"Ümidvaram ki, Tofiq Yaqublu əfv ediləcək"

"Ümdvaram ki, Tofiq Yaqublu bir daha həbsxanaya dönməyəcək”.


Sabahinfo.az xəbər verir ki, bunu AzVision.az-a açıqlamasında millət vəkili Zahir Oruc deyib.


Müsavatın başqan müavini Tofiq Yaqublunun əfv olunması ilə bağlı müraciətlərə münasibət bildirən deputat qeyd edib ki, mənsubiyyətindən və partiyalılığından asılı olmayaraq həyatı ilə bağı çətin dönəmlər yaşayan, xüsusilə də ailə üzvlərinin itkisi hadisəsi ilə üz-üzə qalan insanlarla bağlı belə qərarlar verilib.


Z.Oruc hesab edir ki, Tofiq Yaqublunun övladını itirməsi ilə bağlı 1 həftəlik azadlığa çıxması, onun həm də yekun olaraq əfvi ilə nəticələnəcək: "Nəzərə almaq lazımdır ki, sözügedən şəxs hər-halda anti-milli cinayətlərdə suçlandırılmır. O müvafiq məcəllənin normasına görə, qatı və ağır cinayətlər xarakterində deyil. Tofiq Yaqublu kifayət qədər həbsdə olub. İnsanlar, ayrı-ayrı ictimai qurumlar mövqeyindən, yönümündən asılı olmayaraq, dövlət rəhbərliyinə müraciət ediblər. Düşünürəm ki, hər zaman cəmiyyətdən gələn çağırışları dəyərləndirən, onlara müsbət mövqedən çıxış edən Azərbaycan dövləti bu dəfə də belə edəcək”.


Milli Məclisin üzvü qeyd edib ki, ayrı-ayrı insanların şəxsi həyat acısı təkcə itkiləri ilə bağlı deyil, eyni zamanda özlərinin bəzən səhhəti, konkret müalicəsi və digər dövrlərdə də özünü göstərib.


"Həm də bu digər qüvvələrə, müxtəlif faciələri, hadisələri, anti-dövlət təbliğatına və ideologiyasına çevirənlərə də fərqli bir davranış nümunəsi kimi təzahür edərdi. Ona görə də parlamentdə tribunadan bunu səsləndirdim. Lakin bütün hallarda ən son qərar, əfv etmək səlahiyyəti ölkə rəhbərinə məxsusdur. Ümidvaram ki, Tofiq Yaqublu əfv ediləcək və bir daha həbsxanaya dönməyəcək”.