Azərbaycan XİN: Həmsədrlər və ABŞ Dövlət Departamentinin "Dağlıq Qarabağ xalqı” ifadəsini işlətməsi qəbuledilməzdir
""Dağlıq Qarabağ xalqı” anlayışı mövcud deyil, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin əhalisi var"
"ATƏT-in Minsk Qrupunun həmsədrləri və ABŞ Dövlət Departamentinin Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində qanunsuz "parlament seçkiləri”nin keçirilməsi ilə əlaqədar bəyanatlarında "Dağlıq Qarabağ xalqı” ifadəsinin yer alması düzgün deyil və bu ifadə qəbuledilməzdir”.
Bunun Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev APA-ya açıqlamasında ATƏT-in Minsk Qrupunun həmsədrləri və ABŞ Dövlət Departamentinin işğal olunmuş Azərbaycan ərazilərində qanunsuz "parlament seçkiləri”nin keçirilməsi ilə əlaqədar bəyanatlarını şərh edərkən deyib.
"Ümumiyyətlə, "Dağlıq Qarabağ xalqı” anlayışı mövcud deyil. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin əhalisi var və bu əhali erməni və azərbaycanlı icmalarından ibarətdir. Bu fakt aydın şəkildə ifadə olunmalı və təsbit edilməlidir”,- deyə nazirliyin sözçüsü vurğulayıb.