"Bəzi müxalif mövqeyli insanlara nəinki qüvvələr, heç dairələr də demək düzgün deyil. Onlar çox az sayda olan insan qrupudur ki, cəmiyyət tərəfindən boykot edilib”.
Sabahinfo.az xəbər verir ki, bunu AzVision.az-a açıqlamasında Milli Məclisin sədr müavini Bahar Muradova deyib.
Vitse-spiker bəzi müxalifət təmsilçilərinin Bakıda keçiriləcək Avropa Oyunlarını boykot çağırışlarına da münasibət bildirib.
"Onlar dünya ictimaiyyətinə müəyyən çağırışlar edərək yaddaşlarda qalmaq istəyirlər. Bu insanlar nə Azərbaycanın ümumi ictimai-siyasi mühitinə, ölkəmizdə keçirilən seçkilərin nəticələrinə, nə də beynəlxalq tədbir və yarışların Bakıda keçirilməsinə mənfi təsir göstərə bilməzlər.
Onlar özlərini pis vəziyyətə salıblar. Bu insanların kimin səsinə səs vermələri, kimləri boykota səsləmələri Azərbaycan xalqını düşündürmür. Müxalifət varlığını hiss etdirmək üçün bu addıma əl atır. Azərbaycana qarşı çirkin kampaniyaya başlamaq onlara başucalığı gətirmir”.
B.Muradova Azərbaycana ləkə yaxmağa çalışan insanların onlarla bir Tanrıya sitayiş etmələrinə şübhə ilə yanaşdığını qeyd edib: "Qoy, bu məsələni bir onlar, bir də Tanrıları bilsin. Mən onların bizimlə birlikdə eyni Tanrıya sitayiş etmələrinə şübhə edirəm”.