Sabahinfo.az xəbər verir ki, millət vəkili Fazil Mustafa Rusiya prezidenti Putinin Azərbaycana gözlənilən səfərinə şərh verib:
"Günün ən sadəlövh sualı: Deyirlər Putin Bakıya gəlir, razılaşılıb ki, 2-3 rayon qaytarılsın, buna münasibətiniz necədir?
Cavab: Münasibətim çox pisdir. Ya Dağlıq Qarabağı və üstündə də 7 rayonu qaytarsın, ya da qaytarılan 2-3 rayonu biz də geri qaytaracağıq!
Bir arpa boyu qədər düşüncə artımımız yox. Hətta ciddi saydığım adamlar belə bu ehtimalları yaxın buraxırlar ki, Rusiyaya yaxınlaşsaq, rayonları qaytaracaqlar. Əzizlərim, Rusiya istəsə, ABŞ qoymayacaq, ABŞ istəsə də Rusiya qoymayacaq o ərazilər qaytarılsın. Ən başlıcası isə, ikisi də bunu istəməyəcəklər! Nəinki 1-2 rayon, bircə qarış torpaq da qaytarmayacaqlar! Özünüzü niyə belə rahatlıqla aldanış vəziyyətinə salırsınız? Torpaqları qaytarmaq olmayacaq, torpaqları almaq ola bilər, bunu isə ən güclü ordun olsa belə, xalqın əzmkar xarakteri olmayanda gerçəkləşdirmək mümkün deyil. O xarakterin nə olduğunu ayrı-ayrılıqda sadalamaq əvəzinə, hər kəsin öz xarakterini Vətən torpağını xilas etmə istiqamətində formalaşdırmağı düşünməsi daha məqsədəuyğun deyilmi?"