Azərbaycanda davamlı inkişafı təmin edən və iqtisadiyyatın diversifikasiyasını sürətləndirən amillərdən biri əlbəttə ki, ölkədə yaradılmış əlverişli biznes və investisiya mühitidir.
Bunu Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı çərçivəsində keçirilən "Azərbaycan 2020: İnnovativ və şaxələndirilmiş iqtisadiyyata doğru” konfransında iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev deyib.
Nazirin sözlərinə görə, bu gün Azərbaycanda investorların hüquqları etibarlı şəkildə qorunur, inzibati prosedurlar sadələşdirilir və şəffaf mexanizmlər tətbiq edilir. Bununla yanaşı, dövlət idarəetmə sistemində, məhkəmə və hüquq, korrupsiyaya qarşı mübarizə sahələrində ciddi institusional islahatlar aparılır.
"Ümumilikdə, görülən işlər nəticəsində hazırkı vaxtadək iqtisadiyyata 200 milyard dollar investisiya qoyulmuşdur ki, bunun yarısı xarici investisiyalardır. Təkcə 2014-cü ildə investisiya qoyuluşunun həcmi 27,7 milyard dollar olmuşdur ki, onun da 11,5 milyard dolları xarici investisiyalardır. Eyni zamanda biznes mühitinin yaxşılaşdırılması, dövlət dəstəyi tədbirləri sahibkarlığın inkişafına təkan vermiş, geniş sahibkar təbəqəsi formalaşmış, ÜDM-də özəl sektorun payı 82%-ə çatmışdır. Növbəti amil şübhəsiz ki, Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyası, xarici tərəfdaşlarla birgə transmilli layihələrin həyata keçirilməsi ilə şərtlənir. Beynəlxalq aləmdə etibarlı tərəfdaş olan və müqavilələrdən irəli gələn öhdəliklərini tam şəkildə və vaxtında yerinə yetirən Azərbaycanın təşəbbüskarı olduğu transmilli enerji layihələri bu gün artıq Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır”, - deyə Ş. Mustafayev qeyd edib.
Azərbaycanın xarici ticarət əlaqələrinə gəldikdə nazir bildirib ki, son 10 ildə ticarət coğrafiyası genişlənib və 150-ə yaxın ölkə ilə ticarət əlaqələri qurulub, ticarətin əmtəə strukturu təkmilləşib, ixrac potensialı əhəmiyyətli dərəcədə güclənib. "Bu müddət ərzində xarici ticarət dövriyyəsi 4,3 dəfə, ixrac 6 dəfə, o cümlədən qeyri-neft ixracı 2,6 dəfə artmışdır”, - deyə nazir qeyd edib.
Onun sözlərinə görə, ölkəmizin davamlı iqtisadi inkişafını təmin edən ən mühüm amillərdən biri bizim yüksək ixtisaslı mütəxəssislərimiz, xüsusilə gənclərimizdir.