"Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində yaradılmış qondarma rejimin "seçki” adı altında hər hansı hərəkəti siyasi şoudur, özünü xatırlatmadan başqa bir şey deyil və buna görə də heç kim tərəfindən ciddi qəbul edilmir. Mayın 3-nə elan edilən sözdə "parlament seçkiləri" isə Azərbaycan Respublikası Konstitusiyasının, qanunlarının və beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır”. Bu sözləri Milli Məclisin üzvü, ATƏT PA-nın Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini Azay Quliyev Trend-in suallarını cavablandırarkən bildirib.
A.Quliyev hesab edir ki, indiki şəraitdə, regiondakı belə gərgin dönəmdə Ermənistanın bu cür spekulyasiyası daha çox ATƏT-in Minsk qrupunun həmsədrlərinin sülh sazişi üzərində işə başlamaq üçün çağırışlarını qulaqardına vurmaq, danışıqlar prosesinə xələl gətirmək və status-kvonu uzatmağa hesablanıb.
Millət vəkilinin sözlərinə görə, bu seçki oyunu beynəlxalq ictimaiyyət tərəfindən tanınmır, pislənilir, qanunsuz hesab edilir.
"Azərbaycan Respublikasının Konstitusiyasına görə, heç bir sosial qrup, təşkilat və şəxs hakimiyyətin həyata keçirilməsi səlahiyyətini mənimsəyə bilməz. Seçkilər və referendumlar Azərbaycan Respublikasının Konstitusiyasına və Seçki Məcəlləsinə əsasən keçirilməlidir”, - deyən millət vəkili bildirib ki, işğal altında olan ərazilərdə seçkilər və referendumlar yalnız həmin torpaqlar işğaldan tam azad edildikdən, Azərbaycanın ərazi bütövlüyü bərpa olunduqdan və həmin ərazilərdə yaşamış insanlar öz daimi yaşayış yerlərinə qayıtdıqdan sonra Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına səsasən keçirilə bilər.
A.Quliyev onu da əlavə edib ki, bu "seçkilər”də "müşahidəçi” qismində iştirak etmək istəyən xarici ölkə vətəndaşlarına qarşı Azərbaycan Respublikası qanunlarına uyğun olaraq sərt inzibati tədbirlərin, xüsusilə də onlara qarşı cinayət işinin açılacağı haqqında aidiyyəti qurumların verdiyi bəyanatı alqışlayır. Onun fikrincə, "müşahidəçi”lər, Dağlıq Qarabağa qanunsuz səfər edənlər əslində işğalı, təcavüzü və Azərbaycan xalqına qarşı törədilmiş qanlı etnik təmizləmənin nəticələrini təşviq edirlər: "Belə fəaliyyət isə təbii ki, qanunsuzdur və kifayət qədər hüquqi məsuliyyət yaradır".