Azərbaycanlı futbolçunu qətlə yetirən erməni həbs edildi - Yenilənib

Azərbaycanlı sabiq futbolçu Emil Hüseynov Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilib.

Sabahinfo.az-ın "Report"a istinadən məlumatına görə, E.Hüseynov Rusiyanın Yekaterinburq şəhərində ermənilərlə dava zamanı bıçaqlanıb.

Hadisə dünən baş verib. Mərhumun cənazəsi Gəncə şəhərində torpağa tapşırılacaq.

Qeyd edək ki, Emil Hüseynov futbolçu karyerası ərzində "Neftçi" və artıq fəaliyyətini dayandırmış "Karvan" və "Abşeron" komandalarının formasını geyinib. O, dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edib. Abşeron"un da 2011-ci ildə dağılmasından sonra E.Hüseynov futbolla vidalaşaraq, Rusiyaya işləməyə yollanıb və bazarda alverlə məşğul olub. O, 28 yaşında ikən dünyasını dəyişib.


***


Rusiya İstintaq Komitəsi Emil Hüseynovun qətli ilə bağlı məlumat yayıb

Rusiya İstintaq Komitəsi Yekaterinburqda azərbaycanlı, 27 yaşlı Emil Hüseynovun qətli ilə bağlı məlumat yayıb.

APA-nın Rusiya bürosunun xəbərinə görə, məlumatda bildirilir ki, qətl hadisəsi aprelin 19-da səhər saatlarında Yekaterinburqun Çkalovski rayonunun Alpinistov küçəsində yerləşə kafedə qeydə alınıb. Rayonun hüquq-mühafizə orqanlarına kafedə insident baş verdiyi və nəticədə Emil Hüseynov adlı azərbaycanlının bıçaqlanaraq qətlə yetirildiyi barədə məlumat daxil olub.

Aparılan araşdırmalara zamanı məlum olub ki, insident zamanı daha bir nəfər yaralanıb. Adı açıqlanmayan həmin şəxs mübahisə edənlərin yanında olub.

Hadisənin məişət zəminində baş verdiyi müəyyənləşib.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105.1-ci (qəsdən adamöldürmə ) maddəsi ilə cinayət işi başlanıb. Keçirilən əməliyyatla 1992-ci il təvəllüdlü bir nəfər şübhəli şəxs qismində saxlanılıb. Adı açıqlanmayan həmin şəxsin əvvəllər də məhkumluq həyatı yaşadığı məlum olub.

Ümumrusiya Azərbaycan Konqresinin Sverdlovsk Vilayəti üzrə regional bölməsinin sədri Şahin Şıxlinski APA-ya qətldə şübhəli bilinən şəxsin milliyətcə erməni Tiqran Çiçakyan olduğunu bildirib: "Şahidlər hadisə baş verən zaman Tiqranın qardaşı Andranikin də orda olduğunu söyləyiblər. Hüquq-mühafizə orqanları ilkin olaraq qətldə iştirak edən 5 nəfəri saxlamışdı. Bir nəfər barəsində isə axtarış vermişdi. Son olaraq, Tiqran Çiçakyan adlı şəxs barəsində cinayət işi başlanıb. Saxlanılan digər şəxslər isə sərbəst buraxılıb".