Ankaranın yeni planı - Ərdoğan Putinlə barışır

Türkiyənin yeni baş naziri Binəli Yıldırım ölkə parlamenti qarşısında hökümətin xarici siyəsət proqramını açıqlayıb. Onun Rusiya ilə bağlı mövqeyi diqqət çəkib. Yıldırım ölkəsinin Rusiya ilə barışmaq niyyətində olduğunu bəyan edib.

Yeni baş nazir qeyd edib ki, rəsmi Ankara Rusiya ilə əlaqələrin dialoq vasitəsi ilə normallaşmasına töhfə verəcək.

Yıldırımın çıxışında belə başa düşmək olar ki, artıq rəsmi Ankara region ölkələri ilə münasibətlərə daha həssas yanaşacaq, bu istiqamətdə Davudoğlunun rəhbərliyi dövründə buraxılan səhvlər bir daha təkrarlanmayacaq. Rusiyaya ünvanlanan barışıq mesajı Ankara-Moskva münasibətlərində yeni dövrün başlayacağından xəbər verir.

Siyasi ekspertlər hesab edir ki, Türkiyə-Rusiya münasibətlərinin yenidən normallaşması mümkündür. Yəni, bunu hər iki ölkənin geosiyasi maraqları tələb edir.



Politoloq Fikrət Sadıqovhesab edir ki, Yıldırımın baş nazir postuna gətirilməsi Türkiyə-Rusiya münasibətlərinin bərpasına təkan verə bilər: "Türkiyədə belə məsələləri prezident Rəcəb Tayyıb Ərdoğan həll edir. Ona görə də istisna etmirəm ki, yeni baş nazir bu ifadəni dövlət başçısı ilə razılaşdırdıqdan sonra səsləndirb. Hazırda vəziyyət belədir ki, iki ölkə arasında münasibətlərin gərginləşməsi nə Türkiyəyə, nə də Rusiyaya fayda verir.Rusiya Qərbin sanksiyaları məngənəsində sıxılır, Türkiyənin isə Avropa İttifaqı ilə münasibətlərinin kifayət qədər gərginləşməsi müşahidə olunur. Yaranmış geosiyasi vəziyyətdə münasibətlərin bərpası hər iki tərəfə fayda gətirə bilər. Hesab edirəm ki, Binəli Yıldırım yeni səlahiyyətləri ilə iki ölkə arasındakı münasibətləri ölü nöqtədən tərpədərək, ona dinamik bir inkişaf verəcək”.



Bununla belə F.Sadıqovun fikrincə, yaxın zamanda Türkiyə-Rusiya münasibətlərinin bərpası inandırıcı görünmür: "Münasibətlərin qısa zamanda bərpa olunacağı real görünmür. Ortada ciddi məsələlər var. Tərəflər ilk növbədə Suriya məsələsində razılığa gəlməlidirlər. Bundan əlavə qeyd edə bilərəm ki, bir sıra geosiyasi proseslərə iki ölkənin münasibəti müxtəlifdir. Porodoksal olsa da, bu ölkələri birləşdirən məqam Avropa İttifaqına qarşı mənfi münasibətdir. Həm Ərdoğan, həm də Putin tərəfindən Avropa İttifaqına qarşı çox sərt ifadələr işlədilir. Bu mövqe onları hansısa bir məqamda birləşdirə bilər. Yeni baş nazirin dönəmində qayıdış prosesinə başlanğıc baş verə bilər”.



Politoloq Zərdüşt Əlizadəninfikrincə, həm Türkiyə, həm də Rusiyanın geosiyasi, iqtisadi maraqları tələb edir ki, onlar arasında münasibətlər yaxşı olsun:

""Su-24” qalmaqalına qədər iki ölkə arasında münasibətlər çox yaxşı idi və artan xətlə inkişaf edirdi. Son olaylar Türkiyəyə, Rusiyaya da ciddi ziyan vurdu. Bu davada heç bir tərəf udmadı.

Hesab edirəm ki, bir müddət sonra iki ölkə arasında münasibətlər normallaşacaq. Çünki, ölkələrin köklü maraqları dəyişmir və dövlətlərin bir-birindən faydalanması qaçılmaz amildir. Əminəm ki, Rusiya-Türkiyə münasibətləri normallaşcaq”.
azvision.az