"Gənclərin ölüm xəbərini eşitmək çox ağrılıdır"

"Azərbaycanda gənclər siyasəti sahəsində ciddi addımlar atılır”.

Bunu Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində Bakıda keçirilən gənclər forumunda çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu sahədə Azərbaycanda bir sıra layihələr həyata keçirilib, Gənclər Fondu yaradılıb.


"Bu il Gəncə Avropanın gənclər paytaxtı elan edilib. Bundan başqa, gələn il 1000 skaut Azərbaycanda skautlar forumunda iştirak edəcək. Bütün bunlar ölkənin gənclərə investisiya yatırılmasında maraqlı olduğunu göstərir” – deyən nazir bu gün dünyada minlərlə gəncin münaqişələr və ya kimlərinsə öz məqsəd və istəklərinə nail olmaq üçün digər ölkələri ələ keçirmək cəhdləri nəticəsində həlak olduğunu bildirib:

"Gənclərin üzləşdiyi problemlər, ekstremizm, terrorizm sülh çağırışlarına ziddir. Gənc insanların ölüm xəbərlərini eşidirik. Bu, çox ağrılıdır. Bütün dünyada qadınlara qarşı zorakılıqla mübarizə aparılmalıdır”.

Nazir Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi nəticəsində mədəni abidələrin məhv edildiyini, lakin Azərbaycanın multikultural cəmiyyətə sadiqliyini sübut edə bildiyini qeyd edib:

"Azərbaycan da ərazi baxımdan zorakılığa məruz qalıb. Tarixi torpaqlarımız işğal altındadır. Lakin biz tolerantlıq dəyərlərini qoruyuruq və irəli aparırıq. Qapımızı dünyaya açarıq. Dünyanın daha yaxşı olmasını istəyirik. Ümid edirik ki, bizim üzləşdiyimiz çətinliklərlə gələcək dünya üzləşməyəcək”.

azvision.az