Bu gün Azərbaycan
Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin sədri Əli Həsənov Avropa İttifaqının (Aİ) Cənubi
Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi
nümayəndə heyəti ilə görüşüb.
Komitədən
Adalet.az-a verilən məlumata görə, görüşdə Azərbaycanla Aİ arasında
əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan Baş nazirin müavini
ölkəmizin bütün dünyaya açıq olduğunu, qoşulduğu konvensiyalara,
götürdüyü öhdəliklərə sadiq qaldığını, zəngin enerji resursları ilə
Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını diqqətə
çatdırıb.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ikili standartların
olmasının, bu prosesdə ATƏT və digər beynəlxalq təşkilatların işğalçı
ölkəyə təzyiq etməməsinin təəssüf doğurduğunu vurğulayan Ə.Həsənov bu
baxımdan beynəlxalq təşkilatların fəallığını daha da artırmasının
vacibliyini bildirib: "Minsk qrupu üç ildən bir təklif irəli sürür.
İndiyədək ona qədər təklif verib. Lakin bunların heç birinin səmərəsi
olmayıb. Yeni komanda gəlir və yeni təklif verir. Son vaxtlar xalqlar
arasında qarşılıqlı etimadın yaranması məsələsini ortaya atırlar. Onlar
bilməlidirlər ki, əsl etimad Ermənistan rəhbərliyi ilə erməni xalqı,
eləcə də beynəlxalq ictimaiyyət arasında yaradılmalıdır. Əgər ATƏT-in
Minsk qrupu etimad yaratmaq istəyirsə, niyə regiona səfər edəndə məcburi
köçkünlərlə görüşmək istəmir?”
Baş
nazirin müavini Rusiya və Fransa prezidentlərinin qondarma "erməni
soyqırımı”nın 100 illiyi ilə bağlı Yerevanda keçirilən tədbirlərdə
iştiraklarından təəssüfləndiyini bildirərək bu addımın ATƏT-in Minsk
qrupunun həmsədrləri olan həmin ölkələrin münaqişənin həlli prosesində
ədalətli mövqe nümayiş etdirməsini şübhə altına qoyduğunu deyib.
Ə.Həsənov
ermənilərin beynəlxalq hüquq qaydalarını pozaraq Kəlbəcərdə girov
götürdükləri Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi ilə bağlı
beynəlxalq ictimaiyyətin fəaliyyətsizliyini də sərt tənqid edib.
Baş
nazirin müavini əlavə edib ki, beynəlxalq təşkilatlar da onların
əsassız olaraq saxlandıqlarını bildirsə də, girovların azad edilməsi
üçün Ermənistana ciddi təzyiq göstərmirlər: "Girov götürülənlərdən biri,
digərinin isə həyat yoldaşı Rusiya vətəndaşıdır. Lakin Rusiyanın öz
vətəndaşının girovluqdan azad edilməsi üçün heç bir addım atmaması
təəssüf doğurur”.
Ermənistanın
Azərbaycanın işğal olunmuş ərazilərindən narkotiklərin daşınması üçün
istifadə etdiyini deyən Ə.Həsənov ölkəmizin bununla bağlı müvafiq
beynəlxalq qurumlara, xüsusən BMT-nin Vyana ofisinə müraciət etdiyini
bildirib: "Lakin Ermənistan digər beynəlxalq qurumlar kimi, BMT-nin
Vyana ofisinin bununla bağlı qəbul etdiyi qərarlara da məhəl qoymayaraq,
bu çirkin əməllərini davam etdirir”.
Qaçqınların
və məcburi köçkünlərin sosial vəziyyətlərinin yaxşılaşdırılmasının
Azərbaycan dövlətinin diqqət mərkəzində saxlandığını bildirən Ə.Həsənov
ölkəmizin bu istiqamətdəki təcrübəsindən Avropada və digər ölkələrdə
geniş istifadə olunduğunu söyləyib. Baş nazirin müavini Azərbaycanın
məhz bu uğurlu təcrübəyə görə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı
İcraiyyə Komitəsinin üzvü seçildiyini diqqətə çatdırıb.
Son
illərdə Azərbaycanda miqrasiya proseslərinin sürətləndiyini diqqətə
çatdıran Ə.Həsənov deyib ki, müstəqilliyin bərpasından sonrakı ilk
illərdə azərbaycanlılar xarici ölkələrə üz tuturdular: "Lakin
müstəqilliyini möhkəmləndirdikdən və sürətli inkişaf yoluna qədəm
qoyduqdan sonra Azərbaycan miqrantların təyinat ölkəsinə çevrilib. Bu
sahə Azərbaycanda yeni olduğu üçün ölkəmiz bu istiqamətdə mühüm
konvensiyalara qoşularaq dünyanın ən qabaqcıl təcrübəsindən istifadə
edir”.
Ətraflı
məlumata görə minnətdarlığını bildirən H.Salber Avropa İttifaqının
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı
mövqeyinin dəyişməz qaldığını vurğulayıb. O deyib ki, Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı status-kvo qəbuledilməzdir və bu problem tezliklə
həll olunmalıdır.
Erməni
girovluğunda saxlanılan azərbaycanlıların azad edilməsinin vacibliyini
vurğulayan qonaq məcburi köçkünlərin məskunlaşdıqları tələbə
yataqxanasında onların yaşayış şəraiti ilə tanış olduğunu söyləyib. O,
eyni zamanda, qaçqınlar və məcburi köçkünlər üçün yeni salınan
qəsəbələrdə hər cür şəraitin yaradıldığını vurğulayaraq Azərbaycan
dövlətinin bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirib.