"Təxribat xarakterli əməllərin heç bir nəticəsi olmayacaq”

"I Avropa Oyunları ərəfəsində ölkədə siyasi sabitliyi pozmağa çalışan dairələr öz məqsədlərinə nail ola bilməyəcəklər”


Birinci Avropa Oyunlarının vaxtı yaxınlaşdıqca ölkəmizə qarşı müəyyən xarici dairələr tərəfindən əsassız ittihamlar irəli sürülür, Azərbaycan qeyri-obyektiv olaraq nələrdəsə ittiham edilir. Təəssüf doğuran məqamlardan biri ondan ibarətdir ki, Azəbaycanın uğurunu istəməyən həmin xarici qüvvələrə daxildə fəaliyyət göstərən bəzi siyasi təşkilatlar da dəstək nümayiş etdirir. Hər iki qüvvənin başlıca məqsədi isə I Avropa Oyunlarının Bakıda keçirilməsinə əngəl yaratmaqdır. "Azərişıq” ASC-nin YAP GB - nin sədri Nicat Müslümov da deyir ki, Birinci Avropa Oyunları yaxınlaşdıqca həm xarici, həm də daxili qüvvələrin Azərbaycana qarşı təxribat xarakterli əməllərinin baş verməsi özünü daha qabarıq şəkildə göstərir. "Azərişıq” ASC-nin YAP GB -nin sədri Nicat Müslümovun sözlərinə görə, əslində bu kimi təxribat xarakterli hərəkətlərin baş verməsi gözlənilən idi: "Çünki Azərbaycan bundan əvvəl də bir çox böyük beynəlxalq tədbirlərə evsahibliyi edib. Eləcə də, Azərbaycanda 2012-ci ildə Evrovision müsiqi yarışması keçirildi. İstər bu və ya digər tədbirlər, istərsə də Evrovision müsiqi yarışması ərəfəsində də Azərbaycana qarşı bu kimi təxribat xarakterli hərəkətlərə yol verildi. İndi də eyni proses təkrar olunur. Bütün bunlar onu deməyə əsas verir ki, hər zaman Azərbaycanı, onun uğurunu, inkişafını istəməyən qara qüvvələr mövcud olub və bu gün də həmin qüvvələr var. Bu istiqamətdə xüsusilə erməni lobbisinin fəaliyyətini qeyd etmək yerinə düşər. Erməni lobbisi hər zaman çalışıb ki, Azərbaycanın beynəlxalq aləmdəki nüfuzuna xələl gətirsin. Eyni zamanda erməni lobbisinə dəstək verən müəyyən xarici dairələr də bu prosesdə yaxından iştirak ediblər. Müəyyən beynəlxalq qeyri-hökumət təşkilatları da var ki, Azərbaycana qarşı hər zaman öz ədalətsiz, qərəzli mövqeləri ilə gündəmə gəliblər. Bu gün həmin qüvvələr ölkəmizə qarşı fəaliyyətdədirlər”. Nicat Müslümov bildirib ki, istər I Avropa Oyunları ərəfəsində ölkədə siyasi sabitliyi pozmağa çalışan Milli Şura adlanan qurum, istərsə də bu oyunları gözdən salmağa çalışan müəyyən xarici dairələr öz məqsədlərinə nail ola bilməyəcəklər: "Çünki Azərbaycan bununla bağlı öz iradəsini, mövqeyini ortaya qoyub. I Avropa Oyunlarına hazırlıqla bağlı ölkədə bütün təşkilati proseslər yüksək səviyyədə həyata keçirilib. Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə görülən işlər, eləcə də cənab Prezident İlham Əliyevin bir neçə gün əvvəl Azərbaycanın I Avropa Oyunlarına evsahibliyi etməyə hazır olduğu barədə verdiyi bəyanat onu deməyə əsas verir ki, bu yarışlar çox yüksək səviyyədə baş tutacaq. Hər hansı təxribat cəhdlərinin də heç bir səmərəsi olmayacaq. Çünki Azərbaycanın bununla bağlı artıq təcrübəsi var və Azərbaycan idmanın bütün kateqoriyaları üzrə dünyada tanınır. Eyni zamanda ölkəmizdə böyük idman kompleksləri mövcuddur. Bir müddət əvvəl Beynəlxalq Olimpiya Komitəsi, eləcə də digər beynəlxalq idman federasiyalarının rəhbərliyi Azərbaycana səfər edərək I Avropa Oyunlarına hazırlıq prosesini yüksək qiymətləndiriblər. Onlar birbaşa şahidi olublar ki, belə bir mötəbər tədbirin Azərbaycanda keçirilməsi üçün heç bir problem yoxdur”.

Mərkəz rəhbəri hesab edir ki, Türkiyədə diplomatik nümayəndəliyimizin qarşısında guya Azərbaycanda itlərə işgəncə verilməsinə etiraz olaraq keçirilən aksiya da qardaş ölkədə fəaliyyət göstərən erməni diasporunun Azərbaycan qarşı təxribatının tərkib hissəsidir: "Heç şübhəsiz ki, Azərbaycanın düşmənləri belə bir addım atır. Onların təhriki ilə hansısa qara qüvvələr, erməni lobbisi ilə əməkdaşlıq edən insanlar belə tədbirlərin təşkilində iştirak edirlər. Ancaq tam əminliklə deyə bilərəm ki, Azərbaycana qarşı həyata keçirilən təxribat xarakterli əməllərin heç bir nəticəsi olmayacaq və I Avropa Oyunları yüksək səviyyədə keçiriləcək. Çünki Azərbaycanın bu sahədə çox gözəl bir təcrübəsi var. Nəinki idman, eləcə də siyasi, iqtisadi, mədəni sahədə keçirilən beynəlxalq tədbirlərə Azərbaycan dəfələrlə evsahibliyi edib. Hətta beynəlxalq təşkilatların konfrans və sessiyaları belə Azərbaycanda keçirilib. Məhz bütün bu sadaladığım amillər Azərbaycanı istəməyən qüvvələri ciddi narahat edir. Çünki bu kimi tədbirlər vasitəsilə Azərbaycanın dünyada nüfuzu artır və ölkəmiz dünyada daha çox tanınır”. Nicat Müslümov I Avropa Oyunlarına qədər Azərbaycana qarşı olan təxribatların bir qədər də intensivləşəcəyini istisna etmir: "Ancaq Azərbaycan dövləti öz təmkini, yüksək təşkilatçılığı bu tədbiri yüksək səviyyədə keçirəcək. Çünki qeyd etdiyim kimi Azərbaycanın belə bir təcrübəsi var. Ümid edirəm ki, hər kəs, istər ölkə vətəndaşları, istərəsə də Azərbaycana təşrif buyuracaq idmançılar, xarici turistlər yüksək səviyyəli idman bayramından, I Avropa Oyunlarından razı qalacaqlar”.