin verilməsi haqqında geniş məlumat verib, ona bu işlərinin davamlı olmasını arzuladılar.




"Mədəniyyətin Təbliği və Sosial Təşəbbüslər" İctimai Birliyi tərəfindən Bakı Musiqi Akademiyasının Bəstəkarlıq kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Arzu Məmmədova, Orta ixtisas musiqi məktəb-studiyasının müəllimləri Nərminə Əliverdi-zadə, Nuranə Zeynalova, Fəqan Həsənli gənc nəsillərə musiqimizin tədrisində və təbliğində göstərdikləri istər pedoqoji, istərsə də ifaçı kimi təqdirə layiq fəaliyyətlərinə görə Təşəkkürnamə təqdim edildi. Bundan əlavə İctimai Birlik Zərrinin sosial platformalar üzərindən musiqi mədəniyyətimizi xarici dildə təbliğinə görə Təşəkkürnamə, ilk fortepiano albomunun işıq üzü görməsi münasibəti ilə Təbrik bəlgəsi təltif etdi. Təqdimat Konsertində Zərrinin müəllifi olduğu pyesləri Orta ixtisas musiqi məktəb studiyasının müəllimləri və şagirdləri ifa etdilər. Müəllimlərdən Beynəlxalq müsabiqələr laureatları Nuranə Zeynalova və Fəqan Həsənli, şagirdələrdən isə Respublika və Beynəlxalq müsabiqələr laureat, diplomantları eləcə də gənc istedadları Aylin Sadıqzadə, Məryəm Quluzadə, Əsəd Quluzadə, Sara Hacıyeva, Fatimə Kələntərova, Mədinə İbrahimova ifa etdilər. Bundan başqa məktəbin şagirdləri Məhəmmədəli İbrahimov (marimba), Rəna Zeynallı(violin), Xatun Quliyeva (fleyta), İsa Kələntərov (saksafon), Teymur Kazımov (vokal) öz ifaları ilə tədbirə xüsusi rəng qatdılar. Xatırlatmaq yerinə düşərdi ki, bu şagirdlərin hər biri nüfuzlu Respublika və Beynəlxalq müsabiqələrdə iştirak edərək müxtəlif dərəcəli diplomlarla təltif olunmuş və müxtəlif dərəcəli fəxri adlara layiq görülüblər. Zərrinin əsərlərinin öz ifasında səslənməsi də dinləyicilər tərəfindən çox maraqla qarşılandı. İstedadlı pianoçunun öz əsərlərinə
daha yaradıcı yanaşması onun ifasında aydın eşidilirdi.
Beləliklə, gənc və istedadlı musiqiçi Zərrin Şükürün təqdim etdiyi təqdimat-konserti böyük ruh yüksəkliyi və uğurla nəticələndi. Təqdimatda gənc istedadın nəfis tərtibatla hazırlanmış albomunu əldə edən ifaçılar, pianoçu və müəllimlər musiqi parçalarını dinlədikdən sonra öz repertuarlarında bu əsərlərə gələcəkdə müraciət edəcəklərini vurğuladılar. Bu pyeslər proqramlı olmaqla bərabər, müxtəlif janrda, fakturada, həm homofonik, həm polifonik üslubda bəstələnmişdir. Pyeslər klassik avropa qaydaları və milli musiqimizin məqam xüsusiyyətləri nəzərə alınaraq yazılmışdır. Ona görə bəzi pyeslər milli intonasiyalarla zəngindir. Bu isə öz növbəsində Azərbaycan musiqisinin milli ənənələrinin gələcək nəsillərə uğurla ötürülməsinin isbatıdır. Milli ruh, milli musiqi mədəniyyətinin inkişafında Bakı Musiqi Akademiyasının nəzdində Orta ixtisas musiqi məktəb-studiyasının şagirdi olan Zərrinə daima uğurlu ilkləri ilə onu sevənləri sevindirməsini arzulayırıq. Gənc və istedadlı musiqiçimizə tükənməz nailiyyətlər, arzulayırıq. İnanırıq ki, Zərrin gələcəkdə daha da inkişaf edərək dünya şöhrətli musiqiçi, pianoçu, bəstəkar adına layiq görüləcəkdir. Onun daha çox ilklərə adını yazdıracağından əminik.
Uğurların bol olsun!