"Xaricdən gələn məhsulların kodu dəyişdirilməməlidir"

"Elə məhsullar var ki, onu istehsal etmirik, kənardan gətiririk. Hesab edirəm ki, xaricdən gələn məhsulların kodunun dəyişdirilməsinə imkan verməmək üçün ciddi nəzarət olmalıdır”. Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasındakı çıxışı zamanı Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.

S.Novruzov təəssüflə qeyd edib ki, bu gün Azərbaycana geni dəyişdirilmiş məhsullar gətirilir və onların satışı həyata keçirilir: "Kimsə geni dəyişdirilmiş məhsulların istehsalında istifadə olunan toxumu Azərbaycan gətirib əkirsə və ölkəyə bu məhsulları yayırsa, buna qarşı hansı mübarizədən söhbət gedə bilər? Hesab edirəm ki, ölkəyə gətirilən məhsulların üzərində ciddi nəzarət olmalıdır ki, kənardan gələn məhsulların kodu dəyişdirilməsin”.

Millət vəkili hesab edir ki, geni dəyişdirilmiş məhsulların insanlarda yaratdığı aqressiyadan daha çox, ölkə KİV-lərində yayılan kriminal xarakterli informasiyalar aqressiyanın artmasında xüsusi rol oynayır: "Bu gün Azərbaycan televiziyalarında, informasiya agentliklərində, xəbər portallarında kriminal xəbərlər əsas xəbər kimi verilir. Bu xəbərlərdə insanların bir-birini necə öldürə biləcəyinin yolları göstərilir. Bu informasiyaların nəticəsində şüur və iradə baxımından zəif olan insanlar bunun yollarını öyrənir və buna görə də insanlarda aqressiya halları artmaqdadır. Hesab edirəm ki, insanlar arasında aqressiyanın olmaması üçün geniş təbliğat işləri görülməlidir. Keçmişdə televiziyalarda kriminal xəbərlər əsas yeri tutmurdu və cəmiyyət belə xəbərləri qəbul etmirdi. İnsan nə qədər kriminal informasiya qəbul edirsə, bir o qədər aqressivləşir".

Onun sözlərinə görə, insanlar arasında aqressivliyin artmasında dini cərəyanların qızışdırma amilləri də var: "Ancaq Azərbaycan tarixən tolerant ölkə olub və bundan sonra da olacaq. Azərbaycanda milli ayrı-seçkilik heç vaxt olmayıb və həmişə bir qardaş kimi yaşamışıq. Odur ki, Ələkram Hümbətov kimi şəxslərin nə deməsindən asılı olmayaraq, bu birliyimizi davam etdirməliyik”.