"İşğalçı Ermənistan danışıqlar prosesini pozmaq üçün vaxtaşırı silahlı təxribatlara əl atır"

"Ermənistan 20 ildən artıqdır ki, Azərbaycana qarşı işğalçılıq siyasəti aparır. Bu siyasət nəticəsində Azərbaycan ərazisinin 20 faizi - Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon Ermənistan tərəfindən işğal edilib, həmin ərazilərdə etnik təmizləmə siyasəti aparılıb və bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb".

Bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 14-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) XIII Sammitinin birinci sessiyasında çıxışında deyib.

Dövlət başçısı bildirib ki, Ermənistan Xocalı soyqırımını törədib: "Beynəlxalq birlik və təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin beynəlxalq hüquq normalarına uyğun, ədalətli həllinin tərəfdarıdır. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi vardır. Bu qətnamələrdə erməni silahı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilir. Eyni zamanda, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası Parlament Assambleyası və digər təşkilatlar da oxşar qərar və qətnamələr qəbul etmişlər.

Mən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həlini dəstəkləyən ədalətli qətnamələrə görə İƏT-ə səmimi minnətdarlığımı bir daha ifadə edirəm. Lakin işğalçı Ermənistan bu qərarlara məhəl qoymur və danışıqlar prosesini pozmaq üçün vaxtaşırı silahlı təxribatlara əl atır. Onlardan biri də aprelin əvvəllərində törədilib. Silahlı hücum nəticəsində Azərbaycan hərbçiləri və mülki şəxslər həlak olublar".

Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan Ordusu Ermənistanın təxribatının qarşısını aldı: "Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar İƏT qərar qəbul edib ki, xarici işlər nazirləri səviyyəsində kontakt qrupu yaradılsın. Bu qərara görə təşəkkür edirəm".