“Sabahkı oyunda qalib gəlmək istəyirik. Meydana da bu məqsəd üçün çıxacağıq”.
Sabahinfo.az xəbər verir ki, bu sözləri İsveç millisinin baş məşqçisi Yon Dal Tomasson UEFA Millətlər Liqasının C Divizionunun sonuncu – VI turunda Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyun barədə danışarkən deyib.
Mütəxəssis sabahkı qarşılaşmada isveçli azarkeşləri sevindirmək üçün əllərindən gələni edəcəklərini bildirib: “Meydana qələbə fikri ilə çıxmaq çox vacibdir. C Divizionunda ən yaxşı komanda olmaq istəyirik. Bu, 2026-cı il dünya çempionatına vəsiqə uğrunda pley-off şansımızı artıra bilər. Bir neçə futbolçumuz zədəlidir. Start heyəti ilə bağlı hər şey sabahkı tibbi müayinədən sonra məlum olacaq”.
Qeyd edək ki, noyabrın 19-da "Strouberri Arena"da keçiriləcək İsveç - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.